NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Naxçıvanda Qurban bayramı münasibətilə bayram namazı qılınacaq

...

Müqəddəs Qurban bayramı ilə əlaqədar iyunun 6-sı ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan şəhərindəki Heydər məscid kompleksində və muxtar respublikanın bütün rayon və kənd məscidlərində 9:00-da bayram namazı qılınacaq. 
Qurban bayramının İslam dinindəki yerindən “Şərq qapısı”na danışan Naxçıvan Muxtar Respublikası Qazısı Yanında Şuranın sədri Əli Orucov bildirib ki, Qurban bayramı, sadəcə, zahiri bir ibadət deyil, təqva və səmimiyyətin təzahürüdür. Bu bayram Həzrət İbrahim və oğlu İsmayılın imanı ilə bağlı mühüm bir hadisəyə əsaslanır:
“Allah-Təala onların səmimi itaətini qəbul edərək İsmayıl əvəzinə bir qoç göndərdi. Bu bizə Allaha yaxın olmağın yolunu göstərir. Qurban kəsmək isə təkcə zahiri deyil, batini bir ibadətdir. Əsas məsələ niyyətin təmizliyi və Allah qarşısında təqvalı olmaqdır”.

Əli Orucovun sözlərinə görə, bu müqəddəs bayram müasir dövrdə sosial həmrəylik baxımından da böyük əhəmiyyət daşıyır: “Əsas məqsəd Allaha yaxınlaşmaqla yanaşı, ehtiyac sahiblərinə yardım etməkdir. Qurban ətinin paylanması – paylaşmanın, insanlara qarşı mərhəmətin təcəssümüdür. Bayramda insanlar eyni süfrə ətrafında toplaşır, insani dəyərləri yenidən xatırlayır". 

Naxçıvanda dini mühitin sağlam və dövlət-din münasibətlərinin ahəngdar olduğunu qeyd edən Əli Orucov bildirib ki, “Naxçıvan Muxtar Respublikası dini dəyərlərə hörmətlə yanaşan, milli-mənəvi irsə bağlı bir məkandır. Hər il bayram namazı qılınır, qurbanlar kəsilir və ətləri şəhid ailələrinə, aztəminatlılara, kimsəsizlərə çatdırılır. Dini və dövlət qurumları bu işdə birgə fəaliyyət göstərirlər”. Qurban kəsməyin şərtlərinə də toxunan Əli Orucov oxuculara vacib tövsiyələr verib: 
“Heyvan sağlam və müəyyən yaş həddinə çatmış olmalıdır. Əsas məsələ – qurban ibadət niyyəti ilə kəsilməlidir. Bu zaman heyvana əziyyət verilməməli və İslam qaydalarına uyğun şəkildə kəsilməlidir. Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar bu prosesə nəzarət edir. İnsanlar dini savadlı şəxslərlə məsləhətləşməlidirlər”.

Sonda Əli Orucov Qurban bayramı münasibətilə bütün oxuculara səmimi arzularını çatdırdı:
“Arzum budur ki, bu bayram hər evə bolluq, ruzi, sağlamlıq və mənəvi rahatlıq gətirsin. İnsanlar bir-birinə daha çox sevgi və anlayış göstərsin. Ehtiyac içində olanları unutmayaq. Allah kəsilən bütün qurbanları qəbul etsin. Qurban bayramınız mübarək olsun!”

Nəşr edilib : 04.06.2025 15:42