NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Naxçıvan Sənaye Parkı sənaye məhsullarının xarici bazarlara ixracını stimullaşdıracaq

...

Azərbaycan iqtisadiyyatının gücü, dayanıqlığı həm də onun çoxşaxəliliyindədir, yəni inkişaf istiqamətləri bir-birindən asılı olmayan sahələr üzərindəndir. Eyni zamanda da zəncirvari, balanslı inkişafın təmin olunması, bir sahədən əldə olunan gəlirin digərinə yatırılması, beləliklə, həm də sərmayə cazibədarlığının artırılmasındadır. Tarixi zəfərdən sonra yaranan yeni reallıqların fonunda 2021-ci il fevralın 2-də təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkənin inkişafında əsas götürülən 5 milli prioritetdən birincisi də məhz “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” müəyyənləşib. Həmin prioritetin icrası ilə əlaqədar son illərdə aparılan iqtisadi islahatlar, əlverişli biznes mühitinin formalaşdırılması yeni sənaye və istehsal sahələrinin yaradılmasına səbəb olub ki, bununla da dövlət siyasətinin əsas məqsədi sayılan neftdən asılılıq artıq tamamilə aradan qaldırılmaq üzrədir. Ötən ilin makroiqtisadi göstəriciləri də bu sahədə əhəmiyyətli irəliləyişdən xəbər verir. Belə ki, 2023-cü ildə ölkədə 123,0 milyard manatlıq və ya 2022-ci illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul istehsal edilib, ÜDM-in 63,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ilin yanvar-oktyabr ayları ərzində isə 103 milyard 495,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artım deməkdir. ÜDM-in artımının əsas səbəbləri arasında iqtisadiyyatın qeyri-neft-qaz sektorundakı inkişafı xüsusi yer tutur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyəri 1,7 faiz, qeyri-neft-qaz sektorunda isə 6,8 faiz artıb. Beləliklə, qeyri-neft sektorunun gəlir, dəyər baxımından neft sektorunu bu dərəcədə üstələməsi və artım tempi ölkəmizin apardığı sənayeləşmənin, aqraryönümlü siyasətin uğurlu nəticələrə yol açdığını göstərir...

Ölkəmizdə modern iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan uğurlu sənayeləşmə siyasətində sənaye parklarının yaradılması əhəmiyyəti, səmərəsi ilə seçilir. Hazırda 8 rayonu əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye parkları fəaliyyət göstərir və onlardan ikisi Ağdam, Cəbrayıl rayonlarında yerləşir ki, bu da işğaldan azad olunan ərazilərdə iqtisadi siyasətin ən vacib istiqamətlərindən biri sayılan sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafına təkan verəcək. 

Ölkə Prezidenti cənab İlham Əliyevin bu gün imzaladığı Fərmana əsasən Naxçıvanda da Sənaye Parkı yaradılacaq. Yeni park sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi funksiyasını daşıyacaq. Fərmana uyğun olaraq parkın fəaliyyəti üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda 310 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Bu xüsusda onu da vurğulamaq yerinə düşər ki, Prezidentin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da muxtar respublikada Sənaye Parkının yaradılması nəzərdə tutulub. Proqramda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, muxtar respublikada Sənaye Parkı yaradılacaq, istehsal olunan sənaye məhsullarının xarici bazarlara ixracı stimullaşdırılacaq, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət-özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək. 

Əminliklə demək olar ki, Sənaye Parkının yaradılması ilə Naxçıvan Muxtar Respublikasında mövcud müəssisələrin istehsal potensialının artırılması, məhsulların həm ölkədaxili satışının dəstəklənməsi, həm də xarici bazarlara çıxışının artırılması prosesinə təkan veriləcək. Bununla yanaşı, mövcud olan təbii ehtiyatlar və xammal bazası əsasında yeni sənaye sahələrinin yaradılması imkanları genişləndiriləcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 05.12.2024 19:00