NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

“Məişət zorakılığı və onun qarşısının alınması” mövzusunda tədbir keçirilib

...

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Babək rayonunun Kərimbəyli kəndində “Məişət zorakılığının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib və bildirib ki, məişət zorakılığı təkcə ailədaxili problem deyil, bütün cəmiyyətə təsir edən ciddi bir təhlükədir. Bu hallar insan hüquqlarını pozur və sosial sabitliyi zəiflədir. Zorakılığın qarşısının alınması üçün hüquqi mexanizmlərlə yanaşı, ictimai mövqenin formalaşdırılması da vacibdir. Çünki cəmiyyət zorakılığa biganə qalmadıqda onun qarşısını almaq mümkün olur. 
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova qeyd edib ki, məişət zorakılığı yaxın qohumluq və ya birgə yaşayış münasibətlərindən sui-istifadə edilərək bir şəxsin digərinə qarşı fiziki və ya mənəvi zərər yetirməsidir. Bu anlayış yalnız fiziki deyil, həm də psixoloji, iqtisadi və cinsi zorakılıq formalarını əhatə edir. Ailədə baş verən zorakılıq təkcə bir ailənin deyil, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə mənfi təsir göstərir. Bu baxımdan, xalqımızın zəngin milli-mənəvi dəyərləri gənclər arasında təbliğ olunmalı, məişət zorakılığının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülməlidir. Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan şəhər 2 nömrəli İncəsənət Məktəbinin müəllimi, psixoloq  Çingiz Babayev vurğulayıblar ki, zorakılığın bütün formaları insan hüquqlarının pozulması kimi qiymətləndirilməli və ona qarşı vahid yanaşma tətbiq olunmalıdır. Bu kimi tədbirlər mövzunun aktuallığının qorunmasına və praktik addımların müəyyənləşdirilməsinə imkan verir.
Tədbir diskussiya şəklində davam edib və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Sonda mövzu ilə əlaqədar broşürlər paylanılıb.

Nəşr edilib : 27.02.2026 18:38