Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb...
11:42 21.09.2026
0
0
0
NAXÇIVAN :
21 Sentyabr 2026, Bazar ertəsi
Azərbaycanın həyata keçirdiyi xarici siyasətin mühüm istiqamətlərindən biri regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təşviqidir. Bu siyasətin əsas xüsusiyyəti ondan ibarətdir ki, respublikamız sülhü yalnız müharibə və qarşıdurmaların olmaması kimi deyil, həm də qarşılıqlı etimadın, iqtisadi əməkdaşlığın, nəqliyyat əlaqələrinin, humanitar təhlükəsizliyin və xalqlar arasında dialoqun formalaşdırılması kimi dəyərləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət nəticəsində Azərbaycanın sülh gündəliyi artıq regional çərçivədən çıxaraq beynəlxalq müstəvidə də diqqət çəkən siyasi istiqamətlərdən birinə çevrilib. Bu baxımdan, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş xüsusi əhəmiyyət daşıyır. Görüşdə Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişinin razılaşdırılmış mətni, imzalanan Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması və regional əməkdaşlığın inkişafı baxımından mühüm mərhələ oldu.
Azərbaycanın sülh gündəliyində mühüm yer tutan digər məsələ isə regionda kommunikasiyaların açılmasıdır. Çünki dayanıqlı sülh yalnız siyasi sənədlərin imzalanması ilə təmin olunmur. Dövlətlər arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi, insanların və malların hərəkətinin asanlaşdırılması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi sülhün sosial-iqtisadi dayaqlarını möhkəmləndirir.
Azərbaycanın yanaşmasında sülh anlayışının digər mühüm komponenti müharibənin humanitar nəticələrinin aradan qaldırılmasıdır. Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükənin aradan qaldırılması, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, münaqişədən zərər çəkmiş insanların hüquqlarının qorunması, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtması sülh prosesinin ayrılmaz hissəsidir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də bu yanaşmanın praktiki ifadəsidir.
Azərbaycanın sülh siyasətinin regional çərçivədən kənara çıxmasının göstəricilərindən biri də bu il yanvarın 22-də Prezident İlham Əliyevin Davosda Sülh Şurasının Nizamnaməsini imzalaması oldu. Prezidentin digər dövlət və hökumət başçıları ilə birlikdə Nizamnaməni imzalaması Azərbaycanın qlobal sülh təşəbbüslərində iştirakının yeni müstəvisini nümayiş etdirdi.
Azərbaycanın sülh gündəliyinə beynəlxalq səviyyədə verilən qiymətin mühüm göstəricilərindən biri Prezident İlham Əliyevin 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsidir. İnsan qardaşlığı, həmrəylik, dialoq və dərin bölünmələrin aradan qaldırılması kimi ali dəyərləri əsas götürən bu mükafat Azərbaycanın sülh və əməkdaşlığa əsaslanan siyasətinin beynəlxalq miqyasda diqqət çəkdiyini göstərir.
Sülhün möhkəmlənməsi regionda iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və qarşılıqlı etimadın güclənməsi üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi də Azərbaycan- Ermənistan münasibətlərində formalaşan yeni reallığa və ölkəmizin sülh təşəbbüslərinə beynəlxalq diqqətin göstəricisidir. Bu baxımdan, Azərbaycanın sülh gündəliyi yalnız münaqişənin başa çatdırılmasına deyil, regionda davamlı sabitliyin, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın formalaşdırılmasına hesablanmış geniş siyasi strategiya kimi çıxış edir. Sülh siyasi sənədlərlə məhdudlaşmır, iqtisadi, nəqliyyat, humanitar və sosial əlaqələrin inkişafı ilə möhkəmləndirilir.
2025-ci ilin Vaşinqton görüşündən sonra formalaşan yeni mərhələ Azərbaycanın uzun müddətdir, irəli sürdüyü “sülh yolu ilə inkişaf” yanaşmasının praktik nəticələrini də göstərir. Münaqişənin yaratdığı təhlükəsizlik problemlərinin aradan qaldırılması ilə yanaşı, regionun nəqliyyat və iqtisadi xəritəsinin yenidən formalaşdırılması, ölkələr arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının artırılması qarşıdakı dövrün əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin məntiqi də məhz bundan ibarətdir: müharibədən sonrakı mərhələdə sülhü qorumaq, sülhü möhkəmləndirmək və onu xalqların rifahına xidmət edən real əməkdaşlıq modelinə çevirmək. Bu mənada, Azərbaycanın regional və qlobal sülh təşəbbüslərində fəal iştirakı ölkənin xarici siyasətində yeni mərhələnin göstəricisidir.
Nail ƏSGƏROV
Digər xəbərlər