NAXÇIVAN :

24 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində ötən ilin yekunları müzakirə olunub

...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2024-cü ildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş tərkibli kollegiya iclası keçirilib. Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərovun sədrliyi ilə keçirilən iclasda nazirliyin struktur qurumlarının rəhbərləri, Penitensiar Xidmətin, Məhkəmə Ekspertizası Mərkəzinin, yerli icra və probasiya qurumlarının əməkdaşları iştirak ediblər.
Kollegiyada  Hüseyn Səfərov çıxış edərək ötən il ölkəmizdə əldə edilən uğurların əhəmiyyətindən bəhs etmiş, “Yaşıl dünya naminə həmrəylik ili”, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) və “Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi” çərçivəsində 2024-cü ildə bir sıra tədbirlərin keçirildiyini, həmçinin ötən ildə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanun qəbul edildiyini, Qanundan irəli gələn məsələlərin həlli ilə bağlı hüquqi aktların qəbul edildiyini, bələdiyyə seçkilərinin 29.01.2029-cu il tarixə təyin edilməsini, eyni zamanda Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamının muxtar respublika ədliyyə işçiləri qarşısında da mühüm vəzifələr qoyduğunu vurğulamışdır.
Nazir müavini həmçinin hesabat ilində Naxçıvan Muxtar Respublikası ədliyyə orqanlarında görülmüş işlərlə bağlı məlumat verib. Bildirib ki, penitensiar sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilmiş, məhkum və həbs edilmiş şəxslərin hüquqları qorunmuş, onlarla profilaktik tədbirlər həyata keçirilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2024-cü il mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası ilə əlaqədar Penitensiar Xidmətin 8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzaçəkən 1 nəfər məhkum azadlığa buraxılmışdır. 
Məhkəmə Ekspertizası Mərkəzində ötən ilin eyni dövrü ilə müqayisədə işlərin sayının 313 iş artaraq 1608 işə çatmış, ekspertlər tərəfindən 177151 obyektin tətqiqatı aparılmış, ekspertlər qarşısında 3274 sual qoyulmuş, onlardan 3272 sual cavab verməklə qaldırılmış məsələlər 93% həll edilmişdir. 
Qanunvericilik sahəsində səmərəliliyin artırılması və qəbul edilmiş hüquqi aktların dövlət reyestrinə daxil edilməsi işi diqqətdə saxlanılmış, 3962 hüquqi akt reyestrə daxil edilmiş, 19 normativ hüquqi aktın layihəsi hazırlanmış, 105 normativ hüquqi aktın layihəsinə dair rəy verilmiş, 11 hüquqi aktın məcburi hüquqi ekspertizası keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrinin milli qanunvericilik bazası olan e-qanun.az elektron resursuna  inteqrasiya olunması ilə əlaqədar işlər tamamlanmışdır. 
Əhalinin hüquq mədəniyyətinin artırılması və maarifləndirilməsi işi diqqət mərkəzində saxlanılmış,  media sahəsində 1137 hüquq maarifləndirmə materialları dərc olunmuşdur. 
Ədliyyə orqanlarında vətəndaş müraciətlərinə baxılması və qəbulu işinə daim nəzarət olunmuş, vətəndaş müraciətləri ötən ilin eyni dövrü ilə müqayisədə 17 % (132 müraciət) artaraq 884  müraciətə çatmış, nazirliyin rəhbərliyi tərəfindən nazirlikdə və rayonlarda keçirilən qəbullarda ümumilikdə, 186 vətəndaşın şifahi müraciəti dinlənilmişdir.
2024-cü ildə 8 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınmış, 12  qeyri-kommersiya hüquqi şəxs ləğv edilmiş, 57 ianə və 2 qrant müqaviləsi qeydə alınmışdır. Qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və sənədlərin leqallaşdırılması ilə bağlı ötən hesabat dövrü ilə müqayisədə 44 % azalmaqla 10760 manat rüsum dövlət büdcəsinə ödənilmişdir.
