NAXÇIVAN :

12 Iyun 2025, Cümə axşamı

“Murovdan gələn səda” kitabının təqdimatı keçirilib

...

Naxçıvan Dövlət Universitetində "Naxçıvan Qaziləri" İctimai Birliyinin təşkilatçılığı ilə şəhid İbrahim Vəlizadənin doğum günü münasibətilə onun həyatına və döyüş yoluna həsr edilmiş “Murovdan gələn səda” kitabının təqdimat mərasimi olub. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi  uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.  
Şəhid Ramazan Göydağlının atası Əbülfət ata Vətən müharibəsində və ondan sonrakı hərbi əməliyyatlarda canından keçən Naxçıvanın igid oğullarının qəhrəmanlıqlarından söz açıb. Hər birinin həyatı bir əfsanəyə, dastana dönən şəhidlərimizin əziz xatirəsi daim yaşadılır. Onlar öz igidlikləri ilə tarix yazıb tarixin özünə çevrildilər. Onların qəhrəmanlıq  hekayələrinin qələmə alınması  vacib amildir. Bu gün bir çox qələm sahibi də bu yolda əlindən gələni edir. Qələmə alınan hər sətir yaddaşlara köçürülür ki, gələcək nəsillər necə qəhrəman oğulların davamçıları olduqlarını bilsinlər. 
Şəhid Raqib Hüseynovun anası Rəna ana bildirib ki, bu gün bir çox qələm sahibi də bu yolda əlindən gələni edir. Qələmə alınan hər sətir yaddaşlara köçürülür ki, gələcək nəsillər necə qəhrəman oğulların davamçıları olduqlarını bilsinlər. Yaxın günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr edilən, “Şərq qapısı” qəzetinin müxbiri Ramiyə Əkbərovanın qələmə aldığı yeni nəşrdə Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidin həyat hekayəsi və döyüş yolu öz əksini tapıb.  
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycan Respublikasının qalib olduğu haqq savaşında şəhidlərimizin danılmaz zəhmətindən, unudulmaz fədakarlıqlarından söz açaraq qeyd edib: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan  müzəffər Ordumuz Onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin komandanlığı ilə dövlət-xalq-ordu birliyi nəticəsində 44 gün ərzində işğaldakı torpaqlarımızı azad etdi. Bununla da ərazi bütövlüyümüz təmin olundu. Bu gün artıq Vətən üçün canlarından keçən qəhrəmanların ruhu şaddır. Kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz  təşəkkürümü bildirirəm. Çünki belə kitablarla bu şanlı tarix yaşayacaq və gələcək nəsillərə ötürüləcək. Belə bir tədbirin ali təhsil ocağında keçirilməsi bizim tələbələrimizə örnəkdir. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”, – deyən rektor çıxışının sonunda kitabın müəllifinə uğurlar arzu edib.
Tədbirdə çıxış  edən “Şərq qapısı” qəzetinin baş redaktorunun müavini Məmməd Babayev bildirib: “Ötən aylarda “Şərq qapısı” qəzeti olaraq “100 ilin qəhrəmanları” kitabımızın təqdimatı oldu. Biz komanda olaraq daim vətənpərvər ruhda məqalələr, kitablar qələmə almışıq ki, bunların zirvəsidə “100 ilin qəhrəmanları”  kitabıdır. Naxçıvan mətbuatından yaxşı tanıdığımız jurnalist, eyni zamanda qəzetimizin əməkdaşı Ramiyə Əkbərovanın itkin şəhid İbrahim Vəlizadə haqqında qələmə aldığı kitabla tanışlıq da məni belə bir məsuliyyətin öhdəçiliyini daşımağa sövq edir.
Əsrimizin 20-ci ilində Müzəffər Sərkərdənin əmri ilə başlanan torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsi Ramiyə xanımın qələmini odlu-alovlu nizəyə, kəskin bir süngüyə çevirir. Vətənin hər qarış torpağı üçün başlanan Zəfər yürüşü onun qələmə aldığı yazılarında, cümlələrində, fikirlərində vətənpərvərlik duyğusuna çevrilərək oxucuların qəlbinə yol tapır”. 
Şəhid ailələri, qazilərlə iş, onlar haqqında bir-birindən dəyərli materialların hazırlanması Ramiyə xanımın jurnalistlik fəaliyyətindən, yaradıcılığından qırmızı xətt kimi keçir desək, yanılmarıq. Bir zabit yoldaşı olaraq həyatının bir hissəsini döyüş bölgələrinə yaxın yaşayış məntəqələrində keçirməsi, əsgər və zabitlərin, onların ailələrinin həyatlarına yaxından bələd olması onun bu mövzuya həssaslığını daha aydın şəkildə ortaya qoyur. 
Jurnalist Ramiyə Əkbərovanın qələmə aldığı bu kitab, kitabda toplanan fotolar İbrahim Vəlizadənin xatirəsinə ehtiram və onun qəhrəmanlığının gələcək nəsillərə ən yaxşı daşıyıcısı olacaq.  
Sonra kitabın müəllifi Ramiyə Əkbərova kitabı şəhidin valideynlərinə təqdim edib. Şəhid İbrahim Vəlizadənin atası Səməd Vəlizadə  keçirilən tədbirin təşkil edilməsində göstərilən  dəstəyə, kitabın ərsəyə gəlməsində çəkilən zəhmətlərinə görə bir sıra şəxsə fəxri fərmanları təqdim edərək öz təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin xor kollektivi və Altai teatrının hazırladığı  kompozisiya təqdim olunub.

Bülbül QULİYEVA

Nəşr edilib : 10.06.2025 18:53