NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin Nizamnaməsi

...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 29 avqust tarixli  250-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi (bundan sonra – Agentlik) Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahə) tənzimləməni, avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, muxtar respublikadaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin  və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin qərarlarını və digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları, loqotipi (emblemi) və blankları vardır.

1.6. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Agentliyin nəzarət funksiyalarını yerinə yetirən əməkdaşları Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən xidməti geyim forması və fərqləndirmə nişanları daşımaq hüququna malikdirlər.

1.8. Agentliyin rəsmi adı aşağıdakı kimidir:

1.8.1. tam halda – Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi, qısaldılmış halda – NANA;

1.8.2. ingilis dilində tam halda – Nakhchivan Automobile Transport Agency, qısaldılmış halda – NATA.

1.9. Agentlik Naxçıvan şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahə üzrə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

2.1.2. müvafiq sahədə tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;

2.1.3. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin etmək;

2.1.4. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin muxtar respublikada tətbiqini təmin etmək və bu sahədə nəzarəti həyata keçirmək;

2.1.5. yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək;

2.1.6. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.7. bu Nizamnamə ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, strategiyaların və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

3.1.3. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.4. aidiyyəti dövlət orqanı (qurumu) ilə birlikdə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən vergi ödəyicilərinə məxsus avtonəqliyyat vasitələrinə fərqlənmə nişanlarının tətbiqi ilə əlaqədar müvafiq normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etmək;

3.1.5. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin muxtar respublika ərazisində yerinə yetirilməsini təmin etmək;

3.1.6. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq fəaliyyət növlərinə icazə, onların dublikatlarını və əlavələrini vermək, həmin icazələri yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, habelə icazə şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək;

3.1.7  Naxçıvan Muxtar Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini və bu sahədə nəzarəti həyata keçirmək;

3.1.8. Naxçıvan Muxtar Respublikasının ərazisində (gömrük sərhəd buraxılış məntəqələri istisna olmaqla) xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq avtomobil daşımalarına nəzarət etmək;

3.1.9. avtomobil nəqliyyatı ilə müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma xidmətlərinin təşkil edilməsi, habelə səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görmək;

3.1.10. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları üzrə marşrutu Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla, marşrutların sxemini, həmin marşrutlarda istifadə olunacaq avtonəqliyyat vasitələrinin hərəkət cədvəlini, növünü və onlara dair tələbləri müəyyən etmək;

3.1.11. dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarının yerinə yetirilməsinə daşıyıcıları müsabiqə qaydasında cəlb etmək, müsabiqənin qalibləri ilə müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlamaq və müqavilə şərtlərinə əməl olunmasına nəzarət etmək;

3.1.12. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq daşıma marşrutlarının pasportunu hazırlamaq və onları daşıyıcılara təqdim etmək;

3.1.13. müntəzəm sərnişindaşıma xidmətləri yerinə yetirən avtobusların fəaliyyətini tənzimləmək məqsədilə mərkəzləşdirilmiş dispetçer xidməti yaratmaq və onun fəaliyyətini təşkil etmək;

3.1.14. müntəzəm sərnişin daşımalarında gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminin yaradılması və idarə olunması ilə bağlı tədbirlər görmək;

3.1.15. rəqəmsal taxoqraf kartları üzrə milli sistemin muxtar respublika ərazisində fəaliyyətinin təmin olunmasında, habelə tənzimlənməsində və idarə olunmasında iştirak etmək;

3.1.16. beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən daşıyıcıların, belə daşımaları yerinə yetirən sürücülərin, taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) texniki heyətinin və sürücülərin iş və istirahət rejiminə nəzarəti həyata keçirən dövlət orqanı əməkdaşlarının rəqəmsal taxoqraf kartları ilə təmin edilməsi üçün tədbirlər görülməsində iştirak etmək;

3.1.17. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil nəqliyyatı parklarının, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək;

3.1.18. avtovağzalların (avtostansiyaların) göstərdikləri xidmətlərin səviyyəsinin onlara verilmiş pasportda müəyyən olunan kateqoriyalara uyğunluğuna nəzarət etmək, avtovağzalın (avtostansiyanın) pasportla müəyyən olunmuş kateqoriyasını dəyişmək;

3.1.19. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinəsi, sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin təyin edilməsi məqsədilə tədbirlər görmək, həmçinin bu sahədə nəzarəti həyata keçirmək;

3.1.20. avtomobil nəqliyyatının infrastruktur obyektində (ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla) beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər tərəfindən iş və istirahət rejiminə əməl olunmasına nəzarətdə iştirak etmək;

3.1.21. Naxçıvan Muxtar Respublikasının ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirmək, onları quraşdırmaq və idarə olunmasını təmin etmək;

3.1.22. taksi minik avtomobilləri üçün nişanlanma xətləri əsasında duracaq yerlərini müəyyənləşdirmək və idarə olunmasını təmin etmək;

3.1.23. Naxçıvan Muxtar Respublikasının ərazisində dövlət avtomobil yollarında parklanma yerlərini müəyyənləşdirmək, onları təşkil və idarə etmək, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkilində iştirak etmək, habelə parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət etmək və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək, o cümlədən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etmək;

