NAXÇIVAN :

18 Yanvar 2026, Bazar

Naxçıvanda gənclərin iştirakı ilə velosiped yarışı təşkil olunub

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında velosiped yarışı keçirilib. Marşrut Heydər Əliyev Muzeyinin qarşısından start götürərək Uzunoba gölünün ətrafında təyin olunmuş finiş nöqtəsinədək davam edib.

Yarışın keçirildiyi ünvanda olub, qadınlar arasında qalib adını qazanan 16 yaşlı Fatimə Məmmədlinin təəssüratlarını öyrəndik: “Artıq iki ildir, velosiped idmanı ilə məşğulam və bu müddət ərzində üzərimdə dayanmadan çalışıram. İkinci dəfədir ki, bu yarışda iştirak edirəm. Lakin bu dəfə xüsusi hisslər yaşadım, çünki birinciliyi əldə etmək mənim üçün böyük motivasiya oldu. Yarışa rəfiqəmin təşviqi ilə qatıldım. Yolboyu yorulsam da, iradəmi toplayıb finiş  xəttini onunla birgə  keçdik”.

Fatimə düşünür ki, belə yarışlarda qadınların daha fəal iştirakı vacibdir. “Uşaqlıqdan bir çox idman növlərinə marağım olsa da, velosiped sürməyi daha çox sevirəm. Bu gün isə artıq günlük həyatımın ayrılmaz hissəsidir. Hər gün dərsə velosipedlə gedirəm. Müəllimlərim və dostlarım bunu görüb mənə daha çox motivasiya verirlər”.

Yarışda iştirakçılar arasında Naxçıvan Dövlət Universitetində təhsil alan tələbə Dilbər Dilan Acar isə bildirdi ki, həm Azərbaycanda, həm də Türkiyədə velosiped sürməyi sevir: “Gözəl bir yarışı başa vurduq. Türkiyədə də velosiped sürürəm. Fərqlilik olsun deyə bu yarışa qatıldım. Velosiped sürmək hobbilərim arasındadır. Çox əyləncəli idi. Üstəlik, sağlamlığım üçün də velosiped sürməyə daha çox maraq göstərirəm. Yarışa qatılmağında əsas məqsəd sağlam həyat tərzinin davamıdır”.

Yarışın ən kiçik iştirakçısı isə 14 yaşlı Adəm Qurbanov idi. O, velosipedi bacarıqla idarə etməsi, yarış tempini qoruması və idmançılarla çiyin-çiyinə mübarizə apardığı üçün çox sevincli idi. Adəmin sözlərinə görə, idmanla gələcəkdə ciddi şəkildə məşğul olmaq istəyir. Bu yarış təcrübəsi ona daha çox məşq etmək, özünü inkişaf etdirmək üçün əlavə ruh yüksəkliyi yaradıb. İdmanla birgə dərslərinə də ciddi fikir verən Adəm Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdidir.

Nəşr edilib : 18.11.2025 14:32