Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2...
14:09 10.03.2025
0
0
0
NAXÇIVAN :
10 Mart 2025, Bazar ertəsi
Dövlət və vətəndaş münasibətlərində yeni başlanğıc hesab edilən Ombudsman muxtar respublikada da səmərəli hüquq müdafiə mexanizmi kimi formalaşaraq fəaliyyətini insan hüquqlarının daha etibarlı müdafiəsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması, preventiv və müstəqil monitorinq mexanizm funksiyalarının icrası, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin informasiya sahibləri tərəfindən yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, beynəlxalq təcrübə mübadiləsi, hüquqi maarifləndirmə, bu sahədə dövlət orqanları və bələdiyyələr, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davamlı inkişaf etdirilməsi istiqamətində quraraq uğurla davam etdirir.
Öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında quran Ombudsman aparatında 2024-cü il ərzində 490 vətəndaş qəbulu həyata keçirilmiş, icraatda 241 müraciət olmuşdur.
Bu müraciətlər Ombudsmana yazılı (o cümlədən elektron) qaydada göndərilmiş, həmçinin aparatda vətəndaş qəbulu, Ombudsmanın muxtar respublikanın şəhər və rayonlarında əhali qrupları ilə görüşləri, cəzaçəkmə müəssisəsinə, istintaq təcridxanasına, müvəqqəti saxlama yerinə, hərbi hissələrə, sosial xidmət mərkəzlərinə, internat məktəbinə, səhiyyə, təhsil müəssisələrinə həyata keçirilmiş başçəkmələr və monitorinqlər zamanı təqdim edilmişdir.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə Ombudsman muxtar respublikanın şəhər və rayonlarında sakinlərlə görüşmüş, ictimai dinləmə keçirilmiş, maarifləndirici söhbətlər və monitorinqlər aparılmış, müraciət edənlərə hüquqları izah edilmiş, icraata qəbul olunmuş müraciətlər qanunvericiliyin tələbləri çərçivəsində araşdırılmışdır.
Ümumilikdə, daxil olmuş müraciətlərin hüquqi kateqoriyasına görə ən çoxunu, yəni 22 faizini hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, 15,4 faizini sosial təminat, 12 faizini əmək, 8,7 faizini isə mülkiyyət hüququnun təmini və müdafiəsi ilə bağlı müraciətlər təşkil etmişdir. Digər müraciətlər isə təhsil, bərabərlik, müraciət etmək, informasiya əldə etmək, özbaşınalıqdan müdafiə və vicdanlı davranış, azad sahibkarlıq, sağlam ətraf mühitdə yaşamaq, şərəf və ləyaqətin müdafiəsi, sağlamlığın qorunması və sair hüquqlarla bağlı olmuşdur.
Qanunun tələblərinə müvafiq olaraq 43 müraciətə baxılmaqdan imtina edilmiş, 198 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, 84 müraciətdə (78 tam, 6 qismən) hüquq pozuntusu aradan qaldırılaraq ərizəçilərin hüquqları təmin edilmiş, 58 müraciətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməmiş, 26 müraciət üzrə hüquqi məsləhətlər verilmiş, 14 müraciət nəzarətdə saxlanılmış, 1 müraciətdə cinayət əlamətləri aşkar edildiyindən Naxçıvan Muxtar Respublikası Prokurorluğuna, 2 müraciət isə aidiyyəti üzrə göndərilmiş, 13 müraciətin icraatı davam etdiyindən növbəti ilə qalıq qalmışdır.
Müraciətlərin araşdırılması və təhlili təcrübəsi, habelə dövlət qurumları ilə əməkdaşlıq əlaqələri bir sıra problemlərin operativ həllində və baş verə biləcək pozuntu hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynamışdır. Nəticədə, ərizəçilərin hüquqlarının təmin edilmə göstəricisi ötən illə müqayisədə 12,7 faiz artmışdır.
Hesabat dövründə Ombudsman və onun tapşırığına əsasən Preventiv qrupun üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən İstintaq Təcridxanasına, Müvəqqəti Saxlama Yerinə, Qanunsuz Miqrantların Saxlanma Mərkəzinə, şəhər və rayon polis idarə, şöbə və bölmələrinin saxlama yerlərinə müntəzəm keçirilmiş başçəkmələr zamanı azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı məsələlər araşdırılmış, saxlamanın əsasları, qanuniliyi, müddət və şərtləri, saxlanılan şəxslərin hüquqlarının təmini ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunub-olunmaması məsələləri aydınlaşdırılmışdır.
Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrə 31, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrinə 16, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə 4, Təhsil Nazirliyinin müəssisəsinə 2, Səhiyyə Nazirliyinin müəssisəsinə 5, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisəsinə 2 və Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin müəssisəsinə 2 başçəkmə həyata keçirilmişdir.
