NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Naxçıvanda media siyasəti: informasiya blokadasından qlobal yayıma

...

Proloq yerinə

Biz XX əsrin bəşəriyyət üçün sürprizlər sandığından bir-bir çıxardığı çox möcüzələrin şahidi olmuşuq. Fantastik xəyalların gerçəkliyə çevrilməsi yaşadığımız dövrün ən nəzərəçarpan əlaməti kimi özünü təsdiq edir. Yazının ixtirası, kağızın kəşfi, kitab çapının meydana çıxması bəşər tarixində yeni inqilabların təməli, bünövrə daşıdır. İnformasiya daşıyıcısının ilkin vasitələri bizi qəzetdən radioya, televiziyadan internetə qədər gətirib çıxardı. Bütün bunlar informasiya inqilabının təzahürü olaraq bizi bu günə – internet və ya İKT əsri adlandırdığımız XXI əsrə qədər müşayiət edib. 

Blokada mətbuatıİndi Naxçıvan Muxtar Respublikasında həyatın hər hansı bir mərhələsindən danışanda həmişə bir məqamı mütləq vurğulamalı oluruq: vaxtilə blokada şəraitinin yaratdığı vəziyyət. 90-cı illərdə blokada muxtar respublika həyatının bütün sahələrini iflic edən, insanların yaşayış tərzi üzərində mütləq hakim olan bir amil idi.  
80-ci illərin sonlarında Naxçıvanla birlikdə Naxçıvan mətbuatı da blokada vəziyyətinə düşmüşdü. Lakin Naxçıvan mətbuatı yazırdı, yaradırdı, döyüşürdü. “Şərq qapısı” qəzeti və Naxçıvan teleradiosu blokada illərinin fədaisi olaraq tariximizə misilsiz xidmət edir, xalqımızın başına gətirilən oyunları hər nömrəsində, hər yayım saatında salnamələşdirirdi. 
Həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Naxçıvan parlamentində təkcə muxtar respublika üçün yox, həm də bütün Azərbaycan üçün əhəmiyyət daşıyan qərarların qəbul olunması ilə nəticələndi. Dahi rəhbərin Naxçıvanda başlatdığı azadlıq mücadiləsi muxtar respublikanın blokada mətbuatının gündəlik mövzusuna çevrildi. Beləliklə, Naxçıvandan başlanan azadlıq mübarizəsi Azərbaycanın hər yerini bürüdüyü kimi, Naxçıvanın informasiya blokadasının yarılmasının da əsasını qoydu.


Naxçıvanda media siyasəti: dünən və bu gün 

Görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvanda işlədiyi dövrdə bu diyarda informasiya blokadasını yarmaq üçün mühüm işlər həyata keçirdi, yerli və beynəlxalq media orqanları ilə əlaqələrin qurulması uğrunda gərgin əmək sərf etdi. Bunun nəticəsində muxtar respublikada Azərbaycan televiziyasının yayımı bərpa edildi, Naxçıvan dünyaya açıldı. Naxçıvan televiziyasının yayımı və “Şərq qapısı” qəzetinin nəşri üçün sistemli tədbirlər həyata keçirildi. Ulu Öndərin həyata keçirdiyi xilaskarlıq missiyasını öz səhifələrində əks etdirən “Şərq qapısı” qəzeti nəinki muxtar respublikada, eləcə də ölkəmizdə əl-əl axtarılan mətbuat orqanına çevrildi. 
Məhz həmin illərdə yeni dövrün dövlət-mətbuat münasibətlərinin uğurlu nəticəsi olaraq kütləvi informasiya vasitələri Heydər Əliyev siyasətinin ardıcıl və düzgün həyata keçirilməsində üzərlərinə düşən səfərbəredici missiyanı layiqincə yerinə yetirməyə çalışdı. Bu həm də müasir Naxçıvan mətbuatının yaranması ilə nəticələndi. 
Bu gün artıq Naxçıvan bir zaman məkrli siyasət və təcavüz nəticəsində Ermənistan tərəfindən zorla salınan blokadanı informasiya baxımından çoxdan yarıb, düşmənlə aparılan informasiya savaşında cəbhəni bu istiqamətdə darmadağın edib. Əsl intibah dövrünü yaşayan Naxçıvan mətbuatının da intibah dövrünə imza atıb. Azərbaycan mediasının güclü bir qolunu təşkil edən və “Şərq qapısı” qəzeti ilə təşəkkül tapan Naxçıvan mətbuatı bölgənin dünənini, bu gününü qəzetlərin səhifələrinə həkk edib, lentlərin yaddaşına yazıb tarixləşdirir və gələcək nəsillərə ərməğan edir.


