NAXÇIVAN :

07 Iyun 2026, Bazar

Mənəviyyatın və həmrəyliyin təzahürü: Qurban bayramı

...

Azərbaycan xalqının mənəvi mədəniyyətini özündə əks etdirən dini bayramlardan biri də Qurban bayramıdır. Bu əziz bayram insanları mərhəmətə, xeyirxahlığa, yardımlaşmağa və birlik ruhuna səsləyir. Qurban ibadəti insanın mənəvi kamilliyini, Uca Yaradan qarşısında sədaqətini və cəmiyyət qarşısında məsuliyyətini ifadə edən ali dəyərlərdəndir. Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə on ikinci ay olan Zülhiccə ayının 10-cu günündən başlayır. Zülhiccə adından da göründüyü kimi, həcc ayıdır. İslаm аləmində Qurbаn bаyrаmı “Böyük bаyrаm” (eyd-əlkəbir) аdlаnır. Qurbаn sözü “qürb” sözündən əmələ gəlib, mənаsı yахınlаşmа deməkdir. 
Onu da qeyd edim ki, qədim türklər yerləri yaman, bədxah ruhlardan qorumaq, ilahi varlıqlarla yaxınlıq əldə etmək məqsədilə qurbanlar kəsərdilər. Türklər müxtəlif vaxtlarda, o cümlədən Allaha dua, əcdadları yad etmək, bolluq diləmək, doğumlar, toylar, ziyafətlər, bayramlar, ölümlər və qəbir ziyarətlərində qurban kəsmişlər. 
Qurban vermə rituallarına keçməzdən əvvəl müxtəlif qurban növlərinə nəzər salmaq faydalı olardı. Qurban ümumiyyətlə iki cür olur: qanlı (canlı) və qansız (cansız). Qanlı qurbanlara qoç, dana, dəvə, at və sair, qansız qurbanlara isə süd, buğda, meyvə, tərəvəz, yağ və s. aiddir. Türklərdə qanlı qurbanlara tayılqa və ya hayılqa, qansız qurbanlara isə saçılğa və ya çaçılqa deyilir. İslama qədər türklərin ən böyük qurbanı at olmuşdur. Atın qurban verilməsi adəti dünyanın bir sıra xalqlarında geniş yayılmışdır. Digər heyvanlardan da qurbanlıq kimi erkək heyvanlar üstün sayılmış, dişi heyvanlar isə qurban kəsilməmişdir. "Kitabi-Dədə Qorqud" eposunda qurbanlıq deyə atdan ayğır, qoyundan qoç, dəvədən buğra qurbanlığı göstərilir. Bir çox etnoqrafik tədqiqatlarda qurbanın meydana gəlməsi ölüləri ac qoymamaq, ruhların rəğbətini qazanmaq, onları rəhmə gətirmək adəti və s. ilə əlaqələndirilir.
Qurban adətlərinə görə qurban kəsiləcək heyvan sağlam olmalı, heç bir şikəstliyi olmamalı idi. Adətən qurban kəsiləcək heyvan əvvəlcə seçilib bəslənilər. Bütün müsəlmanlar kim bizim xalqımıza da əziz olan bu bayramda yalnız ev heyvanları: xırdabuynuzlu heyvanlar, dana, dəvə, öküz və ya bu cinsdən olan heyvanlar kəsilir. Digər heyvanların və quşların qurban kəsilməsi islam dinində məqsədəuyğun hesab edilmir. Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan  adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur. 
Bir məsələni də vurğulamaq istərdik ki, günümüzdə bu bayramın mahiyyəti kifayət qədər dərk olunmur. Qurban bayramının mahiyyəti yoxsula, imkansıza, yetimə yardımdır. 
Quran qurbanın əsas xüsusiyyətlərinə belə işarə edir. Müəyyən edə bildiyimiz qədəri ilə bunlar aşağıdakılardır: qurban Allahın adını xatırlamaq üçün kəsilir, Allahın birliyinin və minnətdarlığının ifadəsidir, Allahın simvoludur və yalnız qurban kəsən şəxsin səmimiyyəti Allaha çatır.
Bu gün Qurban bayramının işğaldan azad olunmuş torpaqlarımızda qeyd olunması isə xüsusi mənəvi əhəmiyyət daşıyır. Uzun illərdən sonra Qarabağ və Şərqi Zəngəzurda azan səslərinin ucalması, məscidlərimizin bərpası və xalqımızın doğma yurdlarında dini bayramlarını sərbəst şəkildə qeyd etməsi tarixi zəfərimizin və milli birliyimizin təntənəsidir. Bu müqəddəs bayram azad edilmiş torpaqlarımızda həyatın yenidən dirçəldiyini, milli və mənəvi dəyərlərimizin əbədi yaşadığını nümayiş etdirir.
Qoy müqəddəs Qurban bayramı ölkəmizə sülh, sabitlik və inkişaf, xalqımıza rifah və bərəkət gətirsin. Uca Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları və bütün xeyirxah əməllərinizi qəbul etsin.
Qurban bayramınız mübarək!

Asəf Orucov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 27.05.2026 11:33