Məhkəmələrin fəaliyyəti üzrə iş yükünün xeyli artması öz təsirini ədliyyə fəaliyyəti sahəsində də göstərmişdir. Belə ki, məhkəmə qərarlarının icrası istiqamətində daxil olan işlərin sayında ötən dövrlə müqayisədə 1775 iş artmaqla 9315 iş daxil olmaqla, 2024-cü ildə icra olunmalı ümumi 19472 işdən hesabat dövründə ümumilikdə 5894 sənədin icrası tam təmin edilmiş, icra olunmalı ümumi işlərdən 3244 aliment işi və 339 uşaqla ünsiyyət işləri isə vaxtaşırı icra sənədi olduğundan, icrası hər ay davam etdirilir. Bununla da hesabat ilində tam icra edilən və hər ay davam etdirilməli bu qəbildən olan işlərdən 9477 iş (49%) icra olmuşdur, pul tələbi ilə bağlı digər işlər üzrə də tutmalar müvafiq qaydada borcluların əmək haqlarına və digər gəlirlərinə yönəldilməklə davam etdirilmiş, həmçinin pul tələbi ilə bağlı olmayan digər icra sənədləri üzrə də icra tədbirləri davam etdirilmişdir. 
İşlərin icrasını təmin etmək məqsədilə 341 borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, zərurət aradan qalxdığından 231 borculunun məhdudiyyəti üzərindən götürülmüşdür. Yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı aliment tələbi üzrə işlər daim nəzarətdə saxlanılmışdır. Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 138 nəfər borclu barəsində məhkəmə qərarları ilə inzibati qaydada həbs tətbiq edilmişdir.
Probasiya sahəsi üzrə daxil olan işlərdə ötən ilin müvafiq dövrünə nisbətən 8% artaraq 231 nəfərə çatmışdır. Məhkum olunmuş şəxslərlə profilaktik görüşlər keçirilməsi davam etdirilmişdir. 
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təmin olunması üzrə təsirli tədbirlər görülmüş, maarifləndirilmə və bələdiyyələrə metodoloji yardımın gücləndirilməsi işi diqqət mərkəzində saxlanılmışdır. Hesabat ilində 2557 bələdiyyə aktı daxil olmuş fəaliyyəti zamanı qanun pozuntusuna yol vermiş 4 bələdiyyə sədri barəsində inzibati xəta protokolu tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. 
Kollegiya iclasında ədliyyə fəaliyyətinin müasirləşdirilməsi, hüquqi maarifləndirmənin artırılması, vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına əməl edilməsi və yerli qurumlarla əməkdaşlığın gücləndirilməsi kimi prioritet vəzifələr müzakirə edilib.
Qeyd olunanlardan əlavə, Kollegiya iclasında Penitensiar Xidmətin rəisi, ədliyyə polkovnik Emin Kazımov, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov, İcra və probasiya xidmətinin rəisi ədliyyə müşaviri İntiqam Vəliyev, Bələdiyyələrlə iş şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Xəyal Eyvazovun çıxışları dinlənilib.
Kollegiya iclasında nazirliyin 2024-cü ilə dair iş planı və kollegiya qərarı təsdiq edilmişdir. Strateji planlaşdırma və monitorinq idarəsinin şöbə rəsini, baş ədliyyə müşaviri Səttar Zamanov kollegiyanın qərarını əməkdaşların diqqətinə çatdırıb.
Kollegiyada həmçinin “22 noyabr - Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü” münasibətilə Azərbaycan Respublikası ədliyyə naziri, cənab Fərid Əhmədovun müvafiq əmri ilə təltif edilmiş ədliyyə işçisinə Fəxri fərmanı təqdim edilmişdir.
Sonda kollegiyada ötən il nazirlik  qarşısında qoyulan tapşırıqlar, xüsusən də  icra, ekspertiza, bələdiyyə fəaliyyəti ilə bağlı tapşırıqları növbəti ildə ədliyyə orqanlarının fəaliyyətində rəhbər götürülməklə bütün tapşırıqların icrasının nəzarətdə saxlanılacağını qeyd etmişdir.

Nəşr edilib : 23.01.2025 20:38