NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Muxtar Babayev: Azərbaycan “Troyka” çərçivəsinə qətiyyətli dəstək verir

...

“Azərbaycanın “Troyka” çərçivəsinə qətiyyətli dəstəyini bir daha bəyan edirəm”.
"Şərq qapısı" xəbər verir ki, bu sözlər COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin "COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlı tədbir iştirakçılarına müraciətində yer alıb. Müraciəti COP29-un baş danışıqçısı Yalçın Rəfiyev səsləndirib.
Müraciətdə Muxtar Babayev və güclü tərəfdaşlığa görə Birləşmiş Ərəb Əmirliklərinə və Braziliyaya minnətdarlığını bildirib.
“COP28, COP29 və COP30 liderləri iqlim dəyişikliyinin çağırışına qlobal reaksiyaya rəhbərlik etmək öhdəliyində sadiqdirlər.
COP29-a Sədrliyi qəbul etmək Azərbaycan üçün həm imkan, həm də məsuliyyətdir. Biz 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişik və bu, qlobal çağırışların yalnız kollektiv səy və qarşılıqlı dəstək nəticəsində aradan qaldırıla biləcəyinə inamımızı göstərir.
Bizim əsas strateji fəaliyyətlərimizdən biri Müəyyənləşdirilmiş Milli Töhfələrin (MMT) icrasını sürətləndirməkdir. Öz MMT-lərinin işlənib hazırlanmasında və həyata keçirilməsində xüsusən də imkanları məhdud olan ölkələrə dəstək vermək çox vacibdir. Məqsədimiz qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması hədəfinə nail olmaqdır”, - deyə COP29 Prezidenti bildirib.
Nazir bildirib ki, Azərbaycan Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrini yaşıl enerji zonaları müəyyən edib və bu ərazilər bərpaolunan enerji, o cümlədən günəş və su enerjisi üçün əhəmiyyətli potensiala malikdir: “Bu bölgələrdəki səylərimiz təkcə Azərbaycanın emissiyaların azaldılması məqsədlərinə töhfə verməklə kifayətlənmir, həm də bizi təmiz enerji gələcəyinə keçiddə regional lider kimi mövqeləndirir. Biz bu layihələrə böyük sərmayə qoyuruq, əhəmiyyətli beynəlxalq marağı və əməkdaşlığı cəlb edirik.
Ancaq təkcə ambisiya kifayət deyil. İqlim maliyyəsində əhəmiyyətli artımlar olmasa, Paris Sazişinin məqsədləri bir çox dövlətlər üçün əlçatmaz qalacaq. Qlobal birlik ambisiya ilə icra arasındakı uçurumu daha da genişləndirməyə imkan verə bilməz. Bu kontekstdə “Troyka”nın rolu həlledicidir”.
Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.

Nəşr edilib : 13.11.2024 13:23