FHN bayram günlərində gücləndirilmiş iş rejimində ...
09:55 05.06.2025
0
0
0
NAXÇIVAN :
05 Iyun 2025, Cümə axşamı
Naxçıvan Muxtar Respublikası Bəhruz Kəngərli adına Sərgi Salonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyinə həsr olunmuş sərgi-konsert təşkil olunub.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Rəssamlar Birliyi və Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kolleci özünün 50 illik yubileyini böyük təntənə ilə qeyd edir. Bildirib ki, kollec regionun mədəni həyatında xüsusi yer tutur, bu elm və sənət ocağı qədim diyarın musiqi zövqünün formalaşmasında, eyni zamanda peşəkar musiqiçilərin yetişdirilməsində mühüm rol oynayır. Kollecin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaranma tarixi bilavasitə Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Əməkdar rəssam vurğulayıb ki, bu gün adıçəkilən qurumlar öz fəaliyyətlərini dövlət siyasətinə uyğun şəkildə davam etdirir və bu istiqamətdə mühüm uğurlar qazanırlar. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bütün tədbirlər ölkəmizin hüquqi və milli dəyərlərinə əsaslanaraq həyata keçirilir və yaradıcı insanlar da bu dəyərləri dərindən dərk edərək öz fəaliyyətlərində geniş istifadə edirlər. Bu cür tədbirlər Naxçıvanın zəngin mədəni irsinin yaşadılmasına və yeni nəslin estetik tərbiyəsinə böyük töhfə verir. Yubiley tədbiri bir daha sübut edir ki, Naxçıvan Musiqi Kolleci təkcə bir təhsil müəssisəsi deyil, həm də milli musiqi mədəniyyətimizin mühüm dayaqlarından biridir.
Rəssamlar Birliyinin sədri Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, kollecin rəhbərliyinə, tələbələrə, orkestrin rəhbəri və musiqiçilərinə təşəkkürnamələr təqdim edib.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Həsən Seyidov bildirib ki, incəsənətin bir çox sahələri vardır. Onlardan biri musiqi, digəri rəsm, yəni onlar gecə ilə gündüz kimidir. Rəsmi gündüz Günəş kimi görür, musiqini isə gecələr Ay kimi sadəcə dinləyə bilirik. Hər ikisi bir-biri ilə çox vəhdət daşıyan mövzulardır. Bu gün bu salonda təşkil olunan bu möhtəşəm tədbirdə, əlbəttə ki, təşkilatçıların əməyi danılmazdır.
Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə də öz minnətdarlığını bildirən Həsən Seyidov qeyd edib ki, Musiqi kolleci onun üçün də doğmadır. "Əmək fəaliyyətimin 20 ilə yaxın dövrü tələbəlik və pedaqoji fəaliyyətdən keçib. Bir çox peşəkar musiqiçilər həmin kollecdə təhsil alıblar və musiqi sənətini olkəmizdə, eləcə də ölkəmizdən kənarda yaşatmaqla məşğuldular. Bu gün kollecdə çalışan hər bir müəllimin zəhməti çox böyükdür. Bunun üçün də rəhbərliyin diqqəti və idarəetməsi daha vacib məsələdir",–deyə nazir müavini əlavə edib.
Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Musiqi Kollecinin uğurlu fəaliyyətindən söz açıb. Qeyd edib ki, kollecin 4 mindən çox məzunu olub, bu məzunların bir çoxu fəxri adlarla təltif edilib, elmi dərəcələr alıb, yüksək vəzifələrdə işlə təmin olunublar. Yarıməsrlik fəaliyyəti dövründə məktəb özünəməxsus tədris ənənələri, yaradıcı kollektivləri, elmi və ifaçılıq uğurları ilə seçilərək Azərbaycan musiqi təhsilində layiqli yerini tutub.
Sonra Musiqi Kolecinin rəhbərliyinə 50 illik təbrik və orada dərs deyən bir neçə müəllim və istedadlı tələbələrə təşəkkürnamələr təqdim olunub.
Tədbirdə kollecin tərkibində fəaliyyət göstərən orkestrin müşayiəti ilə mahnılar səsləndirlib.
Sonda kollecin tələbələrinin çəkdiyi rəsm işlərinə baxış olub.
Qeyd edək ki, sərgidə 17 tələbənin müxtəlif janrlarda 70-ə yaxın rəsm işləri nümayiş olunub.
Aidə İBRAHİMOVA
Digər xəbərlər