Həmçinin Preventiv mexanizmin rəhbəri kimi Ombudsman Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadınlar bölməsinə, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının tabeliyində olan sərhəd zastavasına, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nə başçəkmə həyata keçirmiş, orada olan şəxslərlə fərdi və konfidensial söhbət aparmış, müəssisə rəhbərliyinə və əməkdaşlarına hüquqi məsləhətlər və tövsiyələr vermişdir.
Başçəkmələr zamanı 1047 şəxslə ümumi və 55 şəxslə konfidensial görüş keçirilmişdir. Görüşlər zamanı həmin şəxslərin hüquqlarının təmini vəziyyəti öyrənilmiş, müraciətləri dinlənilərək hüquqları izah edilmiş, bir çox məsələlər yerində həll edilmiş, digər hallarla bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər edilmişdir.
Başçəkmələr zamanı məhkumların ləyaqətlərinin qorunması, işçi heyətin onlarla humanist və müsbət rəftar etmə öhdəliyinə əməl etmə məsələlərinə xüsusi diqqət yetirilmiş, məhkumların saxlanılması üçün bütün mümkün sahələrdən istifadə, gigiyena və sanitariya qurğuları, məhkumların sağlamlığının qorunması və açıq havada olmaq imkanı monitorinq olunmuşdur.
2024-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında mövcud şəraitlə bağlı sıxlıq problemi yenə də aşkar olunsa da, ilin ikinci yarısında bu problemin aradan qaldırıldığı müəyyən olunmuşdur.
Ötən ildə həyata keçirilmiş başçəkmələrdə verilmiş təklif və tövsiyələrə uyğun olaraq penitensiar müəssisələrində əsaslı təmir işləri aparılaraq sanitariya və gigiyena qaydalarına uyğun zəruri şərait yaradılmış, elektrik sistemlərinə dəyişiklik edilərək işıqlandırma daha da yaxşılaşdırılmış, mərkəzləşdirilmiş ticarət şəbəkəsi vasitəsilə satışına icazə verilən qida məhsullarına və digər mallara əlçatanlıq təmin olunmuşdur.
Qeyd olunanlarla yanaşı, 2024-cü il ərzində penitensiar müəssisələrə həyata keçirilmiş başçəkmələr zamanı bir sıra nöqsanlar aşkar olunmuşdur.
Nöqsanlarla bağlı verilmiş təklif və tövsiyələrdən sonra məhkumların ədəbiyyat əldə etməsi hüququ təmin edilərək kitabxanalar zənginləşdirilmiş, yazı ləvazimatlarına əlçatanlıq təmin edilmiş, tibb-sanitar hissədə təmir-bərpa işləri görülmüş, qadın məhkumların videogörüş keçirmək hüququ təmin edilmiş, elektrikli su qızdırıcılardan istifadə qadağan olunmuş, məhkumların maddi-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlar geyim, ayaqqabı, yumşaq invertarlar və gigiyenik vasitələrlə təmin olunmuşlar.
2024-cü il ərzində Ombudsmanın Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan Müvəqqəti Saxlama Yerinə, polis idarə, şöbə və bölmələrinə həyata keçirilmiş başçəkmələr zamanı Müvəqqəti Saxlama Yerinin kameralarında sanitariya-gigiyena qaydalarına əməl olunmamasının cəzanın ləyaqətli şəkildə çəkilməsinə maneə olduğu, istifadəyə yararsız dərman preparatlarının mövcudluğu, yumşaq invertarların istifadəyə yararsız və natəmiz olduğu, bəzi müəssisələrin müvəqqəti saxlama yerlərində şəraitin uzunmüddətli saxlanılma (24 saatdan artıq) üçün əlverişli olmadığı, həmçinin bəzi polis şöbələrində “Görüş otağı”nın olmadığı, ümumilikdə, MSY-də saxlanılan şəxslərin maddi-məişət və tibbi-sanitariya təminatının qənaətbəxş olmadığı müşahidə edilmiş, saxlanma şəraitinin yaxşılaşdırılması, müvafiq müəssisələrdə görüş otaqlarının yaradılması və zəruri avadanlıqlarla təchiz edilməsi, qanunvericiliyin tələblərinə əməl olunmaqla mövcud nöqsanların aradan qaldırılması üçün yuxarı dövlət orqanına təklif və tövsiyələr verilmişdir.
Verilmiş tövsiyələrdən sonra nöqsanlar aradan qaldırılmış, aidiyyəti qurum tərəfindən kompleks təmir işlərinin görüləcəyi və çatışmazlıqların aradan qaldırılacağı bildirilmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Ordubad şəhər tam orta internat məktəbinə həyata keçirilmiş başçəkmələr zamanı məktəbdə gecələyən təhsilalanların saxlanma şəraiti, qida təminatı, tibbi və psixoloji xidmətin təşkili, maddi-məişət şəraiti ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olmayan bir sıra nöqsan və çatışmazlıqların olduğu müəyyən edilmişdir.
