NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan şəhərində “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib

...

 İyulun 11-də Naxçvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qərbi Azərbaycan irsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar haqqında kitabın I cildinin təqdimatı keçirilib. Təqdimatdan öncə Naxçıvan Şəhər İcra Hakimiyyətinin foyesində təşkil olunan sərgiyə baxış keçirilib. Sərgidə Azərbaycan mədəni irsinin tərkib hissəsi olan ermənilər tərəfindən dağıntılara, vandalizmə və məhvə məruz qalan azərbaycanlı qəbiristanlıqlarının peyk vasitəsilə tədqiqi və monitorinqi nəticəsində əldə olunan fotogörüntülər nümayiş etdirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev və Qərbi Azərbaycanəsilli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Bəhruz Məmmədov çıxış edərək nəşrin mövzusunun əhəmiyyəti, məqsədi və aktuallığı barədə fikirlərini bölüşüblər.
       Təqdimat mərasimində çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atır. “Qərbi Azərbaycana qayıdış konsepsiyası” bu istiqamətdə strateji yol xəritəmizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu gün təqdim olunan “Qərbi Azərbaycan irsi” kitabı da bu konsepsiyanın mühüm bir tərkib hissəsidir – tariximizi sənədlərlə, faktlarla, mədəniyyət nümunələri ilə sübut edən qiymətli bir mənbədir.
Çıxışın sonunda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə səmimi təşəkkürünü bildirib.
Sonda “Qərbi Azərbaycan irsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscid və digər dini-mədəni obyektlərin məhv edilməsi faktları əyani şəkildə təqdim edilib.
Qeyd edək ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, tabeli idarə, müəssisə təşkilatlarının rəhbərləri və əməkdaşları, Qərbi Azərbaycanəsilli soydaşlarımız, ziyalılar, tələbələr və könüllülər iştirak ediblər.

Nəşr edilib : 11.07.2025 17:50