NAXÇIVAN :

22 Aprel 2025, Çərşənbə axşamı

“Məmməd Qasımov – 100 il” adlı konfrans-sərgi keçirilib

...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycanın görkəmli teatr rəssamı, Naxçıvan Rəssamlar Təşkilatının ilk sədri, muxtar respublikanın Əməkdar incəsənət xadimi Məmməd Qasımovun 100 illik yubileyinə həsr olunmuş konfrans-sərgi keçirilib.  
Tədbirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda əziz canlarından keçən şəhidlərimizin və Məmməd Qasımovun timsalında dünyasını dəyişmiş rəssamların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Sənətkarın həyat yoludan bəhs edən videoçarx nümayiş olunub. 
Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva  mərhum rəssamın yaradıcılıq dünyasından bəhs edib. Bildirilib ki, bu gün burada Məmməd Qasımovun 100 illik yubileyini keçirmək tanınmış sənətkara  ehtiramın ifadəsidir.  
Bu yubiley tədbiri  ömrünü yaradıcılığa həsr etmiş rəssamlarımıza da bir stimuldur. Məqsəd ondan ibarətdir ki, heç bir rəssamımız unudulmasın. 
Vurğulanıb ki, 44 illik teatr fəaliyyəti dövründə 107 tamaşanın quruluşçu rəssamı olmuş Məmməd Qasımov istər klassik və müasir Azərbaycan dramaturgiyasının, istərsə də müxtəlif dövrləri əhatə edən xarici dramaturgiyanın nəbzini çox gözəl duyan, üzərində çalışdığı hər bir əsərin ideyasını və ana xəttini düzgün qavrayan, pyesin bəhs etdiyi dövrü dərindən öyrənən və ən əsası səhnədən öz sözünü deyə bilən, bununla da müəllif fikrinin, rejissor yozumunun tamaşaçıya çatdırılmasına vasitəçilik edən bir rəssam, Azərbaycanın üç ən görkəmli teatr rəssamlarından biri kimi tanınıb. 
Uzun illər Azərbaycan Teatr Cəmiyyətinin – indiki Teatr Xadimləri İttifaqının üzvü olan və 1970-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunan Məmməd Qasımov bir il sonra Naxçıvanda rəssamlar təşkilatının yaradılması təşəbbüsünü irəli sürür. 1971-ci ilin iyun ayında görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə dəstəyi ilə yaradılan Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatına məhz Ulu Öndərin tövsiyəsi ilə gənclik illərindən yaxşı tanıdığı Məmməd Qasımov ilk sədr seçilib. Bu təşkilatın formalaşmasında, Naxçıvanda Azərbaycanın və muxtar respublikada yaşayan tanınmış rəssamların fərdi sərgilərinin təşkilində, gənc istedadların istiqamətləndirilməsi və həvəsləndirilməsində onun danılmaz xidmətləri olub. 
Qeyd edilib ki, teatr rəssamı kimi tanınan M. Qasımov portret, mənzərə, qrafika və plakat janrında da dəyərli əsərlər yaradıb, bir sıra karikaturaları dəfələrlə “Kirpi” jurnalında və müxtəlif qəzet səhifələrində dərc olunub. Qeyd etmək yerinə düşər ki, Məmməd Qasımov muxtar respublikanın ilk karikaturaçı rəssamı kimi də tanınmaqdadır. O həmçinin müntəzəm olaraq əlamətdar və bayram günlərində Naxçıvan şəhərinin küçə və meydanlarının bədii tərtibatında özünün müxtəlif plakat və portretləri ilə yaxından iştirak etməklə müntəzəm olaraq bu işlərə də rəhbərlik edib.
Quruluşçu rəssamı olduğu tamaşalar haqqında mütəmadi olaraq mərkəzi və yerli mətbuatda dərc olunan resenziyalarda Məmməd Qasımovun işi görkəmli teatrşünaslar və ədəbiyyatşünaslar tərəfindən həmişə müsbət rəylə yüksək qiymətləndirilib. Bir sıra alimlərin, teatr tədqiqatçılarının elmi əsərlərində  – dissertasiya, monoqrafiya və məqalələrində görkəmli səhnə rəssamının yaradıcılığı da geniş işıqlandırılıb.
Müxtəlif illərdə Məmməd Qasımovun həyatı və yaradıcılığı haqqında “Qobustan” jurnalında, “Ədəbiyyat və incəsənət”, “Şərq qapısı”, “Sovet Naxçıvanı”, “Nuh yurdu” qəzetlərində, Naxçıvan Regional Elmi Mərkəzinin və Naxçıvan Dövlət Universitetinin konfrans materiallarında maraqlı məqalələr verilib.
    Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Azərbaycan Rəssamlar və Teatr Xadimləri İttifaqlarını üzvü, sənətşünas Fizzə Quliyeva “Məmməd Qasımovun ömür və yaradıcılıq yolu” mövzusunda məruzə edib. 
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov, Naxçıvan Dövlət Teatr və Mədəniyyətşünaslıq kafedrasının baş müəllimi, Xalq artisti Kamran Quliyev  “Peşəkar teatr rəssamı”, muxtar respublikanın Əməkdar rəssamı Həmzə Sadiqovun “Yaddaşlarda yaşayan ustad”, muxtar respublikanın Əməkdar incəsənət xadimi Elman Cəfərovun “Unudulmaz müəllim” mövzularında çıxışları dinlənilib. 
Sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Teatrları İttifaqı və Jurnalistlər birliyinin üzvü Ələkbər Qasımov atasının xatirələrindən söz açaraq onun sənət yoluna göstərilən diqqət və dəyərə görə minnətdarlığını bildirib. 
Sonda sənətkarın ərsəyə gətirdiyi dekor – geyim və qrim eskizləri, tamaşalarının afişaları və onların maketləri, eləcə də digər müxtəlif janrlı rəsmlərindən ibarət sərgiyə baxış olub.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 22.04.2025 11:27