NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda “Əməyin mühafizəsi və iş yerlərinin attestasiyası” mövzusunda maarifləndirici təlim keçirilib

...

İyulun 30-da "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsin və "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı ilə Naxçıvan Yaşıllaşdırma Xidməti əməkdaşları üçün “Əməyin mühafizəsi və iş yerlərinin attestasiyası” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlimin əsas məqsədi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin sağlam və təhlükəsiz iş mühitinin təmin edilməsi ilə bağlı məlumatlılığını artırmaq, istehsalatda mövcud olan potensial risklərin düzgün qiymətləndirilməsi və onların aradan qaldırılması yolları barədə bilik və bacarıqlarını təkmilləşdirmək olub.

Tədbirdə “Əməyin Mühafizəsi Mərkəzi”nin Naxçıvan filialının əməkdaşı Mahmud Rzalı tərəfindən “Əməyin mühafizəsi və texniki təhlükəsizlik”, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Güllü Sadiqli tərəfindən isə “Bədbəxt hadisələrin tədqiqi və uçota alınması qaydaları” mövzusunda təqdimatlar keçirilib.

Təlimə Naxçıvan Yaşıllaşdırma Xidmətinin 12 sahə rəisi və mexaniki qatılıb. Sessiya zamanı iştirakçılarla real iş mühitindən götürülmüş nümunələr əsasında praktiki vəziyyətlər müzakirə edilib, risk faktorlarının idarə olunması üzrə fikir mübadiləsi aparılıb.

Belə maarifləndirici tədbirlərin təşkili əmək təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, müəssisələrdə təhlükə risklərinin düzgün idarə olunması və bu sahədə peşəkar yanaşmanın təşviq olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Nəşr edilib : 30.07.2025 11:58