Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəf...
22:47 02.08.2026
0
0
0
NAXÇIVAN :
03 Avqust 2026, Bazar ertəsi
2026-2027-ci tədris ili üzrə qəbul planı ilə Naxçıvan Dövlət Universiteti ali təhsildə yeni mərhələyə qədəm qoyur. Əmək bazarının tələbləri, regionun sosial-iqtisadi inkişaf prioritetləri və dövlət proqramlarının hədəfləri nəzərə alınaraq hazırlanan yeni qəbul planı həm ixtisasların sayı, həm də məzmunu baxımından əvvəlki illərdən fərqlənir. Qəbul planındakı yeniliklər barədə danışan Tədris departamentinin direktoru Şahin Əliyev bildirir ki, builki dəyişikliklər yalnız statistik artımı deyil, həm də gələcəyin əmək bazarına hesablanmış strateji yanaşmanı əks etdirir.
Onun sözlərinə görə, ötən tədris ilində qəbul planı 1825 nəfəri əhatə etdiyi halda, bu il həmin rəqəm 2256-ya çatdırılıb. Bununla yanaşı, plana 12 yeni ixtisas əlavə olunub ki, bu da abituriyentlər üçün seçim imkanlarını genişləndirir. Şahin Əliyevin sözlərinə görə, yeni ixtisaslardan biri olan Kimya mühəndisliyi region üçün strateji əhəmiyyət daşıyır. Naxçıvanda sənaye, istehsal və emal müəssisələrinin inkişafı bu sahədə peşəkar kadrlara tələbatı artırır. İxtisas üzrə ilk dəfə qəbul aparıldığı üçün əvvəlki illərin keçid balının olmaması abituriyentlər üçün mühüm üstünlükdür. Tədris proqramı müasir sənaye standartlarına uyğun hazırlanıb. Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi, Təbii Ehtiyatlar İnstitutunun universitetin tabeliyinə verilməsi, İstanbul Texniki Universiteti ilə nanotexnologiyalar sahəsində əməkdaşlıq və istehsalat müəssisələrində təşkil olunacaq təcrübələr tələbələrin peşəkar hazırlığında mühüm rol oynayacaq.
Yeni ixtisaslar sırasında yer alan Tərcümə (Çin-Azərbaycan dilləri) istiqaməti də xüsusi diqqət çəkir. Şahin Əliyev bildirir ki, Çin dili artıq dünya iqtisadiyyatının aparıcı dillərindən biridir və bu sahədə mütəxəssislərə tələbat sürətlə artır. Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi, Çinlə iqtisadi əlaqələrin genişlənməsi, logistika və beynəlxalq ticarətin inkişafı gələcəkdə Çin dili bilən kadrlara ehtiyacı daha da artıracaq. Universitetin Çin ali təhsil müəssisələri ilə əməkdaşlığının genişlənməsi isə tələbələr üçün beynəlxalq təhsil və təcrübə imkanları yaradacaq.
Şahin Əliyev vurğulayıb ki, builki qəbul planında pedaqoji istiqamətlər də mühüm yer tutur: “İlk dəfə olaraq İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil, Xüsusi pedaqogika və Təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə qəbul aparılacaq. Regionda bu sahələr üzrə kadr tələbatının artması, inklüziv təhsilin inkişafı, məktəblərdə psixoloji xidmətlərin genişlənməsi və məktəbəqədər təhsil müəssisələrinin sayının artması həmin ixtisasların aktuallığını artırır. Universitetdə fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi, Psixoloji Xidmət Mərkəzi və digər müasir tədris infrastrukturu tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, gələcəyin peşəkar mütəxəssisləri kimi formalaşmasına geniş imkan yaradacaq”.
Diqqətçəkən yeni istiqamətlərdən biri də Bitki mühafizəsi ixtisasıdır. Şahin Əliyevin sözlərinə görə, aqrar sektorun inkişaf etdiyi Naxçıvanda bu sahəyə tələbat ildən-ilə artır. Universitetdə fəaliyyət göstərən Biotexnologiyalar Mərkəzi, Bioresurslar İnstitutu, Nəbatat bağı və təcrübə sahələri tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsi üçün geniş imkanlar yaradır. Bu ixtisasın məzunları gələcəkdə kənd təsərrüfatı müəssisələrində, aqrar şirkətlərdə, laboratoriyalarda və dövlət qurumlarında uğurla fəaliyyət göstərə biləcəklər. Bununla yanaşı, bu il xarici dillərdə tədris olunan yeni ixtisasların da sayı artırılıb. İngilis dilində Riyaziyyat müəllimliyi, Hüquqşünaslıq və Turizm işinin təşkili, türk dilində isə İnformasiya texnologiyaları ixtisasları üzrə qəbul aparılacaq.
Tədris departamentinin direktoru əlavə edib ki, İnformasiya təhlükəsizliyi ixtisası artıq Azərbaycan bölməsində də tədris olunacaq. Bu istiqamət üzrə İnnovasiyalar Mərkəzi, Süni İntellekt Mərkəzi, IBM Mərkəzi, Robototexnika laboratoriyası və digər müasir infrastruktur tələbələrin peşəkar hazırlığında mühüm rol oynayacaq.
Şahin Əliyev qeyd edir ki, Naxçıvan Dövlət Universitetinin 2026-2027-ci tədris ili üçün hazırladığı qəbul planı təkcə yeni ixtisasların açılması ilə məhdudlaşmır. Bu plan universitetin gələcəyin peşələrinə yönəlmiş inkişaf strategiyasını əks etdirir. Əmək bazarının tələblərinə uyğun formalaşdırılan təhsil proqramları, müasir laboratoriyalar, beynəlxalq əməkdaşlıq və praktik təcrübə imkanları abituriyentlərə Naxçıvanda keyfiyyətli ali təhsil almaq, rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaq üçün geniş imkanlar yaradır.
Elnurə CƏFƏROVA
Digər xəbərlər