NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Naxçıvanda təhsil alan tələbələr arasında hərbi-idman oyunu keçirilib

...

Oktyabrın 25-i muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi-idman oyunu keçirilib. "Şərq qapısı"na Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oyun mərhələli şəkildə Naxçıvan Təlim Mərkəzi və “N” hərbi hissənin idman şəhərciyində təşkil edilib.

Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordu tərəfindən birgə təşkil olunan yarışda 5 komanda iştirak edib. Komandalar 50 metr məsafəyə qum kisələri ilə qaçış, avtomatın natamam sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açma, maneələrin dəf olunması, sanitarların yarışı mərhələlərində müvafiq tapşırıqları yerinə yetiriblər. 

Nəticələrə əsasən Naxçıvan Dövlət Texniki Kollecinin komandası oyunun qalibi olub. Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Tibb Kollecinin komandaları yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar. Adıçəkilən komandaların üzvləri nazirlik tərəfindən tərəfindən kubok, medal, diplom və fəxri fərmanlarla təltif olunublar.

Layihənin məqsədi gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin aşılanması, həmçinin yeniyetmə və gənclərin ordu sıralarına hazırlanmasından ibarətdir.

Nəşr edilib : 25.10.2024 18:52