Prezident İlham Əliyevin sosial şəbəkə hesablarınd...
00:05 27.09.2026
0
0
0
NAXÇIVAN :
27 Sentyabr 2026, Bazar
Bəzi tarixlər var ki, təqvimdə adi bir gün kimi qalmır, bütöv bir xalqın taleyinə, dövlətin tarixində yeni mərhələnin başlanğıcına çevrilir. 27 sentyabr 2020-ci il Azərbaycan üçün məhz belə bir tarixdir. Həmin gün başlayan Vətən müharibəsi 30 ilə yaxın davam edən işğalın yaratdığı ağrı-acı və ədalətsizliyə son qoymaq, respublikamızın ərazi bütövlüyünü bərpa etmək istiqamətində tarixi dönüşün başlanğıcı oldu. 44 gün davam edən müharibə yalnız döyüş meydanında qazanılan hərbi üstünlük deyildi. Bu, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü ordu quruculuğunun, siyasi iradənin, xalq-ordu birliyinin və Vətən sevgisinin tarixi nəticəsi idi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini və yaşayış məntəqələrini növbəti dəfə genişmiqyaslı atəşə tutması ilə vəziyyət yeni mərhələyə keçdi. Bu təxribata cavab olaraq Azərbaycan Ordusu “dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Elə həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və dövlət başçısı ordunun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bildirdi. Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. Dövlət başçısının xalqa müraciətində dediyi “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri hər bir azərbaycanlının ruhunu ehtizaza gətirən, xalqı Böyük Qələbəyə kökləyən əsas şüara çevrildi.
27 sentyabrda başlayan Vətən müharibəsinin siyasi və hərbi hazırlığı çox böyük prosesə əsaslanırdı. Azərbaycan uzun illər ərzində öz iqtisadi potensialını, müdafiə imkanlarını və hərbi qüdrətini artırmış, beynəlxalq platformalarda ərazi bütövlüyü məsələsini ardıcıl şəkildə gündəmdə saxlamışdı. İşğalın sülh yolu ilə aradan qaldırılması istiqamətində aparılan danışıqların nəticəsiz qalması fonunda güclü ordu quruculuğu strateji prioritetlərdən birinə çevrilmişdi. Beləliklə, müharibə başlayanda Azərbaycan qarşıya qoyulan məqsədə çatmaq üçün yalnız hərbi imkanlara deyil, uzun illər ərzində formalaşdırılmış siyasi, iqtisadi və diplomatik dayaqlara da malik idi.
44 günlük savaşın gedişi bu hazırlığın nəticələrini bütün aydınlığı ilə göstərdi. Azərbaycan Ordusu qısa müddətdə bir-birinin ardınca mühüm əraziləri azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut və Suqovuşan qəsəbələri, çoxsaylı kəndlər və strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə qaytarıldı. Rəsmi məlumatlara görə, 44 gün ərzində 300-dən çox yaşayış məntəqəsi və mühüm strateji yüksəkliklər işğaldan azad edildi.
Zəfər yürüşünün arxasında Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı dayanırdı. Hər bir yüksəklik, hər bir kənd, hər bir şəhər ağır döyüşlər və böyük fədakarlıq hesabına azad edildi. Əsgər və zabitlərimiz ən mürəkkəb relyef şəraitində, dağlarda, meşələrdə və sıldırım qayalıqlarda irəliləyərək hərb tariximizə yeni qəhrəmanlıq səhifələri yazdılar. Bu yolun ən parlaq səhifələrindən biri isə Şuşanın azad edilməsi oldu. Noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı sayılan Şuşanın azad olunması müharibənin gedişində həlledici dönüş yaratdı. Prezident İlham Əliyev çıxışlarında Şuşanın azad edilməsindən sonra hərbi əməliyyatların faktiki olaraq başa çatdığını vurğulayıb.
Şuşa əməliyyatı Azərbaycan əsgərinin döyüş ruhunun, iradəsinin və peşəkarlığının ən parlaq nümunələrindən biri kimi tarixə düşdü. Sıldırım qayalara qalxaraq ağır relyef şəraitində şəhərə daxil olan, əlbəyaxa döyüşdə düşməni məğlubiyyətə düçar edən hərbçilərimiz yalnız strateji əhəmiyyətli şəhəri, məntəqəni deyil, xalqımızın milli-mədəni yaddaşının mühüm simvollarından birini azad etdilər. Şuşada üçrəngli bayrağımızın yenidən dalğalanması otuz ildən artıq davam edən həsrətin sona çatmasının rəmzinə çevrildi.
Zəfərin hər səhifəsinin arxasında bir qəhrəmanlıq, bir igidlik nümunəsi yer alır. Vətən müharibəsində Azərbaycan övladları doğma torpağın azadlığı uğrunda canlarından keçdilər. Onların qəhrəmanlığı 44 günlük müharibəni yalnız hərbi qələbə deyil, həm də milli iradənin, Vətən sevgisinin və fədakarlığın tarixə çevrildiyi böyük mənəvi hadisə kimi yaddaşlara həkk etdi. Şəhidlərimizin hər birinin həyat hekayəsi, döyüş yolu bu Zəfər salnaməsinin ayrıca bir səhifəsidir. Onlar doğma torpaqların azadlığını öz həyatlarından üstün tutdular. Bu gün işğaldan azad edilmiş ərazilərdə dalğalanan Azərbaycan Bayrağında igidlərin qanı, yenidən qurulan şəhər və kəndlərdə onların arzuları, doğma yurda qayıdan insanların sevincində isə onların müqəddəs əmanəti var.
