NAXÇIVAN :

14 Mart 2025, Cümə

Naxçıvanda cəzaçəkən şəxslərə pulsuz hüquqi və psixoloji xidmət göstərilib

...

Naxçıvan  Muxtar  Respublikası  Ədliyyə  Nazirliyinin “Konstitusiya və Suverenlik İli” - nin qeyd edilməsi ilə bağlı təsdiq etdiyi Tədbirlər Planının icrası istiqamətində nazirlikdə və tabe qurumlarda silsilə tədbirlər davam etdirilir. 

"Şərq qapısı" xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində bir qrup həbs olunmuş şəxsə və cəzaçəkən məhkumlara pulsuz hüquqi və psixoloji xidmət göstərilib. Xidmət Naxçıvan Muxtar Respublikasi Vəkillər Kollegiyasının vəkilləri və nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən həyata keçirilib.

Əvvəlcə Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən şəxslərin iştirakı ilə “Məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Emin Kazımov bildirib ki, hər tərəfli dövlət qayğısı ilə əhatə olunmuş cəza çəkən şəxslərin hüquqi maarifləndirilməsi, onlara hüquqi və psixoloji xidmətlərin göstərilməsi Penitensiar Xidmətin daim diqqətindədir. Bu günkü tədbir də məhz məhkum olunmuş şəxslərə pulsuz hüquqi və psixoloji yardımın göstərilməsi üçün nəzərdə tutulmuşdur. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov çıxışında bildirmişdir ki, bu gün hər bir ölkə vətəndaşının yüksək hüquqi yardım almaq hüququ Azərbaycan dövləti tərəfindən təmin olunur. Azərbaycan dövləti həmçinin vətəndaşların müdafiə hüququnun dövlət vəsaiti hesabına təmin edilməsi üçün mütərəqqi qərarlar qəbul edir. 

Daha sonra Vəkillər Kollegiyasının vəkilləri tərəfindən cəzaçəkmə müəssisəsində cəza çəkən bir qrup şəxslə görüşmüş, onlara ödənişsiz hüquqi yardım göstərmişlər. Görüş zamanı onları  maraqlandıran suallar cavablandırılmış, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilmiş, bir sıra yazılı və şifahi məsləhətlər verilmişdir.

Eləcə də nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert-psixoloqları da müxtəlif rejimlərdə cəza çəkən 30-dan çox şəxslə görüşmüş, onlardan psixoloji yardıma ehtiyacı olanlarla fərdi görüşlər keçirmişlər. 

Cəza çəkən şəxslər onlara göstərilən diqqətdən məmnun olduqlarını bildirmiş və bu tədbirlərin davamlı olmasını arzulamışlar.

Nəşr edilib : 14.03.2025 19:38