NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan Kukla Teatrında yeni nəfəs

...

Naxçıvanın mədəni həyatında özünəməxsus yeri olan Kukla Teatrı hər zaman yeniliklərə açıq olub. Bu dəfə teatr rəhbərliyi tamaşaçıların maraqlarını nəzərə alaraq tamamilə fərqli bir layihəyə imza atırlar. Teatrın direktoru, layihə rəhbəri Səyyad Məmmədovun sözlərinə görə,ilk dəfə olaraq 6 monotamaşa hazırlanır. Bu tamaşalar həm janr, həm də təqdimetmə baxımından yenilik hesab olunur.

Monotamaşa janrı dünya teatr ənənəsində özünəməxsus yeri olan bir istiqamətdir. Burada bütün məsuliyyət və yük bir aktyorun üzərinə düşür. Aktyor həm obrazı yaradır, həm də tamaşaçı ilə birbaşa ünsiyyət qurur. Naxçıvan Kukla Teatrında hazırlanan tamaşaların fərqli cəhəti isə onların həm kukla ilə, həm də canlı ifa formasında təqdim olunmasıdır.

Səyyad Məmmədov bildirib ki, monotamaşalar daha çox gənclər və yetkin yaşlı tamaşaçılar üçün nəzərdə tutulub:“Biz istəyirik ki, teatr yalnız uşaqlar üçün yox, həm də gənclər və böyüklər üçün maraqlı məkan olsun. Buna görə də monotamaşa layihəsini həyata keçirməyə başladıq. Həm kukla vasitəsilə, həm də canlı ifa ilə monotamaşalar hazırlayırıq”.

Layihənin icrasına may ayından start verilib. Hazırlanan tamaşaların hər biri müxtəlif mövzuları əhatə edir və tamaşaçının düşüncəsinə, duyğularına təsir göstərməyi hədəfləyir. Səyyad Məmmədov qeyd edibki, bu addım teatrın inkişafı üçün yeni bir mərhələ olacaq:“Layihəyə özüm rəhbərlik edirəm. Məqsədimiz teatrın repertuarını zənginləşdirmək, tamaşaçılara yeni teatr janrlarını təqdim etməkdir. İstəyirik ki, gənclər teatrın gücünü daha yaxından hiss etsinlər, düşüncə və yaradıcılıq dairələrini genişləndirsinlər”.

Naxçıvan Kukla Teatrı uzun illərdir ki, balaca tamaşaçıların sevimli məkanıdır. Ənənəvi kukla tamaşaları uşaqlara həm əyləncəli, həm də maarifləndirici məzmun təqdim edir. Lakin zaman dəyişdikcə teatrın da auditoriyası böyüyür. Bu gün artıq böyüklərin də teatra marağı artır və yeni layihələr bu marağı daha da gücləndirir.

Səyyad Məmmədovun fikrincə, teatr yalnız uşaq auditoriyası ilə məhdudlaşmamalıdır:“Kukla teatrı deyəndə hər kəsin ağlına ilk olaraq uşaqlar gəlir. Amma biz göstərmək istəyirik ki, teatr böyüklərə də söz deyə bilər. Həyatın müxtəlif mövzularını kukla vasitəsilə də, canlı aktyor oyunu ilə də təqdim etmək mümkündür”.

Hazırlanan 6 monotamaşanın yaxın aylarda tamaşaçılara təqdim olunacağı planlaşdırılır. Hər tamaşa özünəməxsus üslub və mövzusu ilə seçiləcək. Tamaşaların həm estetik, həm də məzmun baxımından tamaşaçıya fərqli təcrübə qazandıracağı gözlənilir.

Naxçıvan teatr ənənəsində bu addım böyük bir yenilik kimi qiymətləndirilir. Bu günədək müxtəlif janrlarda tamaşalar hazırlayan teatrın monotamaşalara müraciət etməsi həm yaradıcı heyət, həm də tamaşaçı üçün yeni təcrübə olacaq.

Bu layihə, əslində, Naxçıvanda mədəniyyətin daim inkişafda olduğunu da göstərir. Teatrın repertuarının zənginləşdirilməsi, yeni janrlara müraciət olunması gənclərin sənətə marağını artırır. Bu isə, bütövlükdə, milli teatr mədəniyyətinin inkişafına xidmət edir.

Naxçıvan Kukla Teatrının yeni layihəsi olan monotamaşalar bölgənin mədəni həyatında mühüm hadisə kimi dəyərləndirir və Naxçıvanın teatr ənənəsinə yeni nəfəs gətirəcək.     

Elnurə CƏFƏROVA

Nəşr edilib : 02.10.2025 16:30