Aşkar olunmuş nöqsan və çatışmazlıqlarla bağlı aidiyyəti quruma verilmiş tövsiyələrdən sonra vakant olan həkim vəzifəsinə təyinat aparılaraq məktəbdə gecələyən təhsilalanların tibbi xidmətlərə əlçatanlığı təmin edilmiş, sanitar-gigiyenik sahədə mövcud olan problemlər aradan qaldırılmış, şagirdlər üçün yeni geyim və ayaqqabılar, o cümlədən yumşaq inventarlar alınmışdır.
Həmçinin qidanın keyfiyyətinə nəzarətin artırılması və qida normalarının müasir standartlara uyğunlaşdırılması məqsədilə Ombudsman tərəfindən Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunmuş və müəssisədə qidanın minimum keyfiyyətinə nəzarət gücləndirilmişdir.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserinə həyata keçirilmiş başçəkmələr zamanı pasiyentlərin hüquqlarının təminatı vəziyyəti, saxlanma şəraiti və rəftar məsələləri araşdırılmış, maddi-məişət şəraitinin və tibbi-sanitariya təminatının qanunvericiliyin tələblərinə uyğun olmadığı, sanitar-gigiyenik qaydalara riayət olunmadığı, elektrik lampalarının bir çoxunun işləmədiyi, hamamda və sanitar qovşaqlarda su kranlarının sıradan çıxdığı, yumşaq inventarların istifadəyə yararsız olduğu aşkar olunmuşdur.
Qeyd edilən hüquq pozuntularının aradan qaldırılması üçün Səhiyyə Nazirliyinə təklif və tövsiyələr verilsə də, mövcud nöqsan və çatışmazlıqlar aradan qaldırılmamışdır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nə həyata keçirilmiş başçəkmələr zamanı ahılların və digər sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının müdafiəsi, qidalanma, içməli su, habelə isti və soyuq su ilə təminat, asudə vaxtın təşkili, rəftar, sənədləşmə məsələləri araşdırılaraq şəraitin qənaətbəxş olduğu müşahidə edilmiş, bu kateqoriyadan olan şəxslərə tibbi-psixoloji və profilaktik tədbirlərin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müəssisənin rəhbərliyinə təklif və tövsiyələr verilmişdir.
Ombudsmanın preventiv mexanizm funksiyasının icrası məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin tabeliyində olan Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə həyata keçirilmiş başçəkmələr zamanı mərkəzdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin saxlama şəraiti, saxlanılma rejimi, onların hüquqlarının təmini vəziyyəti öyrənilmiş, qeydiyyat kitablarına baxış keçirilmiş, maddi-məişət şəraitinin qənaətbəxş olduğu müşahidə olunmuşdur.
2024-cü ildə hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə vəsatətlərə baxılmaması, hakimlərin hərəkətlərindən (və ya hərəkətsizliyindən) narazılıq, məhkəmə qərarları ilə bağlı dövlət rüsumunun geri qaytarılmaması, məhkəmə baxışı zamanı prosessual hüquq normalarının pozulması, işə baxılma müddətlərinin süni şəkildə uzadılması, məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılmasında köməklik göstərilməsi, məhkəmə aktlarından narazılıq, məhkəmə qərarlarının icraya yönəldilməməsi və ya icra olunmaması, şikayətlərə kassasiya və əlavə kassasiya qaydasında baxılması üçün vəkillə təmin olunmaqda köməklik göstərilməsi və digər hallar öz əksini tapmışdır.
Müraciətlərin təhlili təcrübəsi göstərir ki, icra tədbirlərinin həyata keçirilməsində mövcud çətinliklər bəzən borclunun olduğu yerin müəyyən edilməməsi ilə bağlı olur. Bu zaman yerli icra qurumu tərəfindən borclunun axtarılması barədə qərar qəbul edilərək polis orqanlarına göndərilsə də, bəzən axtarış tədbirləri həyata keçirilmir və ya bu tədbirlər gecikdirilir. Həmin şikayətlərlə əlaqədar Ombudsman tərəfindən aidiyyəti üzrə ünvanlanmış sorğular əsasında borclunun yeri müəyyən olunaraq yerli icra qurumuna təhvil verilmiş, icra tədbirləri davam etdirilmiş və bir sıra hallarda tələb təmin olunmuşdur.
Bu kimi halların qarşısının alınması məqsədilə aidiyyəti qurumlar arasında funksional əlaqələndirmə lazımi səviyyədə təşkil edilməli, məhkəmə qərarlarının icrası mexanizmləri təkmilləşdirilməli, zəruri təsir vasitələri effektiv olmalı, məhkəmə qərarlarının icrasına nəzarət gücləndirilməlidir.
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq cinayətlərin dekriminallaşdırılması, habelə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəzetmə, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumetmə institutlarının daha geniş tətbiq edilməsi, eləcə də digər istiqamətlər üzrə tədbirlər 2024-cü ildə də davam etdirilmişdir.
