NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Müqəddəs amal uğrunda şəhadətə yüksələn oğul

...

Babək Əsgər oğlu Əliyev

(01.10.1997-05.08.2022)

Sakit təbiətli uşaq idi. Şıltaqlıqla heç işi olmazdı. Dərslər qurtaran kimi evə gələr, gününü evdə keçirərdi. Hərbi liseydə, Bakıda akademiyada oxuyanda da eləcə. Soruşanda deyərdi ki, evdə valideynlərimlə birgə vaxt keçirməyi xoşlayıram.  Bacı-qardaşa, ailəyə çox bağlı, həm də deyib-gülən idi. Sözümüzü heç vaxt yerə salmazdı. Çölə çıxanda da səliqəli geyinərdi. Ev-eşikdə geyindiklərini belə səliqəli saxlayırdı. Deyərdi ki, kişinin geyimi səliqəli olmalıdır. Anadan olanda qayınanam gedib baxdırmışdı. Demişdilər ki, gedin bu uşağın adını Babək qoyun. Amma heyif ki, ömrü gödəkdir. Ad-sanla gedəcək... 

Onun hər bir hərəkətini xatırlayıram. Oturuşu, duruşu, gülüşü, yerişi – hər biri bir xatirədir. Gül həvəskarı idi. Harada gül görsə, ondan gətirib həyətə əkərdi. Özü də qulluq edərdi. 
Hərbidə olan heç bir hadisəni mənim yanımda danışmazdı. 44 günlük müharibədə bir dəfə olsun, mənə heç nəyi bildirmirdi. Müharibədə olduğunu bilirdim. Amma demirdi mənə. Soruşanda cavab verirdi ki, ana, mən təlimdəyəm. 
Axırıncı danışığımız şəhidliyindən bir neçə saat əvvəl olmuşdu. Zəng etdik. Cavab vermədi. Sonra özü zəng etdi. Soruşdum ki, haradasan? Cavab verdi ki, ana, dağdayıq. 4 saat yol qalxmışıq. Soruşdum ki, maşın yolu yoxdu orada? Dedi, yox, traktorla indi yol açırıq. Bir də dedi ki, ana, nigaran qalma, salamatlıqdır. Atası ilə də danışdı həmin gün. Elə o yol açan zaman da minaya düşüb. “Qisas əməliyyatı” zamanı o dağı almışdılar Kəlbəcərdə. Bayrağı da bunlar qaldırmışdılar. Dizini yerə vurub həmin bayrağı bunlar öpmüşdü.
Nəvəmin ad günü idi. Avqustun 5-i idi. Özümüzçün toplaşmışdıq evdə. Bacımgil də bizdə idi. Onlar bizdən gedəndə, sən demə, hər kəs bilirmiş Babəkin şəhid olduğunu.

Nəşr edilib : 04.10.2024 14:44