NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

Naxçıvanda şagird sayı 500-dən artıq olan məktəblərə yeni direktor təyinatları aparılıb

...

"Şərq qapısı" xəbər verir ki, ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin nəticələrinə əsasən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən artıq olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə yeni təyinatlar həyata keçirilib.

Müsabiqənin müsahibə mərhələsi çərçivəsində 4 vakant vəzifə üzrə ümumilikdə, 11 namizəd müraciəti qeydə alınıb.

Müsabiqənin seçim mərhələsi başa çatdıqdan sonra ardıcıllıq gözlənilməklə müsahibə mərhələsinə dəvət olunmuş 6 nəfər iştirak hüququ qazanıb.

Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, təşkilatçılıq və idarəçilik, ünsiyyət və əməkdaşlıq, problemlərin həlli və qərarvermə, eləcə də rəqəmsal, texnoloji, sosial və emosional bacarıqları qiymətləndirilib.

Nəticədə, 6 nəfər uğur qazanıb, onlardan 4-ü müvafiq qaydalar çərçivəsində vəzifəyə təyin olunub.

Uğur qazanan namizədlərdən Həsənov Həsən Məmməd oğlu Heydər Əliyev adına tam orta məktəbə, Quliyeva Günel Mirməhəmməd qızı Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbə, Əliyev Səfa Ruhulla oğlu Şərur şəhər 2 nömrəli tam orta məktəbə, Cəfərova İlahə Aydın qızı Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbinə direktor vəzifəsinə təyin olunublar.

Nəşr edilib : 05.05.2026 12:08