2024-cü il ərzində cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı Ombudsmanın ünvanına müraciətlər daxil olmuş, müraciətlərə baxılarkən qanunvericiliyin tələblərinə, habelə humanizm prinsipinə əsaslanaraq məhkumlar barədə təqdimat verilməsi ilə bağlı aidiyyəti quruma tövsiyələr edilmişdir.
Ombudsman başçəkmələr zamanı saxlanılan şəxslərin həmin müəssisələrdə hüquq və azadlıqlarının təmini vəziyyəti ilə yanaşı, müdafiəçisi ilə görüşmək hüququnun təmin olunmasına şərait yaradılması məsələləri araşdırılmış və müəssisələrin rəhbərlərinə tutulan, həbs edilən və ya məhkum edilən şəxslərə hüquqi yardımın göstərilməsi üçün vəkil ilə ləyaqətli şəraitdə təklikdə görüşmək və konfidensial ünsiyyətin saxlanılması üçün lazımi şəraitin yaradılması tövsiyə olunmuşdur.
İnformasiya sahibi olan dövlət orqanları və bələdiyyələr, vəzifəli şəxslər tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları ilə bağlı Ombudsmanın ünvanına 1 şikayət daxil olmuş, şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi tərəfindən müvafiq Qanunun tələblərinə riayət edilib-edilməməsi aydınlaşdırılmış və ərizəçinin informasiya sahibinin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədiyi müəyyən olunmuşdur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 371-374, 381.2, 381.3 və 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında protokol tərtib olunmamış, informasiya sahibləri barəsində inzibati tənbeh tədbirlərinin tətbiqinə dair qərar qəbul edilməmişdir.
Müvafiq dövlət orqanlarına verilmiş tövsiyələrdən sonra Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Publik Hüquqi Şəxsi, Dövlət Su Ehtiyatları Agentliyi və İqtisadiyyat Nazirliyi tərəfindən rəsmi internet saytlarda “sorğu butonu” yaradılmış, həmçinin Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Turizm Departamenti və Dövlət Arxiv İdarəsi tərəfindən informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edilmiş, eləcə də Naxçıvan Muxtar Respublikası Turizm Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Culfa Rayon İcra Hakimiyyəti tərəfindən “sorğu butonu” bölməsinin yaradılması üçün Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ünvanlandığı müəyyən olunmuşdur.
Bununla yanaşı, hələ də bəzi qurumların yaratdıqları informasiya ehtiyatları qanunvericiliyin tələblərinə cavab vermir.
İnformasiya əldə etmək hüququnun təbliği, bu hüquqla bağlı məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Culfa, Ordubad və Kəngərli rayon icra hakimiyyətlərində maarifləndirmə tədbirləri həyata keçirilmiş tədbirlərdə 172 nəfər iştirak etmişdir.
Müraciətlərin analitik təhlili zamanı müəyyən olunan problemlərdən biri də aidiyyəti dövlət orqanlarına vətəndaşların etdiyi müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında baxılmaması, həmçinin yazılı cavab verilməməsidir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşların müraciətlərinə qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxılmalı, müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara gecikdirilmədən yazılı cavab verilməlidir.
Növbədənkənar prezident seçkilərinə və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərə, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərə hazırlıq dövründə Ombudsmanın təşəbbüsü və təşkilatçılığı ilə dairə və məntəqə seçki komissiyalarının üzvlərinin, aidiyyəti dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə muxtar respublikanın şəhər və rayonlarında maarifləndirmə tədbirləri keçirilmişdir.
Ombudsman və aparatın əməkdaşları növbədənkənar prezident seçkilərində 6 seçki dairəsi üzrə 210 seçki məntəqəsində, həmçinin Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 6 seçki dairəsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə isə 45 seçki dairəsi üzrə 249 seçki məntəqəsində, o cümlədən hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində müstəqil olaraq özlərinin təşəbbüsləri ilə seçkiləri müşahidə etmişlər.
Ombudsman muxtar respublikanın müxtəlif bölgələrində səsvermə prosesində müşahidəçi qismində iştirak edən, eyni zamanda seçki hüququnun təmin edilməsi vəziyyətinin monitorinqini həyata keçirən aparat əməkdaşlarından mütəmadi olaraq məlumatlar almış, seçki prosesini və seçicilərin hüquqlarının təmini ilə bağlı vəziyyəti diqqətdə saxlamışdır.
Monitorinqlər göstərmişdir ki, vətəndaşların seçki hüquqları təmin olunmuş, əlilliyi olan, yaşlı və müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərin seçki hüququnun həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərindən irəli gələn şərait yaradılmışdır.
