Bahar Muradova Nyu-Yorkda macarıstanlı həmkarı ilə...
22:31 11.03.2025
0
0
0
NAXÇIVAN :
12 Mart 2025, Çərşənbə
Festivalın hazırlıqlarına start verilib
Azərbaycan xalqının min illər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərin ən gözəl nümunələrindən olan Novruz bayramı ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan şəhərində də böyük sevinc, yüksək coşqu və fərəh hissi ilə qeyd olunacaqdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Rübabə Həsənova “Şərq qapısı”na verdiyi müsahibə zamanı bildirdi ki, mart ayının 18-də Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı ilə əlaqədar “Baharfest” adlı bayram festivalının keçirilməsi üçün artıq hazırlıq işlərinə başlanılıb. Bayram şənliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcəkdir. Təşkil ediləcək bayram festivalı ötən illərə nisbətən rəngarəngliyi ilə fərqlənəcəkdir. “Baharfest” bayram festivalı mart ayının 18-dən başlayıb bayram günlərində də davam edəcəkdir.
Müsahibimiz bildirdi ki, festivalda Azərbaycan Respublikasının tanınmış müğənnilərinin ifasında sevilən mahnılar ifa olunacaqdır. Həmçinin festivalda muxtar respublikanın musiqi və folklor kollektivlərinin çıxışları, xalq sənəti, milli geyim, milli mətbəx, şifahi poeziya yaradıcılıq nümunələri nümayiş etdiriləcək. Eyni zamanda bayram festivalının keçiriləcəyi ərazidə 13 stend qurulacaq ki, bu stendlərdə də muxtar respublikada fəaliyyət göstərən bir çox təşkilatların, qurumların və fiziki şəxslərin əl işlərindən ibarət sərgi-satış təşkil olunacaq.
Rübabə xanım onu da diqqətimizə çatdırdı ki, “Baharfest” bayram festivalının ab-havasına uyğun 22 iaşə köşkü quraşdırılacaq və həmin köşklərdə festival iştirakçılarına milli mətbəximizin dadlı təamları təqdim ediləcəkdir.
Bülbül QULİYEVA
Digər xəbərlər