NAXÇIVAN :

12 Mart 2025, Çərşənbə

Bahar Muradova Nyu-Yorkda macarıstanlı həmkarı ilə görüşüb

...

Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində Macarıstanın Ailə Məsələləri üzrə Dövlət Katibi Zofia Kontsla görüşüb.
"Şərq qapısı"-nın məlumatına görə, görüşdə iki ölkə arasında bütün sahələrdə, o cümlədən sosial sahədə əməkdaşlığın inkişafı vurğulanıb. Bahar Muradova Azərbaycanın öz köklərinə bağlı olduğunu, milli kimlik və ailə məsələlərinə önəm verdiyini bildirib. Komitə sədri Azərbaycanın 5 il əvvəl torpaqlarını işğaldan azad edərək suverenliyini bərpa etdiyini vurğulayaraq, yeni müstəvidə başlayan inkişafın məhz milli dəyərlərlə müasirliyin sintezi istiqamətində aparıldığını əlavə edib. Bahar Muradova Macarıstanın Azərbaycanla birlikdə həm də Türk Dövlətləri Təşkilatında birgə təmsil olunduğunu deyərək, hər iki ölkənin ailə dəyərlərinə üstünlük verdiyini əlavə edib. O bildirib ki, Azərbaycanla Macarıstan arasında sosial, iqtisadi, siyasi, mədəni sahədə əlaqələr inkişaf edir və bu, həm də iki ölkə Prezidenti arasında yüksək dostluq münasibətlərindən irəli gəlir.
Zofiya Konts cəmiyyətlərin özəyini təşkil edən ailə dəyərlərinin qorunmasının və bütün platformalarda təbliğ olunmasının əhəmiyyətini qeyd edib. O, Azərbaycanın bu sahədəki təcrübələrindən yararlana biləcəklərini, bu istiqamətdə birgə işləyərək layihələr həyata keçirə biləcəklərini vurğulayıb. O təmsil etdiyi qurumun əsas fəaliyyət istiqamətinin işsizliyin aradan qaldırılması və ailələrə dəstək xidmətlərinin göstərilməsi olduğunu qeyd edib, digər fəaliyyət sahələri barədə məlumat verib, dəstək proqramları çərçivəsində reallaşdırılan layihələrdən danışıb.
Tərəflər ailə məsələləri sahəsində əməkdaşlığı inkişaf etdirmək və təcrübə mübadiləsi, birgə layihələrin icrasına dair müzakirələr aparıblar.

Nəşr edilib : 11.03.2025 22:31