Əmək hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə əməkhaqqının ödənilməməsi və ya ödənilməsinin gecikdirilməsi, istehsalat xəsarətinə görə ödəncin, sığorta haqqının, habelə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müvafiq müavinətlərin, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyaların verilməməsi, son haqq-hesabın düzgün hesablanmaması və ya ödənilməməsi, əmək müqaviləsinin ləğv edilməsinin qarşısının alınmasına, əmək müqaviləsi müddətinin uzadılmasına, işlə təmin olunmasına köməklik göstərilməsi, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan əlilliyi olan şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların verilməməsi və bu kimi digər məsələlər öz əksini tapmışdır.
Sosial təminat hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olan müraciətlər pensiya təminatı hüququnun həyata keçirilməməsi, sosial müavinətlərin, o cümlədən ünvanlı dövlət sosial yardımının təyin olunmaması, sosial sığorta haqlarının fərdi şəxsi hesaba əlavə edilməməsi, özünüməşğulluq proqramına cəlb edilmə və əlilliyin müəyyən olunması ilə bağlı olmuş, müraciətlərin həlli istiqamətində zəruri tədbirlər görülmüşdür.
Sağlamlığın qorunması hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə güzəştli dərman preparatları ilə təminatda mövcud problemlər, müalicə müəssisəsinə göndərişin verilməsindən imtina olunması, əlilliyin qiymətləndirilməsi ilə əlaqədar göndərişin rəsmiləşdirilməsi üçün tibb müəssisəsinə müraciətin nəticəsiz qalması və ya göndərişin müəyyən edilmiş tələblərə uyğun rəsmiləşdirilməməsi, tibbi reabilitasiyanın, habelə icbari tibbi sığortanın imkanlarından yetərincə istifadə etmək üçün zəruri şəraitin yaradılmaması və bu kimi digər məsələlər öz əksini tapmışdır.
Ombudsman müvafiq ərazidə əhalinin sağlamlığının qorunması hüququnun etibarlı müdafiəsinə və əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasına şərait yaradılmasını, göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını, eləcə də tibb müəssisələrinin zəruri avadanlıqlarla təmin edilməsini zəruri hesab edir.
Hər hansı səbəbdən təhsildən yayınan uşaqlara münasibətdə aidiyyəti qurumlar tərəfindən vaxtında profilaktik tədbirlərin görülməməsi, konstitusion hüquqların pozulmasına gətirib çıxara bilər.
Qeyd edilən halların aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən monitorinqlər keçirilməklə təhsildən yayınan şagirdlərin müəyyən edilməsi və zəruri tərbiyəvi-profilaktik işin aparılması məqsədəmüvafiqdir.
Mülkiyyət hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə, əsas etibarilə, mülkiyyətdə olan əmlakın (evin, tikilinin) müvafiq məhkəmə qərarı olmadan sökülməsi, xüsusi mülkiyyətdə olan evin dövlət ehtiyacları üçün geri alınması və əvəzinin ödənilməməsi və ya əvəzində uyğun kompensasiyanın verilməməsi və digər bu kimi hallar öz əksini tapmışdır.
Mülkiyyət hüququnun pozulması ilə əlaqədar 2024-cü il ərzində Ombudsmana daxil olmuş şikayətlərdə hüquq pozuntusu baş verdiyi vaxtdan 1 ildən artıq müddət keçdiyindən, qanuna uyğun olaraq həmin müraciətlərə baxılmaqdan imtina edilmiş və vətəndaşlara vurulmuş zərərin ödənilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
Ombudsmanın müstəqil monitorinq mexanizm funksiyalarının icrası istiqamətində sosial xidmət, təhsil və tibb müəssisələrində 150 monitorinq həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrdə 112, Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyində olan müəssisələrdə 16, Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrdə 9, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan müəssisələrdə 6, Gənclər və İdman Nazirliyinin tabeliyində olan müəssisələrdə 3, Naxçıvan Dövlət Universitetinin tabeliyində olan müəssisələrdə 3, Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə 1 monitorinq aparılmışdır.
Monitorinqlər zamanı müəssisələrdə hüquqların təmini vəziyyəti yoxlanılmış, bu məsələlərə diqqətin artırılması və qanunvericiliyin tələblərinə daha ciddi əməl olunması məqsədilə müəssisələrdə maarifləndirmə işi həyata keçirilmiş və yuxarı dövlət orqanlarına təklif və tövsiyələr verilmişdir.
Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmana ünvanlanmış müraciətlərdə, əsasən, alimentin ödənilməsi və ünsiyyət hüququnun təmini ilə bağlı məhkəmə qərarlarının icrası, sağlamlıq, sosial təminat və təhsil hüququ, müəssisəyə yerləşdirmə və bu kimi digər məsələlər öz əksini tapmışdır.
