NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Milli istiqlal uğrunda tarixi mübarizəmizin məntiqi nəticəsi

...

Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiyasının 30 illiyi və 2020-ci il Vətən müharibəsində tarixi Qələbənin 5 illiyidir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərimizdə tətbiq olunub. Bu Sərəncam milli istiqlal uğrunda tarixi mübarizəmizin məntiqi nəticəsidir.

 Biz tariximizin bütün anlarını yadda saxlamalıyıq. Unutmayaq ki, xalqımızın azadlıq və milli istiqlal uğrunda mübarizə tarixi şanlı və şərəfli olduğu qədər də faciəvi olub. Faciəvi olub ona görə ki, zaman-zaman tarixi şəraitin diktəsi və xalqın azadlıq ruhunun hökmü ilə milli haqlarımız uğrunda gedən mücadilələr, son nəticədə, məğlubiyyətə uğrayıb, ata-babalarımızın müstəqillik arzuları yadelli işğalçılar tərəfindən qan içində boğulub. Təəssüfləndirici hal odur ki, bu acı məğlubiyyətlərdə obyektiv proseslərlə yanaşı, subyektiv amillərin də ciddi təsiri olub. Daxili çəkişmələr və münaqişələr, xalqın bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirməyi bacaran liderin olmaması məhz bu cür subyektiv amillərdəndir ki, xarici müdaxiləyə meydan açıb, milli müstəqillik üçün yaranmış tarixi şansın gerçəkləşməsinə imkan verməyib. Bunu bütün dünyada milli dövlətlərin formalaşması prosesinin getdiyi bir zamanda (XVIII əsrdə) Azərbaycanın xanlıqlara parçalanması faktı, eləcə də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadıqdan sonra süquta uğraması da təsdiq edir.

XX əsrin sonunda xalqımızın milli istiqlala qovuşması üçün növbəti tarixi şərait yarandı. 1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Siyasi didişmələr və silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı. Daxili hərc-mərclik, hakimiyyət orqanlarının iflic vəziyyətinə düşməsi yenicə qazanılmış müstəqilliyin itirilməsinə səbəb ola bilərdi. Bu dəfə tarix təkrarlanmadı. Əvvəlki dövrlərdən fərqli olaraq indi xalqın inandığı dahi şəxsiyyət Heydər Əliyev var idi. Xalqın təkidli tələbi ilə Prezident seçilən Ulu Öndər Heydər Əliyev müstəqilliyimizə qarşı yönəlmiş təxribatın qarşısını aldı, Azərbaycanın hansısa xarici qüvvələrin əlində oyuncağa çevrilməsinə imkan vermədi.

Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunun təminatı üçün mühüm qanunvericilik bazası rolunu oynayır. Müəllifi Ulu Öndər olan bu Konstitusiya Azərbaycan tarixinə həm də “Heydər Əliyev Konstitusiyası” kimi daxil olub.

Konstitusiyanın mühüm cəhətlərindən biri də Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olmasını, Azərbaycan xalqının vahidliyini və bunun Azərbaycan dövlətinin təməlini təşkil etməsini, Azərbaycan Respublikasının bütün vətəndaşlarının ümumi və bölünməz vətəni olmasını bəyan etməsidir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan Azərbaycanda yaşayan bütün millətlərin doğma Vətənidir. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik”.

Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1 noyabr 1996-cı il tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə “Konstitusiya Günü” kimi qeyd edilir.

Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi və konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirilmişdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.

Prezident cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Ötən dövrdə olduğu kimi, bu il də həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacaq.

Vətən müharibəsindəki tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində Dövlət Bayrağımızı ucaltmaqla Qalib Xalq kimi xalqımızın, dövlətimizin başını ucaltdı.

Bu gün Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir. Bu istiqamətdə yürüdülən siyasət Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlət başçısı cənab İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir. Tam əminliklə qeyd etmək mümkündür ki, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizin yeni baxış bucağından öyrənilməsinə, cəmiyyət və müxtəlif ictimai təsisatlar arasında milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə, dünya azərbaycanlılarının bir hədəf və amal ətrafında daha sıx birləşməsinə şərait yaradacaq. Bu tarixi qərar Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və gücünün nümayişi və ifadəsidir.

Bəhruz MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 31.01.2025 10:09