Tənqiddən təqdirə qədər

Nəqliyyat-kommunikasiya əlaqələrinin düşmən tərəfindən məhv edilməsinin bu torpaqda yaşayan insanların həyat şərtlərini nə qədər çətinləşdirdiyini çoxumuz şəxsi yaşamından bilirik. O dövrün jurnalistləri də Naxçıvanın problemlərini mətbuat səhifələrində daha çox qabardırdılar. 
Həmin illərin nəşrlərinə nəzər salanda Naxçıvan şəhərinin 8 kilometrliyində çıxan duzun mağazalarda tapılmamasından, şəhər daxilində, küçə və yolların kənarında yaşıllıqların azlığından, əlaqədar təşkilatların biganəliyindən, dəftərsiz şagirdlərdən, təbii qazın kəsilməsi, daş kömürün olmamasından, qış günlərində məktəblərin normal fəaliyyət göstərməməsindən, qırışığı açılmayan uşaqlardan, iqtisadi həyatın pozulmasından, ərzaq qıtlığından, dəyən iqtisadi ziyanın miqdarından, hesablanması mümkün olmayan mənəvi ziyandan bəhs edən çoxlu sayda yazılar görə bilərik. Bütün bunlar həmin dövrün acı gerçəkləri, danılmaz reallığı idi...
Aradan ötüb keçən zaman isə həmin mənzərəni və mətbuatın haqqında bəhs etdiyi mövzuları tamamilə dəyişdirdi. İndi mətbuat Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizindən, Azərbaycanı Türkiyə ilə bağlayacaq Qars-İğdır-Naxçıvan dəmir yolundan, Naxçıvan-İğdır qaz kəmərindən, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan, muxtar respublikanın yaşıllıq zolaqlarından, landşaftda mühüm yer tutan yaşıl parklardan, ən ucqar kəndlərdə belə tikilmiş modern təhsil ocaqlarından, pulsuz dərs vəsaitləri ilə təmin olunan şagirdlərdən, mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunan inzibati, tədris və yaşayış binalarından, müasir yol-nəqliyyat infrastrukturundan, ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasından, “yaşıl enerji” potensalının inkişafı və ixracından, bu torpaqların ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsindən fəxr və qürurla bəhs edir.

Mətbuatın təkanverici qüvvəsi: dövlət qayğısı

Ulu Öndərin Naxçıvandan başlatdığı, digər sahələrlə yanaşı, mətbuatı da əhatə edən missiyasının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində muxtar respublika mətbuatı yeni inkişaf mərhələsinə qovuşub. İctimai həyatın bütün sahələrinin yeniləşdirilməsi cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsini, medianın fəaliyyətinin təkmilləşdirilməsini zəruri edir. 
“Şərq qapısı” qəzeti redaksiyasına və Naxçıvan televiziyasına yeni avadanlıqların alınması, qəzetin, televiziyanın saytlarının təkmilləşdirilməsi medianın müasir tələblərə cavab verəcək şəkildə təmin olunması üçün həyata keçirilən dövlət siyasətinin hərəkətverici qüvvəsi oldu. Naxçıvan teleradiosunun müstəqil kanalda yayımlanmağa başlaması, analoq yayımın yüksəkkeyfiyyətli rəqəmsal yayımla əvəzlənməsi həyata keçirilən işlərin əyani təzahürünə çevrildi. 
Azərbaycan Respublikası Prezidentinin “Media haqqında” Qanuna dəyişikliyin təsdiq edilməsi haqqında 1 may 2024-cü il tarixdə  imzaladığı Qanuna əsasən “Şərq qapısı” qəzetinin rəsmi təsisçilik hüququ müvafiq qanunda təsbit olundu. “Media haqqında” Qanuna dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılmasını təmin etdi. Sənədə əsasən “Media haqqında” Qanunun 59.2-ci maddəsində göstərilən çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) sırasına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin adı əlavə olunmaqla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun hüquqi əsaslarının qanunvericilikdə təsbit edilməsini həyata keçirdi.
“Şərq qapısı” qəzeti muxtar respublikada çap mediasının yeganə subyekti olaraq fəaliyyət göstərir. 2024-cü ilin yanvar ayında qəzetin formatında dəyişiklik edilib, “Şərq qapısı” qəzeti həftədə 1 dəfə 12 səhifə həcmində  dərc olunmağa başlayıb. 2024-cü ilin oktyabr ayında qəzet Medianın İnkişafı Agentliyinin Media Reyestrindən keçib. Qəzetin reyestrdən keçməsi ilə bağlı şəhadətnamə təqdim olunub. Sentyabrın 1-dən etibarən isə qəzetin yeni saytı istifadəyə verilib. 2024-cü ildə, eyni zamanda qəzetin yeni loqosu hazırlanaraq qəbul edilib. Artıq qəzetin PDF variantları çap mediası məhsullarının elektron yayım platformasına – e-köşkə (e-kiosk.az) yerləşdirilir. 
İndi “Şərq qapısı” qəzetinin hazırladığı materiallara ölkə mətbuatında istinad olunur. Bu il mayın 30-da Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Şərq qapısı” qəzetinin də birgə təşkilatçılığı ilə “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025”in keçirilməsi Naxçıvan mediasının keçdiyi yoldan və bugünkü inkişafından xəbər verir. 
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 avqust tarixli Fərmanına əsasən Audiovizual Şura tərəfindən 2024-cü il 23 avqust  tarixdə “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-yə regional yerüstü televiziya yayımçısı lisenziyası və regional yerüstü radio yayımçısı lisenziyası verildi. Həmçinin regional yerüstü televiziya yayımını həyata keçirmək şərti ilə “Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının da verilməsi haqqında qərar qəbul olundu. Bu il mayın 30-da Naxçıvanda keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” – “MEDİAFEST-2025” konfransı çərçivəsində Naxçıvan televiziyası “Azerspace-1” peykində  yayıma başladı. 