Uşaq hüquqlarının etibarlı və səmərəli müdafiəsi, xüsusilə sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının effektiv təmini məqsədilə araşdırmalar aparılmış, müvafiq dövlət qurumlarına müraciətlər edilmiş, problemlərin həlli istiqamətində zəruri addımlar atılmış, müsbət nəticələr əldə edilmişdir.
Muxtar respublikada müharibə veteranlarına və şəhid ailələrinə Ombudsman tərəfindən daim xüsusi həssaslıqla yanaşılmış, aparatın əməkdaşları tərəfindən bu kateqoriyadan olan şəxslərin ailələrinə mütəmadi ziyarətlər təşkil edilmiş, onların problemləri ilə yerində tanış olunmuş, həlli istiqamətində zəruri addımlar atılmışdır.
Ombudsman həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının təmini, o cümlədən müraciətlərin araşdırılması və həbs yerlərinə başçəkmələrin keçirilməsi üzrə fəaliyyətini hesabat dövründə davam etdirmişdir.
Qeyd etmək lazımdır ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 5 nəfər məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2 nəfər məhkumun cəzaçəkmə müəssisəsinin növü dəyişdirilmişdir. Əfv məsələsi ilə bağlı icraata daxil olmuş müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təklif göndərilmiş və Azərbaycan Respublikası Prezidentinin 25 may 2024-cü il tarixli Sərəncamı ilə 2 nəfər məhkum barəsində əfvetmə tətbiq olunmuşdur.
Gender bərabərliyinin təbliği və təmin olunmasına, qadınların hüquqlarının müdafiəsinə fərdi yanaşılmış, bu istiqamətdə hüquq pozuntularının qarşısının alınmasında səmərəli fəaliyyət təşkil olunmuşdur.
2024-cü il ərzində Ombudsmanın icraatına daxil olan 241 müraciətin 77-si (56 şikayət, 21 ərizə olmaqla), yəni 32 faizi sosial kateqoriyasına görə qadınlar tərəfindən edilmişdir.
Bu sahədə Ombudsmanın ünvanına daxil olan müraciətlərdə məhkəmə qərarlarının icra olunmaması, əmək hüququnun pozulması, məşğulluq, pensiya, əlilliyin təyin edilməsi, tibbi müayinə və müalicə məsələləri, məişət zorakılığı və bu kimi digər məsələlər öz əksini tapmış, hüquq pozuntularının aradan qaldırılması istiqamətində tədbirlər görülmüşdür.
Ombudsman zorakılığın bütün formalarının yolverilməzliyinin, gender bərabərliyinin təmin olunmasının, məişət zorakılığının qarşısının alınmasının və zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsinin vacibliyini vurğulayaraq muxtar respublikada məişət zorakılığı ilə mübarizə sahəsində aidiyyəti dövlət qurumlarına effektiv tədbirlərin həyata keçirilməsini, mühafizə orderlərinin verilməsini, məişət zorakılığı qurbanlarına daha çevik dəstəyin göstərilməsini, baş vermiş zorakılıq halları ilə əlaqədar onların vaxtında və hərtərəfli yardımla təmin edilməsini təklif edir.
Ahıl vətəndaşların maddi və mənəvi tələbatlarının ödənilməsi, müxtəlif növ xidmətlərin göstərilməsi, sağlamlıqlarının qorunması və tibbi reabilitasiyasının beynəlxalq standartlar səviyyəsində qurulması Ombudsman tərəfindən davamlı araşdırılmış, onlara göstərilən tibbi-sosial xidmətlərin, asudə vaxtlarının təşkili və digər hüquqların təmin olunması vəziyyəti nəzarətdə saxlanılmışdır.
Hərbi qulluqçular və onların ailə üzvlərindən Ombudsmana daxil olmuş müraciətlərdə, əsasən, məhrum olduqları hərbi rütbənin bərpa edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi xidmətdə olduğuna dair arayış və digər zəruri sənədlərin verilməsi, sığorta ödənişinin ödənilməsi, habelə hərbi qulluqçuların, ehtiyatda və istefada olan hərbi qulluqçuların və onların ailə üzvlərinin bəzi sosial problemləri, o cümlədən mənzil təminatı ilə bağlı məsələlər öz əksini tapmışdır.
Ombudsman tərəfindən hərbi qulluqçular və onların ailə üzvlərindən daxil olmuş müraciətlər üzrə araşdırmalar aparılmış, aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, onların hüquqlarının təmini və müdafiəsi istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Miqrantların hüquqlarının təmin olunması istiqamətində hüquq pozuntularının qarşısının alınması məqsədilə mütəmadi olaraq başçəkmələr həyata keçirilmiş, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti araşdırılmışdır.
Hesabat dövründə əhalinin maarifləndirilməsi, beynəlxalq əməkdaşlıq istiqamətində işlər davam etdirilmiş, Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi, elmi-analitik, informasiya və metodiki məsələlər üzrə öz fəaliyyətini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə əlaqələndirmişdir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində Ombudsman Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının üzvləri ilə görüşmüşdür.
