NAXÇIVAN :

09 May 2026, Şənbə

Naxçıvanda “Autizmli uşaqların təlim və terapiya proqramı” layihəsinin icrasına start verilib

...

Bu gün Naxçıvanda fəaliyyət göstərən “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Autizmli uşaqların təlim və terapiya proqramı" layihəsinin icrasına start verib.
“Şərq qapısı” xəbər verir ki, bu münasibətlə Naxçıvan şəhərinin Autizm Mərkəzində layihənin təqdimat  mərasimi keçirilib. 
Tədbirdə peşəkar mütəxəssislər və autizmli uşaqların valideynləri iştirak ediblər.
"Autizmli Uşaqlara Dəstək" İctimai Birliyinin təsisçisi və sədri, klinik psixologiya üzrə fəlsəfə doktoru və layihə rəhbəri Dos.Dr  Ayaz Seyidli tədbirdə çıxış edərək  layihənin  ideya və məqsədləri, layihə çərçivəsində görüləcək işlər, gözlənilən nəticələr barədə məlumat verib, iştirakçıları layihənin  fəaliyyət planı ilə tanış edib.
Tədbirin əsas məqsədi autizm spektr pozuntusu olan uşaqları təlim və terapiyaya cəlb etmək və bu prosesdə valideynlərin rolunu gücləndirməkdir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu cür layihələrə göstərdiyi diqqət cəmiyyətin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Layihə çərçivəsində həyata keçirilən təlimlər uşaqların fərdi inkişafına və onların gələcəkdə cəmiyyətə daha rahat inteqrasiya olunmasına zəmin yaradır.
Tədbirin sonunda valideynləri maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəzərdə tutulan növbəti mərhələlər barədə məlumat verilib.

Nəşr edilib : 09.05.2026 21:46