Bəyanat: Avropa Parlamentinin qərəzli qətnaməsi Az...
16:40 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi Naxçıvan Muxtar Respublikasının tarixini özündə əks etdirən sənədlər xəzinəsidir. Yarandığı gündən, 13 dekabr 1925-ci ildə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək Dövlət Arxivi fond sənədlərindən istifadə olunması işini günün tələblərinə uyğun olaraq təşkil edir.
Naxçıvan Dövlət Arxivi Naxçıvanın tarixi, Naxçıvan xanları, onların şəcərəsi və sair sənədlərlə zəngindir. Düzdür, arxivin təşkil olunması 100 illik tarixi özündə əks etdirsə də, arxivdə mühafizə olunan sənədlər 200 ilə yaxın 3 əsri – XIX-XX-XXI əsrləri əhatə edir. Keçən əsrin ikinci yarısından başlayaraq Naxçıvan tarixi ilə bağlı araşdırmalar aparmaq məqsədilə tədqiqatçılar Naxçıvan MSSR Dövlət Arxivinə müraciət edirdilər. Dövrün tələbinə uyğun olaraq Naxçıvan MSSR-nin yaranması, Naxçıvanda xalq maarifinin inkişafı, savadsızlığın ləğvi, sovet quruculuğu, sosializmin qələbəsi, kollektivləşmə, sovet hakimiyyəti uğrunda mübarizə, partiya quruculuğu və sair məsələlər Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində tədqiqat mənbəyi olmuşdur. Tarix elmləri namizədi Əli Əliyev, tarix elmləri doktoru Şükür Sadiqov, İbrahim Bağırov, Qasım Qasımov, İbrahim Hüseynov kimi tədqiqatçılar Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin materiallarından bəhrələnərək elmi əsərlər yazmışlar.
Müstəqillik illərində arxiv fondlarından məxfilik götürülmüş və arxivlərdən geniş istifadə olunmuşdur. Artıq Naxçıvan tarixinin Naxçıvan Dövlət Arxivində mühafizə olunan xüsusi qiymətli sənədləri tədqiqat mənbəyinə çevrilmişdir. Naxçıvan xanlığı, Kəngərlilər, Şahtaxtinskilər, Naxçıvan qəza polisi, qəza məktəbləri tədqiq olunmağa başlanmışdır. Naxçıvan xanlığı, Naxçıvanskilərin hərb tarixində misilsiz xidmətləri, hərb tarixinə bəxş etdiyi generallar, xüsusən Hüseyn xan Naxçıvanski diqqəti cəlb edən məsələlər idi. Tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin Naxçıvan xanları ilə bağlı apardığı araşdırmalar xüsusi yer tutur.
Azərbaycanlıların Qərbi Azərbaycandan, öz doğma yurd yerlərindən köçürülməsi – deportasiya olunması, Naxçıvan MSSR-də yaşayan vətəndaşların bir çoxunun repressiya olunması, islah əmək düşərgələrinə sürgünə göndərilməsi ilə bağlı tədqiqatları da xüsusi qeyd etmək lazımdır. Tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədovun “Rusiyanın Cənubi Qafqaz siyasətində erməni amili və onların qonşu xalqlarla münasibəti”, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları kafedrasının doktorantı Mirvari Qurbanovanın “1988-1990-cı illərdə Ermənistan SSRİ-nin yerli azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti”, Nadir Hüseynlinin “Naxçıvanda repressiya” mövzuları ilə bağlı Dövlət Arxivində apardığı tədqiqatlar xüsusi yer tutur.
Naxçıvan Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Xəzər Hüseynov Naxçıvanda kənd təsərrüfatının inkişafı ilə bağlı, AMEA Naxçıvan Bölməsinin əməkdaşlarından tarix üzrə fəlsəfə doktorları – Toğrul Xəlilov “Naxçıvanın maarif və mədəniyyət tarixinə dair”, Yaşar Rəhimov “Naxçıvan kollektivləşmə illərində (1920-1930-cu illər)”, Sara Hacıyeva “XVIII-XIX əsrlərdə Naxçıvanın təsərrüfat həyatı”, İlhami Əliyev “XVIII-XIX əsrin birinci yarısında Rusiya, İran və Osmanlı dövlətlərinin siyasətində Naxçıvan”, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Sevil Yusifova “Şərq qapısı” qəzetində “XX əsrdə azərbaycanlıların məişəti”, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Şəhla Quliyeva “Naxçıvan Muxtar Respublikasında dövri mətbuat”, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov “1920-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyəti”, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayev “Naxçıvanda məktəb və pedaqoji fikrin inkişafı (XIX-XX əsrlər)”, tarix elmləri doktoru Həmzə Cəfərov “Naxçıvanda təhsil: inkişaf yolu və imkanları”, tibb elmləri namizədi Tofiq Cəfərov Naxçıvan səhiyyəsinin inkişaf tarixindən”, tarix üzrə fəlsəfə doktoru Vaqif Məmmədov “Naxçıvan ikiillik Müəllimlər İnstitutu tarixindən” mövzularıyla bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində dövlət fond sənədlərindən elmi-tədqiqat məqsədilə geniş istifadə etmişlər. Təkcə Azərbaycan vətəndaşları yox, Azərbaycanın hüdudlarından kənarda yaşayan tədqiqatçılar da araşdırmalar aparmaq üçün Naxçıvan Dövlət Arxivinə müraciət etmişlər.
2016-cı ildə Ümumdünya Genoloji Mərkəzin əməkdaşları, jurnalist Plodin Darya Timofeyevna, tarixçi, arxivçi Rempel Pyotr Borisoviç Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində ezamiyyətdə olmuş, arxiv fond sənədlərindən istifadə etməklə Moskvada yaşayan övladlarının xahişi ilə Şahbuz rayonunda yaşamış və işləmiş Quliyev Yusif Mikayıl oğlu ilə bağlı araşdırmalar apararaq maraqlı məlumatlar toplamışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan kameral siyahılarla bağlı müraciətlər də daxil olur.
2025-ci ildə Naxçıvan Texniki Kollecinin yaradılmasının 100, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaranmasının 105 illiyi, hüquq-mühafizə orqanlarının yaranması və fəaliyyəti, Yusif Məmmədəliyevin Ordubad şəhərində ev-muzeyinin açılması və digər məsələlərlə bağlı həmin təşkilatların əməkdaşları tərəfindən fond sənədləri üzərində tədqiqatlar aparılmışdır.
Naxçıvan Dövlət Arxivində hələ də öz tədqiqatını gözləyən külli miqdarda mövzular vardır. Bu mövzularla bağlı tədqiqat aparmaq üçün Dövlət Arxivinə müraciət edən tədqiqatçılara daim arxivlərlə işləməyə, yeni-yeni araşdırmaların üzə çıxmasında uğurlar arzulayırıq.
Zülfiyə İSMAYILOVA
Naxçıvan Dövlət Arxivinin şöbə müdiri, Naxçıvan Muxtar
Respublikasının Əməkdar mədəniyyət işçisi
Digər xəbərlər