NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Naxçıvanda sərgi-satış yarmarkası keçirilir

...

Bu gün Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasının açılış tədbiri olub. Sərgi-satış yarmarkasının keçirilməsində məqsəd xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliğ edilməsi, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsi və istedadlarının üzə çıxarılmasıdır.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva bildirib ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır.  Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət  qadın siyasəti bu gün də uğurla davam edir. Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur. Dövlət proqramları çərçivəsində görüləcək işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaradacaqdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasın "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi muxtar respublikada iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi üçün daha güclü zəmin yaradacaqdır.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri şöbəsinin baş məsləhətçisi Musa Məmmədov əhalinin sosial rifahının yüksəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması və cəmiyyətdə sosial bərabərliyin təmin edilməsi məqsədilə həyata keçirilən dövlət siyasətindən danışıb. Musa Məmmədov sərgi-satış yarmarkasının məhdud fiziki imkanlı şəxslərin, istedadlı qadınların əl işlərini və yaradıcılıqlarını geniş ictimaiyyətə tanıtmaq, onların cəmiyyətin ayrılmaz bir hissəsi olduğunu bir daha nümayiş etdirmək üçün gözəl bir fürsət olduğunu deyib, bu tədbirin, həm yaradıcılığı, həm də sosial inklüzivliyi dəstəkləyən bir platforma olduğunu diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin əməkdaşı Həsən Kərimov bildirib ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri də vətəndaşlara sosial qayğının, təminat və dəstəyin göstərilməsidir. Bütün bu tədbirlər qədim diyarımızda müxtəlif sənətkarlıq sahələrinin, milli-mənəvi dəyərlərimizin yaşadılmasına, gənc nəslin azərbaycançılıq ruhunda tərbiyə olunmasına göstərilən qayğının davamlı xarakter daşıdığını göstərir.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini,  nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə bildirib ki, həyata keçirilən uğurlu sоsial siyasət muxtar respublika sakinlərinin həyat səviyyəsinin yaxşılaşmasına, sоsial müdafiəyə ehtiyacı оlan vətəndaşlara, о cümlədən əlilliyi olan şəxslərə və ahıllara göstərilən dövlət qayğısının günbəgün artmasına səbəb оlub. Bildirilib ki, rəsm və əl işlərinin ictimai nümayişi üçün nəzərdə tutulan bugünkü layihənin həyata keçirilməsi istedadlı məhdud fiziki imkanlıların və ahılların cəmiyyətə inteqrasiyası üçün böyük perspektivlər açmaqla bərabər onların yaradıcılıq əzmini də artırır. Bu günkü  sərgidə iştirak edən müəlliflər sırasında sağlamlıq imkanları məhdud şəxslərlə yanaşı, ahıl vətəndaşlar, özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alır. Sərgidə 91 müəllifin 1912 adda əl işi nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün uğurla həyata keçirilən dövlət qadın siyasəti ictimai-siyasi həyatda qadınların  rolunu daha da artırıb. Muxtar respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün qadınlar müxtəlif dövlət orqanlarında çalışır, bölgənin ictimai həyatında fəallıq göstərir və onların əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. Dövlətimizin qadın siyasəti qadınların cəmiyyətdəki rolunu artırmaq, onların hüquqlarını qorumaq və gender bərabərliyini təmin etmək məqsədini güdür. Bu siyasət, qadınların iqtisadi, sosial, siyasi və mədəni həyatda fəal iştirakını təşviq edir. Ramilə Seyidova vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 4248 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”nda nəzərdə tutlan “Məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi və satış yarmarkasının keçirilməsi” bəndinə müvafiq olaraq bu günkü tədbir keçirilir. İl ərzində bu istiqamətdə 5-ci tədbirdir baş tutur. Artıq 15 ildir ki, keçirilən sərgi-satış yarmarkasında əvvəlki illərlə müqayisədə bu il iştirakçı qadınların sayı yüzlərləni, əl işlərinin sayı isə minlərləni ötüb. Oktyabrın 17-dək davam edəcək sərgidə ümumilikdə, 447 müəllifin 10929 adda əl işi təqdim edilir. Bu da ötən illə müqayisədə 16 müəllif, 142 əl işi çox deməkdir. Əl işləri arasında tullantılardan hazırlananları da diqqət çəkir. Tullantılardan hazırlanan əl işləri, həm də ekologiya ilə bağlı şüurun artırılması üçün gözəl bir vasitədir. Bu da qadınlarımızın COP-29 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlərə verdiyi töhfə ilə yanaşı ekosistemin qorunmasında fəal olduqlarını əyani şəkildə göstərir. Komitə sədri qadınlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva yaradıcı və istedadlı qadınlar üçün yaradılan şəraitdən danışan zaman bildirib ki, gender bərabərliyinin təmin edilməsi üçün qəbul olunan qanunvericilik aktları qadınların iş dünyasında və yaradıcı sahələrdə uğur qazanmalarına yönəlib. Ümumiyyətlə, yaradıcı qadınlar üçün şəraitin yaxşılaşdırılması qadınların iqtisadiyyatda, mədəniyyətdə və cəmiyyətdə daha fəal iştirakını təmin etmək məqsədi daşıyır. Bu istiqamətdə atılan addımlar qadınların daha da böyük uğurlar əldə etməsinə kömək edir.

İstedadlı qadın Xuraman Səfərova ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edərək bildirib ki, bu cür platformalar qadınlara öz işlərini başqaları ilə bölüşmək, təcrübə mübadiləsi aparmaq və kollektiv layihələrdə iştirak etmək imkanı verir. Bütün bunlar da yaradıcı qadınlara yeni imkanlar açır və onların peşəkar inkişafına kömək edir.

Sonra sərgi-satışa baxış olub.

Sərgi-satış oktyabrın 17-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 10.10.2024 17:35