3.1.24. Naxçıvan Muxtar Respublikasının ərazisində nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), Agentliyin yeni avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqlarının yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və vəziyyətinə nəzarəti həyata keçirmək, habelə öz balansında olan avtomobil duracaqlarını (qarajlarını) və mühafizə olunan duracaqlarını idarə etmək;

3.1.25. piyada-yol infrastrukturunun təşkilində iştirak etmək;

3.1.26. yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin yerlərini Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq müəyyənləşdirmək və ya dəyişdirmək, onların quraşdırılmasına (çəkilməsinə) və lazımi qaydada saxlanılmasına nəzarət etmək;

3.1.27. avtomobil yollarının normativ hüquqi aktlarla və beynəlxalq standartlarla müəyyən edilmiş norma və tələblər səviyyəsində yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilməsi vəziyyətinin araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirmək və yolların zəruri yol hərəkəti təşkilinin texniki vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər görmək;

3.1.28. yaşayış məntəqələri ərazilərinin və ya ərazi hissələrinin planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planların layihələrinə insanların və yüklərin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ümumi istifadədə olan nəqliyyat vasitələri ilə daşımalar da daxil olmaqla), o cümlədən insanların (piyada və nəqliyyatla) hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması baxımından rəy vermək;

3.1.29. avtomobil yollarının, avtovağzalların (avtostansiyaların), yeraltı keçidlərin, velosiped zolaqlarının inşasına, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə yolun buraxıcılıq qabiliyyəti və ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq göstəriciləri nəzərə alınmaqla rəy vermək;

3.1.30. avtomobil yollarında tıxac yaranması səbəblərini araşdırmaq, təhlillər aparmaq və müvafiq təkliflər vermək;

3.1.31. avtomobil yollarında tıxac yaranmaması və nəqliyyat axınının tənzimlənməsi üçün ticarət, iaşə, sənaye və tikinti obyektlərinə, habelə həmin obyektlərdən yükdaşımaların iş rejiminə dair aidiyyəti üzrə təkliflər hazırlamaq;

3.1.32. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa,  Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarına uyğun olaraq, yerüstü nəqliyyatın hərəkəti ilə bağlı Nazirliyə təkliflər vermək;

3.1.33. avtomobil nəqliyyatı ilə  muxtar respublikadaxili daşımalar bazarının qorunması, daşımalar bazarında azad rəqabət mühitinin inkişaf etdirilməsi üçün tədbirlər görmək;

3.1.34. müvafiq sahədə ətraf mühitin mühafizəsinin təmin edilməsinə dair tələblərə riayət olunmasına fəaliyyət istiqamətlərinə uyğun olaraq nəzarət etmək, həmçinin ətraf mühitin mühafizəsinə dair aidiyyəti dövlət orqanlarına təkliflər vermək;

3.1.35. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təşkil etmək;

3.1.36. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlar istisna olmaqla, avtomobil nəqliyyatı ilə  muxtar respublikadaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, həmçinin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), eləcə də beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair proqramlar üzrə hazırlıq və yenidən hazırlıq keçmələrini təşkil etmək və həyata keçirmək;

3.1.37. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər (sertifikatlar, şəhadətnamələr və s.) vermək, müvafiq məsələlərə münasibət bildirmək;

3.1.38. müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına əməl olunmasına, sərnişin və yük daşımalarının təhlükəsiz təşkilinə, habelə gediş haqlarının mövcud tariflərə uyğun ödənilməsinə nəzarət etmək;

3.1.39. avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki təmir sahələrinin, stansiyalarının fəaliyyətinin avtomobil nəqliyyatı və yol hərəkəti haqqında qanunvericilikdə müəyyən olunmuş tələblərə uyğunluğunu səlahiyyəti daxilində yoxlamaq;

3.1.40. muxtar respublikada taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən və akkreditasiya attestatı olan xidmət mərkəzlərini (servis emalatxanalarını) qeydiyyata almaq və onların fəaliyyətinin Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının müddəalarına uyğunluğuna nəzarət etmək;

3.1.41. daşıyıcılar tərəfindən nəqliyyat vasitələrinin enerji istehlakının azaldılması, əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin stimullaşdırılması, şəhər ərazisində piyada infrastrukturunun (piyada zonalarının, yollarının, keçidlərinin və s.) yaradılması barədə təkliflər vermək;

3.1.42. yol işlərinin xarakterindən və davametmə müddətindən asılı olaraq onların başlanmasına razılıq vermək;

3.1.43. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.44. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.45. kargüzarlığın aparılması işini və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.46. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.47. balansında olan dövlət əmlakını və maliyyə vəsaitlərini idarə etmək, onlardan səmərəli istifadə etmək;

3.1.48. Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.49. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.1.50. Agentliyin struktur bölmələrinin fəaliyyətinə nəzarət etmək, onların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər görmək;

3.1.51. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.52. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin internet saytında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.53. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.54. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.55. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktların layihələrinin qəbul olunması, aktlarda dəyişikliklər edilməsi, aktların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək;

