Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Muxtar respublikamızda gənclərin müxtəlif sənət sahələrində öz bacarığını üzə çıxarması, onların qabiliyyət və bacarıqlarının düzgün formalaşdırılması bu sahələrdə uğurlar qazanılmasına şərait yaradır. Bu uğurları rəssamlıqda da görmək mümkündür. Elə bu günlərdə emalatxanasında olduğumuz gənc rəssam Məmməd Hüseynovun yaradıcılığı belə deməyə imkan verir.
Məlumat üçün bildirək ki, ixtisasca teatr rəssamı olan Məmməd Hüseynov1994-cü ildə altı yaşında ikən ilk dəfə portret ustası Aydın Rəcəbovun yanına fərdi rəsm hazırlığına gedib. O deyir ki, Aydın Rəcəbovun hazırlaşdırdığı yeganə tələbədir. 2004-cü ildə mərhum Akif Əsgəroun təklifi iləƏzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul edilib. Oradakı müəllimləri tanınmış rəssamlar Sərvət Salayev, Tamella Seyidova və başqaları olub. Müsahibimiz deyir ki, həmin illərdə Böyükağa Mirzəzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov tez-tez məktəbə gəlir və bizim işlərimizlə maraqlanırdılar. Hətta orada Tahir Salahov və Toğrul Nərimanbəyovdan bir neçə dərs almaq fürsətimiz də olmuşdu.
Bir qədər də keçmişə qayıdan rəssamın söhbəti: – Anam deyir ki, rəssamlığa marağımı uşaq vaxtlarından hiss edib. Onun sözlərinə görə, mən 3 yaşımda olarkən hərfləri soruşub, onları bir-birinə birləşdirərək müxtəlif rəsmlər çəkirdim. Hətta orta məktəbdə oxuyarkən tənəffüs zamanı oturub ev tapşırıqlarımı hazırlayır, evdəki vaxtımı isə rəsm çəkməklə dəyərləndirirdim. Məhəllədə uşaqlar oynamağa can atar, mən isə rəsmlərlə məşğul olurdum.
Öyrənirik ki, Məmməd Hüseynov hazırda Türkiyədə təhsilini davam etdirir. Bununla yanaşı, yaradıcılığına da vaxt ayırır. Müxtəlif mövzulara müraciət edir. Görkəmli rəssamların yaradıcılıqlarını yaxından izləyir, onların məsləhətləri həmişə gənc fırça sahibinə yardımçı olur. Naxçıvan Rəssamlar Birliyinin üzvü olan Məmməd Hüseynov gələcək planları haqqında danışaraq deyir ki, “Nəqşituran” adlı bir sənət mərkəzi yaratmaq fikrindədir. Demək olar ki, üç ildir, bu layihə üzərində işləyir.Layihə çərçivəsində Naxçıvanda böyük sənət adamlarının birgə fəaliyyət göstərmələrini, Türk dünyası rəssamlarının bir araya gələrək müəyyən işləri buradan təqdim etmələrini arzulayır.
Məmməd yaradıcılığında milliliyə daha çox önəm verir. Modern üslubda çəkdiyi rəsmlərə də bəzən milli elementlər əlavə edir. Qırmızı rəng tonuna daha çox üstünlük verir. Kitab oxuyan milli geyimli qadın rəsmləri, musiqi alətlərionun emalatxanasında ilk baxışdan diqqəti çəkir. Gənc rəssamın yaradıcılığında qırmızı rəng üstünlük təşkil etsə də, mavi və yaşıl rənglərdən də istifadə edir. Bu üç rəngin ahəngində işlədiyi tabloları onun bayrağımızın rənglərinə ehtiramı kimi qəbul etmək olar. Qırmızını əsas ton kimi verməkdə məqsədi azadlığı simvolizə etməkdir. Əsərlərində müşahidə etdiyimiz bir nüansı da qeyd edək ki, qadın portretlərinin bir çoxunda fon olaraq milli xalçalarımızı əks etdirib.
Oxucuların da diqqətinə çatdıraq ki, Məmməd, ümumiyyətlə, rəssamlığın bir sıra janrlarında gücünü sınayaraq gözəl sənət əsərləri yarada bilib. Elə onun emalatxanasında maraqla izlədiyimiz təbiət mənzərələri, natürmortlar, portretlər də bunu deməyə əsas verir. Üstəgəl ki, həm də ixtisasca teatr rəssamı olan Məmməd Hüseynov bir neçə səhnə əsəri üçün lazım olan kostyumları və digər səhnə aksesuarlarını da hazırlayıb.
Rəssamın emalatxanasında gördüklərimiz, onun maraqlı söhbətləri ömrünü yeddi rəngin gücünə bağlayan Məmməd Hüseynovun gələcəkdə gözəl sənətkar ola biləcəyindən xəbər verir. Biz də ona bu yolda uğurlar arzulayırıq. İnanırıq ki, o, öz yaradıcılığı ilə Naxçıvan rəssamlıq məktəbinə daha bir nəfəs gətirəcək.
Aidə İBRAHİMOVA
Digər xəbərlər