NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvan şəhərində 11 oktyabr Beynəlxalq Qızlar Günü qeyd olunub

...

10 oktyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Beynəlxalq Qızlar Günü münasibətilə “Qızlarımızın hüquqlarını tanıyaq və qoruyaq. Onları Azərbaycan qadını kimi böyüdək!” mövzusunda tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının nümayəndələri, liseyin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə Naxçıvan Qızlar Liseyinin direktoru İlahə Fərəcova açaraq iştirakçıları salamlayıb, bu mühüm tədbirin Naxçıvan Qızlar Liseyində keçirilməsindən məmnunluğunu ifadə edib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova tədbirdə “Qızlarımızın hüquqlarını qoruyaq” mövzusunda çıxış edərək bildirib ki, bu gün Azərbaycan dövləti qadın və qızların hüquqlarının qorunması, onların təhsil alması və cəmiyyət həyatında fəal iştirak etməsi istiqamətində mühüm addımlar atır. Qadınların və qızların sosial-iqtisadi həyatda rolu ildən-ilə artır, onların ictimai-siyasi proseslərdə iştirakı isə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Gülxanım Orucova vurğulayıb ki, hər bir ailədə qız uşaqlarına sevgi, qayğı və hörmətlə yanaşmaq cəmiyyətin mənəvi əsaslarını möhkəmləndirir, gələcəkdə sağlam, vətənpərvər və savadlı nəslin formalaşmasına xidmət edir. Qızların təhsilli, azad düşüncəli və məqsədyönlü yetişməsi bütövlükdə cəmiyyətin inkişafının və dövlətin tərəqqisinin vacib şərtidir.
Həmçinin Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Qadınlarının I Qurultayında söylədiyi “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir” fikirlərinə istinad edən Gülxanım Orucova bu sözlərin, Azərbaycan qadınının və qızının cəmiyyətimizdə tutduğu ali mövqeyin, onun əzmkar və fədakar ruhunun bariz göstəricisi olduğunu vurğulayıb. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qızların hüquqlarının qorunması istiqamətində apardıqları sosial layihələrdən də bəhs edib. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova “Qızlarımızı Azərbaycan qadını kimi böyüdək” mövzusunda çıxışında vurğulayıb ki, qızların milli-mənəvi dəyərlər ruhunda, vətənə sədaqət və məsuliyyət hissi ilə tərbiyə olunması böyük əhəmiyyət daşıyır. O qeyd edib ki, Azərbaycan qadını tarix boyu ailənin, cəmiyyətin dayağı olmuşdur və bu gün də gənc qızlarımızın təhsilə, elmə, mədəniyyətə və ictimai fəaliyyətə marağı bu ənənənin davamı kimi dəyərləndirilməlidir. 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Gültəkin Rüstəmli isə “Qızların təhsil hüquqları” mövzusunda çıxış edərək təhsilin qızların həyatında oynadığı roldan, onların bərabər imkanlara sahib olmalarının vacibliyindən danışıb. O, bu il ali və orta ixtisas təhsili müəssisələrində keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən məzunların böyük hissəsinin qızlar olduğunu vurğulayıb.
Çıxışlardan sonra erkən nikahların fəsadları, məişət zorakılığına gətirib çıxaran səbəblər haqqında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda isə tədbir iştirakçılarına günün əhəmiyyətindən bəhs edən broşürlər paylanılıb.

Nəşr edilib : 10.10.2025 19:14