Vətən müharibəsinin Zəfərlə nəticələnməsində xalqın həmrəyliyi də mühüm amillərdən biri oldu. Ön cəbhədə əsgər və zabitlər, arxa cəbhədə isə milyonlarla insan eyni amal ətrafında birləşdi. Xalqın dövlətə və orduya dəstəyi, milli birlik və həmrəylik müharibənin mənəvi dayaqlarını daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Anım Günü haqqında Sərəncamda da Azərbaycan xalqının bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdiyi vurğulanır.
Bu tarixi prosesdə ən həlledici amillərdən biri isə Prezident İlham Əliyevin siyasi iradəsi və düşməni lərzəyə salan “dəmir yumruğ”u idi. Dövlət başçısı müharibənin ilk günündən etibarən hərbi, siyasi və diplomatik istiqamətləri vahid xətt üzrə əlaqələndirdi. Döyüş meydanında gedən mübarizə beynəlxalq informasiya və diplomatik müstəvidə aparılan fəaliyyətlə tamamlandı. Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, xarici media qurumlarına verilən çoxsaylı müsahibələr və beynəlxalq platformalardakı fəallıq müharibənin siyasi-informasiya cəbhəsinin də mühüm hissəsini təşkil etdi. Nəticədə, Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyü siyasi nəticələrlə tamamlandı. Noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatla hərbi əməliyyatların dayandırılması razılaşdırıldı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan Azərbaycana qaytarılması təmin edildi. Bununla da 30 ilə yaxın davam edən işğalın aradan qaldırılması istiqamətində mühüm tarixi mərhələ uğurla başa çatdı. 44 günlük Vətən müharibəsinin milli iradə, milli ruh, milli ləyaqət təntənəsi olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın”.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla hər il sentyabrın 27-sinin ölkəmizdə “Anım Günü” kimi qeyd olunması qərara alındı. Sərəncamda bu qərarın Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarda dalğalandırmış və ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq qəbul edildiyi bildirilir. Bu baxımdan, 27 sentyabr həm qan yaddaşıdır, həm də Zəfər yolunun başlanğıcıdır. Anım Gününün təsis edilməsi şəhidlərimizin xatirəsinin dövlət səviyyəsində əbədiləşdirilməsi ilə yanaşı, gələcək nəsillərə Vətən müharibəsinin hansı ağır sınaqlardan keçərək qazanıldığını çatdırmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Anım Günündə biz şəhidlərimizi yad etməklə yanaşı, həm də onların uğrunda can verdikləri torpağın, dövlətin və milli birliyin məsuliyyətini dərk edirik. Çünki şəhidlərin xatirəsinə ən böyük ehtiram onların uğrunda mübarizə apardıqları Azərbaycanın daha da güclü, təhlükəsiz və firavan gələcəyinin təmin olunmasıdır. 27 sentyabrdan 8 noyabra qədər uzanan 44 günlük yol Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən birini yaratdı. Bu yolun təməlində Ali Baş Komandanın siyasi iradəsi, Azərbaycan əsgərinin qəhrəmanlığı, zirvəsində Şuşa Zəfəri, hər səhifəsində şəhidlərimizin müqəddəs fədakarlığı, bütün bunların arxasında isə xalqın birliyi, həmrəyliyi dayanır.
27 sentyabr Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsinin, qazilərimizin qəhrəmanlığının və Azərbaycan əsgərinin misilsiz rəşadətinin təcəssümüdür. Bu tarixdə başlayan yol 44 gün sonra Şuşada Zəfər zirvəsinə çatdı və Azərbaycanın tarixində yeni səhifə açdı. Bu Zəfər bir gündə qazanılmadı. Onun arxasında illərlə davam edən dövlət quruculuğu, güclü ordu, siyasi iradə, xalqın həmrəyliyi və Vətən sevgisi dayandı. 44 gün ərzində yazılan qəhrəmanlıq salnaməsi isə göstərdi ki, milli iradə və birlik qarşısında ən ağır sınaqlar belə dəf edilə bilər. Şəhidlərimizin qanı ilə yazılan, əsgər və zabitlərimizin qəhrəmanlığı ilə tarixiləşən bu yol Azərbaycanın Zəfər yoludur. Bu yolun hər addımı gələcək nəsillərə bir həqiqəti xatırladır: Vətən yalnız qorunan torpaq deyil, uğrunda yaşanan, mübarizə aparılan və can verilən müqəddəs dəyərdir. 27 sentyabr isə həmin müqəddəs yolun yaddaşlarda əbədiləşən başlanğıcıdır.
Nail ƏSGƏROV
Digər xəbərlər