Rumıniya Parlamentinin senatoru Qarabağda həyata k...
23:40 17.08.2026
0
0
0
NAXÇIVAN :
18 Avqust 2026, Çərşənbə axşamı
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın 11 avqust tarixdə Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri zamanı bir çox layihənin təməli qoyuldu. Bunlardan biri də Naxçıvan Sənaye Parkı oldu. Ölkəmizdə milli iqtisadiyyat üzrə quruculuq proseslərinin hərəkətverici qüvvəsindən biri də məhz sənayeləşmə siyasətinin həyata keçirilməsidir. Sənayeləşmə siyasətinin milli iqtisadiyyatın aktual məsələsi olmaq etibarı ilə ölkənin bütün iqtisadi rayonlarını əhatə etməsi, həm davam edən islahatların mahiyyətini ifadə edir, həm ona yeni və modern yanaşmanı gündəmə gətirir, həm də sənayeləşmə proseslərinin şaxələndirilməsinə səmərəli zəmin yaratmış olur. Bu mənada, Naxçıvan Muxtar Respublikasında sənayeləşmə siyasətinin effektivliyinin yüksəldilməsi ölkənin milli iqtisadiyyatına və onun etibarlı inteqrasiya proseslərinə işıq salır.
Naxçıvanda sənaye parkının yaradılması iqtisadiyyatın əsas və aparıcı sahələrinin inteqrasiya halında, kompleks şəklində və sistematik olaraq inkişafını nəzərdə tutur. Burada kənd təsərrüfatının, emal müəssisələrinin və təbii olaraq sənaye bölməsinin uzunmüddətli perspektivləri təmin olunacaq. Məhz bu əsasda Naxçıvan Sənaye Parkının yaradıldığı ərazinin ixtisaslaşmasına baxdıqda aydın olur ki, 310 hektar sahədə, həm də kifayət qədər kənd təsərrüfatına yararlı torpaqlarda səmərəli potensial yaratmaq mümkün olacaq. Ərazinin aqrar bölmə üzrə ixtisaslaşması yerli xammalın emal edilməsini də zərurətə çevirmiş olacaq ki, bu da həm yeni emal müəssisələrinin yaradılmasını, həm də Sənaye Parkının tam şəkildə formalaşmasını təmin edəcək. Zəncirvari həlqə üzrə bütün mərhələlərdə – xammal potensialının yaradılmasında, emal proseslərində və sənaye məhsulunun yaradılmasında etibarlı məşğulluq göstəriciləri də təşəkkül tapmış olacaq ki, bu da makroiqtisadi inkişafın və sosial dayanıqlılığın güclü dayaqlarını özündə birləşdirmiş olacaq. Diqqət etdikdə aydın olur ki, Sənaye parklarının yaradılması proseslərində bir sıra zəruri məqsədlər vardır:
– ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması;
– bu sahədə sahibkarlığın dəstəklənməsi və onun nəticələrinin makroiqtisadi inkişafla düzgün əlaqələndirilməsi;
– qeyri-neft bölməsinin davamlı inkişafının təmin olunması;
– əhalinin istehsal sahəsində məşğulluq səviyyəsinin yüksəldilməsi.
Qeyd olunanlardan aydın olur ki, Sənaye parklarının yaradılması, fəaliyyətinin tənzimlənməsi, makroiqtisadi nəticələri sosial mahiyyətinə görə seçilir və olduqca zəruridir. Naxçıvan Sənaye Parkının da fəaliyyətinin tənzimlənməsi ölkənin, ümumilikdə, sənayeləşmə siyasətinin səmərəliliyinə mühüm təsirinə görə seçiləcəkdir.
Ölkəmizdə Sənaye parklarının yaradılması, onların iqtisadi göstəricilərinə, o cümlədən sahəsinə, sosial dayanıqlılıq üzrə mahiyyətinə diqqət etdikdə bəlli olur ki, bu qurumlar, bir tərəfdən dövlət tənzimləmələrinin mühüm xarakterik xüsusiyyətlərinə, özəl bölmənin inkişaf perspektivlərinə və milli iqtisadiyyat üzrə prioritetlərin əlçatanlığına görə çox mühüm əhəmiyyətə malik olmaqdadır.
Naxçıvan Sənaye parkı qarşıdakı illər üzrə tam inşa olunduqdan sonra təxminən 2500-3000 nəfərin məşğulluğuna təminat yaradacağını demək olar. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə Şərur Sənaye Məhəlləsinin də yaradıldığını nəzərə alsaq onda sənayeləşmə siyasətinin daha səmərəli nəticələr verəcəyindən əminik.
Naxçıvan Sənaye Parkının istifadəyə verilməsindən sonra muxtar respublikada iqtisadi idarəetmənin olduqca mühüm nəticələrini görmüş olacağıq. Hər şeydən əvvəl, sahibkarlıq təşəbbüslərinin daha effektiv nəticələri makroiqtisadi inkişafa öz töhfələrini vermiş olacaq. Sənaye Parkı, eyni zamanda kiçik və orta sahibkarlığın inkişaf perspektivlərinin təşəkkülü, fəaliyyətin səmərəli təşkili və idarə olunması məqsədilə zəruri infrastruktur təsisatlarının yaradılması və müvafiq əlverişli resurs potensialının təşəkkülü baxımından olduqca güclü nəticələrə malik olacaqdır. Eyni zamanda Sənaye Parkının yaradıldığı ərazinin iqtisadi səmərəliliyinə diqqət etdikdə aydın olur ki, burada mezoiqtisadi əhəmiyyətə malik olacaq iqtisadi istehsal fəaliyyətinin təmin olunması, xüsusilə, yerli xammala və yerli istehsala əsaslanan potensialın təşəkkülü mümkün olacaqdır və olduqca yüksək məşğulluq göstəricilərinə malik olacaq.
Beynəlxalq təcrübəyə istinad etdikdə görmək olur ki, dünya ölkələrinin bir çoxunda Sənaye parklarının milli iqtisadiyyatlar üçün olduqca mühüm səmərəsi mövcuddur. Onlar iqtisadiyyatın aparıcı sahələri üzrə dinamik artım göstəricilərinə malik olmaqla təşəkkül tapmaqdadırlar. Bir sözlə, Sənaye parklarının beynəlxalq təcrübəsini öyrənmək üçün xüsusilə Çin, Cənubi Koreya, Sinqapur, Malayziya, Almaniya, Yaponiya, Hindistan və Birləşmiş Ərəb Əmirliklərinin milli iqtisadiyyatlarının uzunmüddətli perspektivlərinə diqqət etmək səmərəli olar.
Buradan aydın olur ki, ölkəmizdə və onun iqtisadi rayonlarında, xüsusilə də Naxçıvan Muxtar Respublikasında Sənaye Parkının yaradılması, müdrik, uzaqgörən və məqsədyönlü qərarların nəticəsi kimi olduqca səmərəlidir. Naxçıvan Sənaye Parkının yaradılması, həm də yeni iqtisadi reallıqlar müstəvisində bəhs olunan ölkələrin təcrübələri baxımından da uyğunluq təşkil edir və buna görə də həm də bütövlükdə, ölkəmizin milli iqtisadiyyatı üçün faydalı olacaqdır.
Cavadxan QASIMOV
Naxçıvan Dövlət Universitetinin dosenti,
iqtisad üzrə fəlsəfə doktoru
Digər xəbərlər