Naxçıvan Muxtar Respublikasında Qurban bayramı mün...
09:30 06.06.2025
0
0
0
NAXÇIVAN :
06 Iyun 2025, Cümə
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət xadimləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncama görə təşəkkür məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Möhtərəm cənab Prezident,
“Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” imzaladığınız Sərəncam biz – mədəniyyət işçilərini bir daha qürurlandırdı. Bu mühüm qərar xalqımızın zəngin mədəni irsinə, tarixinə və əcdadlarımızın əməyi ilə formalaşmış memarlıq abidələrinə göstərdiyiniz sonsuz sevginizin, diqqət və qayğınızın daha bir bariz nümunəsidir.
Biz bu gün keçmişə baxanda Ümummilli Liderimiz Heydər Əliyevin gördüyü işlərin, bu günə və gələcəyə baxanda isə həmin siyasi xəttin uğurla Sizin tərəfinizdən həyata keçirilməsinin şahidi oluruq. Son illərdə, xüsusən də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, mədəni irs nümunələrimizin – məscidlərin, ev-muzeylərin, memarlıq abidələrinin bərpası, memorial komplekslərin yaradılması bu uğurların əyani sübutudur.
Qədim və zəngin tarixi ilə seçilən Naxçıvan diyarı Ümummilli Liderin sözləri ilə desək, "Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır". Bu kiçik ərazidə mövcud olan çoxsaylı tarix-memarlıq abidələri – qalalar, körpülər, türbələr, məscidlər və digər tikililər xalqımızın bu torpaqlarda əsrlərboyu yaşayıb yaratdığını bir daha sübut edir. Bu abidələr içərisində Möminə xatun türbəsi öz möhtəşəmliyi, zərifliyi və incə gözəlliyi ilə seçilərək Əcəmi Naxçıvani memarlıq məktəbinin ən parlaq nümunəsinə çevrilmiş, artıq əsrlərdir ki, Naxçıvanın simvolu olaraq yaşamaqdadır.
Türbənin təbii və antropogen təsirlərə məruz qalması, onun görkəmində yaranan qüsurlar hər bir azərbaycanlı kimi bizləri ciddi narahat edirdi. Sizin təşəbbüsünüzlə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində türbədə bərpa və konservasiya işlərinə başlanılması, eləcə də bu istiqamətdə imzaladığınız son Sərəncam Möminə xatun türbəsinin qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Möhtərəm cənab Prezident!
Sizə cansağlığı, ölkəmizin və xalqımızın rifahı naminə həyata keçirdiyiniz genişmiqyaslı işlərdə davamlı uğurlar və yeni nailiyyətlər arzulayırıq. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyəti daha da inkişaf edəcək və dünya miqyasında layiqli yerini möhkəmləndirəcək.
Hörmətlə,
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət xadimləri".
Digər xəbərlər