NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Naxçıvan COP29 çərçivəsində "Yaşıl dünya naminə həmrəy olaq" şüarı altında keçirilən forumda uğurla təmsil olunub

...

COP29 çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Cəza Çəkən Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən "Yaşıl dünya naminə həmrəy olaq" şüarı altında forum keçirilib.
"Şərq qapısı" xəbər verir ki, forumda Naxçıvan təmsilçiləri də iştirak edib. Muxtar respublikada COP29 və “Yaşıl dünya naminə həmrəylik ilinə hazırlıq”la bağlı yaradılmış işçi qrupunun rəhbəri, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov forumda "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında cəzaçəkən məhkumların ekoloji cəhətdən faydalı olan əl işlərinin nümayişi" mövzusunda panel müzakirədə çıxış edib, sualları cavablandırıb.
Forum çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrının  və Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin birgə layihəsi olan "Odunçunun nağılı" səhnə əsəri göstərilib. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. 
Tamaşanın əsas leytmotivini  "yaşıl enerji"yə keçid, təbiətin mühafizəsi, ekoloji təmizliyə çağırış təşkil edir. Məqsəd  "yaşıl enerji" mənbələrinin genişləndirilməsi, ətraf mühitin qorunması və karbon qazı emissiyalarının azaldılmasına diqqəti çəkmək, Azərbaycanın iqlim təşəbbüslərində  təbliğatını gücləndirməkdən ibarətdir.
 Qeyd edək ki, forum çərçivəsində təşkil olunan yaşıl zonada Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəzaçəkən məhkumların Naxçıvan duzundan hazırladıqları ekoloji cəhətdən faydalı olan əl işləri də nümayiş olunub.

Nəşr edilib : 17.11.2024 16:48