Ombudsman, Hüquq və İnsan Haqları İnstitutu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda aidiyyəti qurumların iştirakı ilə geniş tərkibdə konfrans keçirilmişdir.
Həmçinin Ombudsman və “UNICEF”in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “BMT-nin Uşaq Hüquqları Komitəsinin “Uşaq hüquqları haqqında” Konvensiyanın icrası ilə bağlı Azərbaycan Respublikasının beşinci və altıncı məruzələrinə dair Yekun Tövsiyələri” mövzusunda vebinar təşkil edilmişdir.
Ombudsman və təsisatın əməkdaşları Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunda iştirak etmiş və Ombudsman “İqlim dəyişikliyi, onun minalar və müharibənin partlayıcı qalıqları ilə kəsişməsi” mövzusunda çıxış etmişdir.
Ombudsman tərəfindən ənənəvi olaraq 2024-cü ildə də 18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ilə bağlı Naxçıvan şəhərində və rayonlarda insan hüquqlarına dair müxtəlif aktual mövzulara həsr edilmiş hüquqi maarifləndirmə tədbirləri və aksiyalar keçirilmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) iştirakı ilə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda 2 dəyirmi masa təşkil edilmiş, seçki qanunvericiliyi, seçki prosedurları barəsində geniş məlumat verilmiş, ilk dəfə səsvermə hüququ əldə etmiş gənclərə “Mənim seçki hüququm” adlı vəsaitlər paylanmışdır.
Ombudsmanın təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə “İnsan hüquqları” ilə bağlı məqalə müsabiqəsi elan olunmuş, müsabiqənin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim edilmişdir.
Ombudsman təsisatı tərəfindən autizmli gənc rəssamın “Mənim rəngli dünyam” adlı albom-kataloqu hazırlanaraq aidiyyəti qurumlara və kitabxanalara paylanılmış, uşaq ictimaiyyətinə geniş təqdim olunmuşdur.
Qeyd etmək lazımdır ki, 2024-cü il ərzində Ombudsman tərəfindən beynəlxalq səviyyəli 2 tədbir təşkil edilmiş və aparatın əməkdaşları beynəlxalq səviyyəli 5 tədbirdə iştirak etmişdir. Həmçinin müxtəlif sosial qruplara ünvanlanmış və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə respublika səviyyəli plan üzrə 51, plandankənar 51 olmaqla, 109 tədbir (konfrans, təlim, seminar və sair) keçirilmişdir. Ümumilikdə, 78 müəssisəni əhatə edən tədbirlərdə 4733 nəfər iştirak etmişdir.
2024-cü ildə Ombudsmanın II Qarabağ müharibəsinin gənc veteranları, o cümlədən “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri və üzvləri, vətəndaş cəmiyyəti institutlarının rəhbər şəxsləri və uşaqlarla görüşü olmuşdur.
Həmçinin Ombudsman “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə almaqla dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına, eyni zamanda ölkədə könüllülük hərəkatına dəstək olmaq, gəncləri Ombudsman aparatında könüllü fəaliyyətə cəlb etmək məqsədilə “Könüllülük proqramı”nın icrasına başlamışdır.
Ombudsman geniş ictimaiyyətlə əlaqələrin daha sıx və səmərəli təşkili məqsədilə media subyektləri ilə əməkdaşlığını daha da genişləndirmiş, sosial şəbəkə hesabları vasitəsilə təsisatın fəaliyyəti barədə məlumatlara əlçatanlığı təmin etmişdir.
Ombudsmanın fəaliyyəti ilə bağlı yerli və ölkə mediasında 316, rəsmi internet səhifəsi və sosial media hesablarında 942 informasiya materialı olmaqla, ümumilikdə, 1258 informasiya materialı işıqlandırılmışdır.
