Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, açarlar t...
16:08 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Muxtar respublikada əhalinin qida təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi olaraq qida subyektlərində dövlət nəzarəti, təftiş, reyd və monitorinqlər aparılaraq uyğunsuzluqlar və nöqsanlar aşkarlandıqda qanunvericiliyə uyğun tədbirlər görülür. Ancaq son zamanlar istifadəyə yararsız yumurtaların aşkarlanaraq məhv edilməsi xəbərinin aktuallığı təəssüf doğurur.
Bəs bu istifadəyə yararsız yumurtalar ölkənin digər bölgələrindən muxtar respublikaya daxil olmazdan əvvəl yoxlanılmırmı? Buna nəzarət hansı səviyyədə təşkil olunub? Elə bu sualımızın cavabını Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucovdan öyrəndik. O bildirdi ki, apardığımız reydlər zamanı yumurtalarda həm orqonoleptik göstəricilərin, həm də keyfiyyət göstəricilərin çox aşağı olduğu və insan sağlamlığı üçün təhlükəliliyi müəyyən edilib. Yumurta və digər qida məhsulları ölkəyə, eləcə də muxtar respublikaya birbaşa idxal olunan zaman bütün nəzarət tədbirləri həyata keçirilir. Lakin, ölkəmizin digər bölgələrindən muxtar respublikaya gətirilən qida məhsulları daxili daşınma ilə həyata keçirildiyindən idxal nəzarət proseduru tətbiq edilmir. Həmin məhsullara nəzarət monitorinq və digər dövlət nəzarəti tədbirləri vasitəsilə anbarlarda və ticarət obyektlərində həyata keçirilir. Daxil olan bu kimi məhsullar gətirilməzdən əvvəl temperatur göstəricisinə xüsusi diqqət yetirilməlidir. Həmçinin vətəndaşlar məhsul əldə etməzdən qabaq mütləq temperaturuna, son istifadə tarixinə və etiketi olub-olmamasına nəzarət etməlidir. Orxan müəllim onu da diqqətimizə çatdırdı ki, nəzarət tədbirləri zamanı, ümumilikdə, son iki ay ərzində istifadəyə yararsız 210 min 980 ədəd yumurta barədə məhvetmə qərarı qəbul edilmiş və proses icra olunmuşdur. Qida məhsullarına nəzarət aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilsə də, bu sahədə effektiv nəticələrin əldə olunması üçün ictimai nəzarətin də rolu mühümdür. İnsanların qida məhsulu alarkən mütləq məhsulun saxlanma şəraiti, etiket məlumatları, əmtəə görünüşü kimi vacib məsələlərə diqqət etmələri tövsiyə olunur.
İstehlak edilən qida məhsulları ilə bağlı vətəndaşlarda hər hansı şübhə yarandıqda, eləcə də qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda bu barədə konkret faktlarla agentliyin 036-545-28-83 nömrəsi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər. İstehlakçı hüquqlarının qorunması istiqamətində agentlik tərəfindən qeyd olunan sahədə nəzarət tədbirləri davam etdiriləcək və nəticələri barədə mütəmadi ictimaiyyətə məlumat veriləcəkdir.
Bülbül QULİYEVA
Digər xəbərlər