NAXÇIVAN :

05 Yanvar 2025, Bazar

Naxçıvan Muxtar Respublikasının 100 illiyi: milli dövlətçilik tarixinin möhtəşəm zirvəsi və strateji inkişaf perspektivləri

...

Naxçıvan Muxtar Respublikasının 100 illiyi təkcə tarixi bir yubiley deyil, həm də Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsidir. Bu səhifə müasir Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin dərin izlərini daşıyır. Ulu Öndər Heydər Əliyev 1990-cı illərin əvvəllərində Naxçıvanda göstərdiyi qətiyyətli siyasi iradə, düzgün strateji yanaşmalar və xalqla vahid ideya ətrafında birləşmək bacarığı sayəsində, blokada şəraitində belə Naxçıvanı milli dövlətçilik prinsipinə sadiq, suverenliyə dayaq olan bir məkana çevirdi.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən geniş miqyasda qeyd edilir. Bu sənəd Naxçıvanın birəsrlik muxtariyyət tarixinin milli dövlətçilik irsimizlə və strateji hədəflərimizlə səsləşən elmi-nəzəri çərçivədə dəyərləndirilməsinə zəmin yaradır. Sərəncam Naxçıvanın keçdiyi yolu yalnız tarixi faktların xatırlanması ilə məhdudlaşdırmır, eyni zamanda bölgənin gələcək inkişaf strategiyalarının, iqtisadi-sosial potensialının və milli-ideoloji istiqamətlərinin sistemli şəkildə araşdırılmasına şərait yaradır.
Naxçıvan təkcə milli dövlətçiliyimizdə deyil, həm də coğrafi-strateji mövqeyinə görə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Əsrlər boyu İpək Yolunun əsas qolunda yerləşən Naxçıvan, Şərq və Qərb arasında ticarət, mədəniyyət və elmi ideyaların axışdığı tranzit mərkəzi kimi tanınırdı. Bu coğrafi üstünlük müasir dövrdə də regionu müxtəlif nəqliyyat və logistika layihələrinin mərkəzinə çevirir, Naxçıvanı Orta Dəhlizin bir parçası etməklə onun geostrateji dəyərini daha da artırır.
Tarixən “Şərqin qapısı” adlandırılan Naxçıvan coğrafi baxımdan Türk-İslam mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin və intellektual düşüncəmizin əsrlər boyu inkişafına təkan verən bir məkan olmuşdur. Bu torpaq müxtəlif sivilizasiyaların mədəni və elmi nailiyyətlərinin qarşılıqlı təsirə məruz qaldığı, mədəniyyətlərin bir-birindən öyrəndiyi tarixi mühit formalaşdırmışdır.
Naxçıvan böyük ədiblərimiz Cəlil Məmmədquluzadə və Hüseyn Cavidin Vətəni kimi Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və maarifçilik ənənələrinin dəyərli qaynağıdır.  Onların yaradıcılığı Naxçıvanın mədəni irsində mühüm yer tutur və regionun milli ruhunu daha da möhkəmləndirir.
Naxçıvan, həmçinin milli memarlıq tariximizdə dərin iz buraxan Memar Əcəminin vətənidir. Onun yaratdığı Möminə xatın və Yusif Küseyir oğlu türbələri dünya memarlıq irsində Azərbaycan üslubunu tanıdan möhtəşəm abidələrdir. Bu sənət inciləri əsrlər sonra da milli-mədəni bələdçimiz olaraq Naxçıvanın mədəni kimliyinə xüsusi dəyər qatır, estetik düşüncəmizi zənginləşdirir.
Ümummilli Lider Heydər  Əliyevin Naxçıvanda doğulması və milli ruhda formalaşması bu torpağın tarixində və dövlətçilik şüurunda dərin iz qoymuşdur. Məhz Naxçıvanın qədim kökləri, milli adət-ənənələri, zəngin mədəni irsi və vətənpərvərlik dəyərləri dahi şəxsiyyət Heydər Əliyevin siyasi müdrikliyinin bünövrəsində dayanır. Daha sonra Onun rəhbərliyi altında Azərbaycan müstəqilliyin qorunması, iqtisadi tərəqqi, siyasi sabitlik və beynəlxalq nüfuz qazanmaqla Naxçıvanın tarixi missiyasını dövlətçilik modelimizin əsas sütunlarından birinə çevirdi.
Müstəqilliyin bərpasından sonrakı ilkin mərhələdə ölkədəki hakimiyyətsizlik, erməni işğal planlarının genişlənməsi və iqtisadi-sosial kataklizmlər Naxçıvana da ciddi təsir göstərirdi. Lakin görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvanda nümayiş etdirdiyi siyasi qətiyyət, praqmatik yanaşmalar və milli ideyalara sadiqlik bölgəni milli müqavimətin avanqardına çevirdi. Bu dövrdə atılan addımlar milli suverenliyin əbədi qorunmasına, müstəqilliyin davamlılıq prinsipinin möhkəmlənməsinə və siyasi idarəetmənin keyfiyyətcə yeni mərhələyə çıxmasına zəmin yaratdı.
Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Naxçıvan Muxtar Respublikasını son illərdə sosial-iqtisadi yüksəlişin, modern infrastrukturun formalaşdırılmasının və müasir idarəetmə modelinin tətbiqinin mərkəzinə çevirdi. Blokada şəraitinə baxmayaraq, Naxçıvan öz müdafiə potensialını artırdı, alternativ enerji mənbələrindən istifadəni genişləndirdi, kənd təsərrüfatı, turizm, təhsil və səhiyyə sahələrində yüksək göstəricilər əldə etdi. 44 günlük Vətən müharibəsindən sonra yaranan geosiyasi reallıqlar, Zəngəzur dəhlizinin açılması perspektivi Naxçıvanın regionda əsas nəqliyyat-logistika düyününə çevrilməsinə zəmin yaradır.
Naxçıvan Muxtar Respublikası təkcə tariximizin mirası deyil, eyni zamanda strateji inkişaf perspektivlərimizi və milli dövlətçiliyimizin əbədi varlığını simvolizə edən möhtəşəm bir məkandır. Bu torpaq qarşıdakı onilliklərdə də Azərbaycan dövlətçiliyinin parlaq simvolu olaraq qalacaq, milli suverenliyimizə, elmi-texnoloji tərəqqiyə və mədəni inteqrasiyaya arxa-dayaq təşkil edəcəkdir.

Əli ABBASOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı 

 

Nəşr edilib : 02.01.2025 16:01