TƏKLİFLƏR
Ombudsman insan hüquq və azadlıqlarının səmərəli təmin olunması və etibarlı müdafiəsi məqsədilə aşağıdakıları təklif edir:
– Əlilliyin müəyyən olunması ilə bağlı həkim-məsləhət komissiyalarının göndərişləri ilə tibbi-sosial ekspert komissiyalarının rəyləri arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə “Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestri”nə daxil edilməli olan məlumatlara dair tələblərin dəqiq müəyyən edilməsini;
– Əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı, o cümlədən əlillik vəziyyətinin müəyyən edilməsi zamanı tibbi-sosial ekspert komissiyaları ilə həkim-məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsini;
– Əlillərin həyat şəraitinin yaxşılaşdırılması üçün fiziki məkanların (binaların, nəqliyyat vasitələrinin) əlillərə uyğunlaşdırılması və iş yerlərində uyğun şəraitin yaradılmasını;
– Uşaqların sağlam fiziki və psixi inkişafına, onların sağlamlıq vəziyyətinə tibbi-profilaktik nəzarətin gücləndirilməsi, eyni zamanda 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin müntəzəm olaraq müvafiq tibbi-reabilitasiya xidmətlərindən istifadəsinin daha əlçatan olmasını;
– Məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığın qorunması hüququnun təmin edilməsi sahəsində səmərəliliyin artırılması məqsədilə qidanın keyfiyyətinə nəzarətin artırılmasını, qida normalarının müasir standartlara uyğunlaşdırılmasını;
– Erkən uşaqlıq dövründə uşaqların inkişafının təmin olunması, uşaqların gələcəkdə sağlamlıq və sosial risklərə məruz qalma ehtimalının qarşısının alınması məqsədilə məktəbəqədər təhsil müəssisələrində “uşaq psixoloqu” ştatlarının yaradılmasını;
– Ümumtəhsil müəssisələrində mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılmasını, habelə peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsini;
– İnternat məktəbində gecələyən təhsilalanların sağlam, təhlükəsiz və inkişaf etdirici mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə “gecə dayəsi” və “psixoloq” ştatlarının sayının artırılmasını;
– Məktəblərdə və digər təlim-tədris müəssisələrində insan hüquqları mövzusunun tədris edilməsini və bu sahədə maarifləndirmə proqramlarının keçirilməsini;
– Çətin həyat şəraitində olan, o cümlədən məişət zorakılığından zərərçəkmiş şəxslərin, xüsusən qadın və uşaqların təhlükəsizliyinin və müdafiəsinin xüsusi təlim keçmiş mütəxəssislərin köməyi ilə təmin edilməsi məqsədilə yardım mərkəzlərinin, sığınacaq evlərinin, psixoloji dəstək mərkəzlərinin yaradılmasını;
– Zorakılıq halları ilə mübarizə üçün təhsil və məlumatlandırma kampaniyalarının təşkil edilməsini, cəmiyyətdə zorakılığa qarşı tolerantlıq prinsipinin gücləndirilməsini;
– Məhkumların maddi ehtiyaclarının, habelə aliment və başqa borclarının ödənilməsi və ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində yeni istehsal sahələrinin yaradılmasını;
– Penitensiar müəssisələrdə məhkumlara psixoloji yardımın göstərilməsi məqsədilə məhkumlarla işləmək bacarığına malik peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsini;
– Məhkum edilmiş şəxslərin təhsil almaq hüququnun təmin edilməsi, orta ixtisas və ya ali təhsilini davam etdirməsi, öz bilik və bacarıqlarını artırması məqsədilə müvafiq mexanizmlərin yaradılmasını;
– Video zənglərin təşkil edilməsinin məhkumun ailəsi və yaxınları ilə əlaqələrini möhkəmləndirməklə islah prosesinə müsbət təsirini, görüş üçün sərf ediləcək nəqliyyat xərclərinə (xüsusilə uzaqda yaşayanlar üçün) qənaəti nəzərə alaraq məhkumların videogörüş keçirmək hüququnun təmin olunması üçün zəruri addımların atılmasını;
– Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə sosial adaptasiya mərkəzinin yaradılmasını;
– Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərində və kameralarında saxlanma şəraitinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasını, əsaslı təmir-bərpa işlərinin aparılmasını;
– Muxtar respublikanın bir sıra bölgələrində suvarma suyu ilə bağlı problemlərin həlli məqsədilə yeni artezian quyularının qazılmasını.
Qeyd edilənlərlə yanaşı, Ombudsmanın fəaliyyətinin daha səmərəli təşkili məqsədilə strukturun təkmilləşdirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə aşağıda göstərilmiş məsələlərin həllinin zəruriliyi diqqətə çatdırılır:
– Başçəkmələrin və monitorinqlərin yüksək səviyyədə təşkili və operativ şəkildə həyata keçirilməsi məqsədilə Ombudsman aparatında “Başçəkmələr və monitorinqlər sektoru”nun və onun tərkibində müvafiq ştatların (sektor müdiri; böyük məsləhətçi-həkim; böyük məsləhətçi-psixoloq) və maddi-texniki bazanın yaradılmasını;
– Ombudsman aparatının inzibati binasına buraxılışın və idarədaxili rejimin, təhlükəsizliyin və mülkiyyətin mühafizəsinin təmin edilməsi məqsədilə təsisatda mühafizə xidmətinin fəaliyyət göstərməsini;
– İnsan hüquqlarının müdafiəsinin daha səmərəli və operativ təmin edilməsi məqsədilə Ombudsman təsisatında “Çağrı mərkəzi” xidmətinin yaradılmasına maliyyə dəstəyinin verilməsini.
Ombudsmana etimad göstərərək müraciət edən şəxslərə, həmçinin insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində əməkdaşlıq edən dövlət orqanlarına və vətəndaş cəmiyyəti institutlarına təşəkkürümü bildirirəm.
Digər xəbərlər