NAXÇIVAN :

26 Sentyabr 2026, Şənbə

Naxçıvan şəhərində şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

...

27 sentyabr – Anım Günü ərəfəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə Naxçıvan şəhərində silsilə tədbirlər davam etdirilir.
“Şərq qapısı” Naxçıvan Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, sentyabrın 26-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan-Sədərək magistralının Naxçıvan şəhərindən keçən hissəsinin 3-cü kilometrliyinin sol hissəsində şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiya iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev çıxışında şəhidlərin xatirəsinin yaşadılmasının və onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının mənəvi borc olduğunu vurğulayıb. Bildirilib ki, bu cür təşəbbüslər həm milli yaddaşın qorunmasına, həm də şəhərdə yaşıllıq sahələrinin artırılmasına və ətraf mühitin mühafizəsinə xidmət edir.
Aksiya çərçivəsində şəhərin yaşıllıq üçün nəzərdə tutulmuş ərazisində 100-dən artıq müxtəlif növ meşə ağacı əkilib, mövcud ağaclar suvarılıb, ərazidə yaşıllıqların qorunması və inkişafı məqsədilə aqrotexniki qulluq işləri aparılıb.
Qeyd edək ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan şəhərində şəhidlərin əziz xatirəsinin yad edilməsi, onların ailələrinə və yaxınlarına diqqət və qayğının göstərilməsi, eləcə də milli-mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər keçirilir.

Nəşr edilib : 26.09.2026 20:09