İnformasiya təhlükəsizliyinə gedən yol

Bu gün Naxçıvanda medianın fəaliyyəti üçün lazımi şərait yaradılıb, informasiya təhlükəsizliyi təmin olunub. Güclü maddi-texniki baza, bütün yaşayış məntəqələrinin fiber-optik kabel xətti və sürətli internetlə, IP televiziya və rəqəmsal yayımla təmin olunması informasiya-məlumatlandırma işinin səmərəliliyini xeyli artırıb. 
Müasir dövrdə internet mediası və sosial şəbəkələr istənilən sahədə ictimai fikri yönləndirən əsas vasitəyə çevrilib. Medianın yüz minlərlə izləyicisi olan aktiv sosial şəbəkə hesabları yaradılıb. Sosial şəbəkələrdə yayılan məlumatlar qısa müddətdə böyük ictimai rəy formalaşdırır. Ona görə də düzgün informasiyaların yayılması, səmərəli təbliğat və təşviqat mexanizminin müəyyənləşdirilməsi medianın əsas fəaliyyət istiqamətidir. 
Bu gün Naxçıvan Muxtar Respublikası Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanmaqla və ölkə başçısı İlham Əliyevin apardığı siyasəti dəstəkləməklə təkcə ərazi-iqtisadi blokadasını deyil, informasiya blokadasını da aradan qaldırmaqda nümunə gücünə malikdir. 

Davamediciliyin təminatı: kadr hazırlığı

Medianın inkişafından danışarkən kadr hazırlığı məsələsi xüsusilə qeyd olunmalıdır. Çünki keyfiyyət dəyişikliyinə yalnız peşəkar kadr təminatı yaratmaqla nail olmaq mümkündür. Bu səbəbdən də teleradio, eləcə də “Şərq qapısı” qəzeti Jurnalistika ixtisası tələbələrinin fəaliyyətinə hərtərəfli şərait yaradır, istedadlı gənclər seçilərək işlə təmin olunur. 
2001-ci ildən Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası fəaliyyət göstərir. Jurnalistika ixtisasının yaradıldığı ötən 24 il ərzində bu ixtisasın məzunları muxtar respublikanın müxtəlif kütləvi informasiya vasitələrində çalışaraq müasir mətbuatın formalaşmasına və inkişafına öz töhfələrini veriblər. 
Tələbələrin iştirakı ilə keçirilən görüşlər, onların yaradıcılıq işində birbaşa iştirakı yaxşı kadr kimi formalaşmalarında xüsusi əhəmiyyət daşıyır. Beləliklə, bu mətbuat orqanları müvafiq ixtisasda təhsil alan tələbələrin bilik və bacarıqlarının inkişafı, eyni zamanda onların gələcəkdə peşəkar kadr kimi formalaşması və medianın kadr potensialının yaradılması işində birbaşa iştirak edirlər. 

