NAXÇIVAN :

02 Avqust 2026, Bazar

Media nümayəndələri peşəkar jurnalistikanın gələcəyi ilə bağlı Mingəçevirdə bir araya gəliblər

...

Azərbaycan Jurnalistlər Birliyi Mingəçevirdə media nümayəndələri ilə görüş keçirib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalı, Əməkdar jurnalist Varis Yolçuyev, Qafqaz TV-nin baş direktoru Eltən Qədimbəyli, EL TV-nin baş direktoru İqbal Məmmədəliyev, Aran, Qarabağ və Qərb bölgəsində fəaliyyət göstərən media rəhbərləri və jurnalistlər iştirak ediblər. Görüşün əsas məqsədi bölgələrdə fəaliyyət göstərən media rəhbərlərinin, televiziya, radio, xəbər saytları, internet media və rəqəmsal platformalarda çalışan jurnalistlərin Azərbaycan Jurnalistlər Birliyindən gözləntilərini öyrənmək, onların fikir və təkliflərini dinləmək, Birliyin fəaliyyət istiqamətlərini müasir jurnalistikanın tələblərinə uyğun şəkildə müəyyənləşdirmək olub.
Tədbirdə süni intellektin media mühitinə təsiri, rəqəmsal transformasiya, dezinformasiya ilə mübarizə, peşə etikası, auditoriya etimadı, jurnalistlərin hüquqi müdafiəsi, bölgə mediasının mövcud problemləri və inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Həsən bəy Zərdabinin mətbuat irsinin müasir dövrün çağırışları ilə uzlaşdırılmasının vacibliyi vurğulanıb.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı jurnalistlərə müsahibəsində bildirib ki, peşəkar jurnalistika öz üstünlüyünü etibarlılıq, məsuliyyət və yüksəkkeyfiyyətli məzmunla göstərməlidir. Peşəkar jurnalistikanın gələcəyi məhz cəmiyyət üçün əhəmiyyət daşıyan, düzgün, maraqlı və etibarlı informasiya təqdim etməkdən keçir.
“Analoji görüşlər Gəncə şəhərində, cənub bölgəsində, Qarabağda keçiriləcək. Sonra bu görüşlərin nəticəsi olaraq Bakıda yekun toplantı təşkil ediləcək. Orada toplanan məlumat və təkliflər müzakirə ediləcək və məqsədlərimizi aydınlaşdıracağıq”, - deyə Elçin Şıxlı əlavə edib.
Tədbirin sonunda iştirakçılar bu cür görüşlərin media ictimaiyyəti ilə birbaşa dialoqun genişləndirilməsinə, bölgə jurnalistlərinin ehtiyaclarının və təkliflərinin daha yaxından öyrənilməsinə və peşəkar əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini bildiriblər. Onlar belə müzakirələrin davamlı keçirilməsinin ölkədə media mühitinin inkişafına və jurnalistikanın keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.

Nəşr edilib : 01.08.2026 17:52