3.2.2. qəza hadisələrinin baş verməsinə səbəb olan halların təhlili və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında baş vermiş inzibati və cinayət məsuliyyəti yaratmış hadisələr barədə müvafiq orqanlardan (qurumlardan) məlumatlar əldə etmək;

3.2.3. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.4. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən olunmuş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.6. Agentliyin əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün Nazirliyə təkliflər vermək;

3.2.7. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.8. reysdənkənar hallarda saxlanılması üçün müvafiq duracaqları olmayan ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşımaları həyata keçirən nəqliyyat vasitələrinin Agentliyin avtomobil qarajlarında və istehsalat bazalarında müqavilə əsasında ödənişli qaydada saxlanılması üçün şərait yaratmaq;

3.2.9. ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşımanı təşkil edən və nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, eləcə də onların sürücülərinin reysqabağı tibbi müayinəsi üçün müvafiq şəraiti olmayan hüquqi şəxslərə və ya fərdi sahibkarlara belə yoxlama və müayinələrin Agentlik tərəfindən müqavilə əsasında ödənişli qaydada həyata keçirilməsi üçün şərait yaratmaq;

3.2.10. sərnişinlərin gediş haqqını ödəməsini asanlaşdırmaq üçün dayanacaq məntəqələrində ödəniş alətlərinin quraşdırılmasını təmin etmək;

3.2.11. beynəlxalq təcrübənin tətbiqi imkanlarını araşdırmaq, qabaqcıl təcrübəni öyrənmək;

3.2.12. müvafiq sahəyə daxili və xarici investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər görmək;

3.2.13. təhlillər, tədqiqatlar və ümumiləşdirmələr aparmaq, habelə analitik materiallar hazırlamaq;

3.2.14. müvafiq sahədə fəaliyyət göstərən subyektlər arasında sorğular keçirmək və onların problemlərini araşdırmaq;

3.2.15. müvafiq sahədə hazırlıq və xüsusi hazırlıqdan keçmiş şəxslərə, o cümlədən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasında iştirak edən sürücülərə dair məlumat bazası yaratmaq;

3.2.16. müvafiq sahədə səlahiyyətləri daxilində yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;

3.2.17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi (hüquqi hərəkətləri həyata keçirdiyi) halda həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutmaq;

3.2.18. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.19. müvafiq sahədə mövcud olan hüquqi aktların tələbləri, habelə yeniliklər barədə məlumatlandırma, təbliğat işi aparmaq;

3.2.20. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

4.3. Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən – Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini Nazirliyin razılığı ilə İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri icra edir.

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi, habelə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.2. Agentliyin inkişaf istiqamətləri əsasında strateji məqsəd və planlarını müəyyən etmək;

4.5.3. Agentliyin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;

4.5.4. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsi, o cümlədən Agentliyin əldə etdiyi vəsait (muxtar respublika büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

4.5.5. Nazirliyin razılığı ilə Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.5.6. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

4.5.8. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.9. Nazirliyin razılığı ilə Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.5.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.11. Agentlikdə daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə Nazirliyin razılığı ilə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.5.12. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.13.aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.14. Agentliyin strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.5.15. Agentliyə ayrılan büdcə vəsaitindən, kreditdən, qrantdan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.5.16. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.5.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.5.18. bütövlükdə Agentliyin və ya onun struktur bölmələrinin, o cümlədən idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul etmək;

4.5.19. Agentliyin fəaliyyəti ilə əlaqədar İdarə Heyəti sədrinin və ya təsisçinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.7. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə olunmuş məsələlər üzrə qərarlar qəbul edilir, həmin qərarlar İdarə Heyətinin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

4.8. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.9. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.10. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.11. İdarə Heyətinin sədri:

4.11.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.11.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, müavinləri və struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır, iclasların gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;

4.11.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.11.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.11.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.11.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.11.7. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.11.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, tabeliyində olan qurumların ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

4.11.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.11.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin Nazirliyin razılığı ilə (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.11.11. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.11.12. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, banklarda hesablaşma hesabı və digər hesablar açır, müqavilələr bağlayır (o cümlədən işəgötürən qismində əmək müqavilələrini imzalayır) və müqavilələrin yerinə yetirilməsini təmin edir;

4.11.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.11.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.11.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.11.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.12. İdarə Heyətinin üzvləri:

4.12.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.12.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.12.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.12.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.12.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.13. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Agentliyin Nizamnamə Fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin nizamnamə fondunun məbləği 6 432 000 (altı milyon dörd yüz otuz iki min) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin Naxçıvan Muxtar Respublikasının büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, kreditlərdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Agentlik “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi (hüquqi hərəkətləri həyata keçirdiyi) halda, həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutur.

5.6. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə muxtar respublika büdcəsinə köçürülür.

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik və bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabatlar Nazirliyə təqdim edilir.

7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Agentliyin yenidən təşkili və ləğvi

Agentliyin yenidən təşkilini və ləğvini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri həyata keçirir.

Nəşr edilib : 29.08.2024 18:19