NAXÇIVAN :

03 May 2026, Bazar

Müharibənin qalibi, sülhün banisi

...

 Avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüş Cənubi Qafqaz tarixində mühüm dönüş nöqtəsi oldu. Görüşün nəticəsi olaraq imzalanan “Sülh Bəyannaməsi” iki ölkə arasında sülh sazişinin reallaşması istiqamətində ən ciddi addım kimi dəyərləndirilir.
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova  deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev təkcə müharibənin qalibi deyil, həm də sülh gündəliyinin banisidir. Onun sözlərinə görə, Vaşinqton görüşündə nümayiş olunan prinsipial mövqe və imzalanan sənəd regionda ədalət, qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanan yeni siyasi reallıqların formalaşmasına zəmin yaratdı: "Sənədə əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində “Sülh və dövlətlərarası münasibətlərin qurulması” sazişini paraflayıb, ratifikasiyası üçün işlərin davam etdirilməsi barədə razılığa gəliblər. Tərəflər, həmçinin, ATƏT-in Minsk Qrupu və onun strukturlarının fəaliyyətinin dayandırılması üçün birgə müraciət qəbul ediblər. Görüşdə nəqliyyat kommunikasiyalarının açılması və xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması vurğulanıb. ABŞ-ın dəstəyi ilə “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlanan Zəngəzur dəhlizi üzrə beynəlxalq tranzit layihəsinin həyata keçirilməsinə start verilməsi də bəyannamədə öz əksini tapıb".
"Vaşinqton görüşündə atılan bu addım təkcə Azərbaycan-Ermənistan münasibətlərində deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyində sabitlik, əməkdaşlıq və inkişaf üçün möhkəm təməl yaratdı. Müharibədə qazanılmış qələbə indi sülh masasında möhkəmləndirilir və bu, Prezident İlham Əliyevin siyasi iradəsinin, diplomatik məharətinin ən bariz nümunəsidir. Vaşinqtonda imzalanan “Sülh Bəyannaməsi” ilə Azərbaycan bir daha həm qalib dövlət, həm də regionun sülh və sabitlik platformasının lideri olduğunu dünyaya nümayiş etdirdi"-deyə Xəzəngül Orucova  vurğulayıb.

Nəşr edilib : 09.08.2025 11:38