NAXÇIVAN :

01 Sentyabr 2026, Çərşənbə axşamı

Naxçıvanda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib

...

Sentyabrın 1-də Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini 2025-2026-cı tədris ilində bitirən və ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Naxçıvan təhsilinin 2025-2026-cı tədris ilində əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək yüksək nəticə göstərən məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib. Bildirilib ki, məzunların yüksək nəticələri onların bilik, əzmkarlıq və məqsədyönlü fəaliyyətinin, eyni zamanda valideyn və müəllimlərin fədakar əməyinin nəticəsidir. Bu nailiyyətlər yalnız məzunların şəxsi uğuru deyil, həm də Naxçıvan təhsilinin inkişaf səviyyəsini və regionun yüksək intellektual potensialını nümayiş etdirir.

Qeyd olunub ki, Azərbaycanda təhsilin inkişafı və milli kadr potensialının formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən etibarən gənclərin müasir biliklərə yiyələnməsi, yüksək ixtisaslı milli kadrların hazırlanması və azərbaycanlı gənclərin ölkə hüdudlarından kənarda nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vurğulanıb ki, bu strateji siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Ölkədə təhsil infrastrukturunun yenilənməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin inkişafına və dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına göstərilən dövlət dəstəyi insan kapitalının inkişafına verilən yüksək dəyərin ifadəsidir.

Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin Naxçıvanın təhsil və elm mühitinin inkişafına göstərdiyi diqqətdən də danışıb. Qeyd edib ki, dövlət başçısının 11 avqust 2026-cı ildə Naxçıvana səfərindən bir gün sonra imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisinin tapşırılması regionda gənclərin təhsil imkanlarının genişləndirilməsi və müasir təhsil mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni inkişaf mərhələsinə qədəm qoyduğu bildirilib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya və müasir idarəetmə mexanizmlərinin tətbiqinin ölkənin gələcək inkişafı üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb. Naxçıvanın da bu inkişaf prosesinin mühüm tərkib hissəsi olduğu vurğulanaraq regionda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, müasir infrastrukturun yaradılması və insan kapitalının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin geniş perspektivlər açdığı bildirilib.

Ceyhun Cəlilov gənclərə müraciət edərək ali məktəbə qəbulun həyatlarının yeni və daha məsuliyyətli mərhələsinin başlanğıcı olduğunu qeyd edib. Gənclər seçdikləri ixtisas üzrə dərin biliklərə yiyələnməyə, daim öz üzərlərində çalışmağa və dövlət tərəfindən yaradılan imkanlardan səmərəli istifadə etməyə çağırılıblar. Bildirilib ki, gənclərin əldə etdikləri bilik və bacarıqları gələcəkdə Azərbaycanın inkişafına və tərəqqisinə mühüm töhfə verəcək.

Daha sonra I ixtisas qrupu üzrə muxtar respublika birincisi Gülay Aslanovanın valideyni Nailə Aslanova çıxış edərək övladının yüksək nəticə göstərərək tələbə adını qazanmasından duyduğu qürur və sevinc hisslərini bölüşüb. O, gənclərin uğurlarında valideyn və müəllimlərin əməyinin mühüm rol oynadığını vurğulayıb.

2025-2026-cı tədris ilində qəbul imtahanlarında muxtar respublika üzrə ən yüksək nəticə – 690,6 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olan Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunu Elsun Əliyev məzunlar adından çıxış edib.

Sonra qəbul imtahanlarında 650-700 bal aralığında nəticə göstərmiş məzunların mükafatlandırılması mərasimi keçirilib. Mükafatlar Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tərəfindən təqdim olunub.

Qeyd edək ki, qəbul imtahanlarında 500-650 bal intervalında nəticə göstərən məzunlara da mükafatlar təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universitetinin Konservatoriyası və universitetin nəzdində Naxçıvan Musiqi Kollecinin tələbələri və solistlərin iştirakı ilə konsert proqramı təqdim olunub.

Sonda yüksək nəticə göstərmiş məzunlarla xatirə fotosu çəkdirilib.

Nəşr edilib : 01.09.2026 17:04