NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvan televiziyası əməkdaşları üçün peşəkar montaj təlimlərinə start verilib

...

"Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsi və "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan televiziyasının əməkdaşları üçün montaj bacarıqlarının inkişafına dair intensiv təlimlərə başlanılıb.

Avqustun 22-dək davam edəcək proqram çərçivəsində, ümumilikdə, 26 nəfər montajçı və qrafikaçı iştirak edir. Təlimlərdə müasir montaj prosesinin bütün mərhələləri, peşəkar proqramlarda effektiv işləmə üsulları, rəng korreksiyası və vizual effektlərin tətbiqi, süni intellektin montaj işlərinə inteqrasiyası, qrafik elementlərin yaradılması və işlənməsi kimi mövzular əhatə olunur.

Sessiyalar fərdi yanaşma prinsipi əsasında keçirilir. Bu hər bir iştirakçının mövcud bacarıqlarına uyğun inkişaf planı üzrə təlim keçməsinə və praktik məşğələlərdə öyrəndiyi bilikləri dərhal tətbiq etməsinə imkan yaradır. Təlimlərin məqsədi, televiziyanın texniki və yaradıcı heyətinin biliklərini günün tələblərinə uyğunlaşdırmaq, efir keyfiyyətini yüksəltmək və vizual məzmun istehsalında innovativ yanaşmaları təşviq etməkdir.

Bu təşəbbüs regionda media sahəsinin davamlı inkişafına, yerli mütəxəssislərin rəqabətqabiliyyətinin artırılmasına və yaradıcı potensialın gücləndirilməsinə mühüm töhfə verəcək.

Nəşr edilib : 11.08.2025 20:54