Naxçıvan mətbuatı: qlobal şəbəkədən yayım

Müasir veb-texnologiyalar elektron mətbuat orqanlarının daha sürətli formalaşması və yayılmasına şərait yaradır. Artıq virtual məkanın yaratdığı imkanlar hesabına planetin hansısa nöqtəsində baş verən hadisə haqqında məlumatların operativ olaraq istənilən məkana çatdırılması an məsələsinə çevrilib. Naxçıvan Muxtar Respublikasında informasiyalaşma kimi nəhəng prosesin getməsi, informasiya cəmiyyətinin yaranması bu diyarda təkcə informasiya texnologiyaları sahəsində deyil, ümumilikdə, sosial-iqtisadi sahədə aparılan islahatların, görülən işlərin yaratdığı inkişaf nəticəsində mümkün olmuşdur. 
İnformasiya blokadasının yarılması və qlobal şəbəkədən yayımın başlanması ən vacib məsələlərdən biri kimi qarşıda dururdu. 1999-cu ildə Naxçıvan Kompüter Mərkəzində internetə qoşulma imkanının əldə olunması, provayderlərin fəaliyyətə başlaması Naxçıvanın informasiya blokadasının yarılması istiqamətində atılan mühüm addımlar idi. 2005-ci ilin iyun ayında Naxçıvan Trans-Asiya-Avropa fiber-optik magistral xəttinə qoşulmaqla informasiyanın daha sürətli axınını təmin etmək imkanı əldə etdi və Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan: problemlər və həllər” mövzusunda ilk elmi-praktiki konfrans keçirildi. Azərbaycanda ilk dəfə Bakı-Naxçıvan arası videokonfrans bağlantısının qurulması ilə tarixi əhəmiyyətli bir hadisəyə imza atıldı. 
2010-cu ildə Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin yaradılması ilə müasir, etibarlı internet saytlarının qurulması istiqamətində də muxtar respublikada zəngin təcrübə qazanmağa, bacarıqlı mütəxəssislər formalaşdırmağa imkan verdi. İndi ən ucqar kəndlərdə belə genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilir.  
Naxçıvanın informasiya blokadasından çıxışının və qlobal şəbəkədən yayımının ilk qaranquşunu “Nuh yurdu” qəzetinin elektron versiyasının yaradılması hesab etmək olar. 2004-cü ildə muxtar respublikanın mətbuat tarixində ən əlamətdar hadisələrdən biri olur. Bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan “Nuh yurdu” qəzetinin 2004-cü il 10 may tarixli sayında yazılıb: “www.nuhyurdu.az – qəzetimizin elektron variantda ilk nümunəsi Ümummilli Liderimizin 81 və Naxçıvan Muxtar Respublikasının 80 illiyinə bir töhfədir. Ümid edirik ki, Naxçıvan şəhərini elektron dünyada layiqincə təmsil edəcək”. Düzdür, qəzetin internet üzərindən yayımlanması uzunmüddətli olmasa da, bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs kimi təqdirəlayiqdir. 
Bu sahədə digər bir addım isə “Naxçıvanın səsi” radiosunun internet yayımının başlanması oldu. 2006-cı il yanvar ayının 17-dən etibarən www.nakhchivan.az üzərindən radionun yayıma başlaması elektron medianın internet üzərindən yayımı sahəsində ilk uğurlu addım oldu. 
Naxçıvanın informasiya müharibəsində mühüm hadisələrdən biri 2012-ci ildə www.serqqapisi.az internet ünvanının yaradılması oldu. 2016-cı il oktyabr ayının 17-də isə Naxçıvan televiziyasının internet saytının istifadəyə verilməsi və televiziyanın internet üzərindən yayımının təmin olunması diyarımızın informasiya blokadasının yarılması yolunda ən böyük addım oldu. 
2018-ci ildə Naxçıvan Muxtar Respublikasının ilk informasiya agentliyi – “Nuhçıxan” İnformasiya Agentliyi və onun nuhcixan.az saytı fəaliyyətə başladı. 
İndi muxtar respublikada mərkəzi mətbuatın – Azərbaycan Dövlət Televiziyasının, İctimai televiziyasının, AZƏRTAC İnformasiya Agentliyinin, “Report”, “APA”, “Baku TV” kimi böyük media qurumlarının müxbir postları fəaliyyət göstərir. Bu isə sürətli informasiya axınının təmin edilməsinə və dolğun informasiyanın ölkə səviyyəsində yayımına əhəmiyyətli təsir göstərir. 

Son söz əvəzi

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 25 aprel tarixli Sərəncamı milli mətbuatımızın, müasir mediamızın keçdiyi yolun yenidən aydınlanması, bu böyük tarixə diqqətin ifadəsidir. 
Keçmiş informasiya blokadasından bugünkü qlobal yayıma qədər yol qət edən Naxçıvan mediası da böyük inkişaf yoluna qədəm qoyub. Naxçıvan Muxtar Respublikası haqqında dolğun informasiyanı qlobal şəbəkə üzərindən  bütün dünyaya çatdırmağa qadir olan Naxçıvan mediası tarixi prosesin davamı və Naxçıvanın informasiya blokadasını çoxdan yarmış kütləvi informasiya vasitələri sistemində intibahın təzahürüdür.

Məmməd BABAYEV
“Şərq qapısı” qəzetinin baş redaktor müavini

 

Nəşr edilib : 22.07.2025 00:03