NAXÇIVAN :

10 May 2026, Bazar

Laqeydlik davam edərsə, sabah bu gözəllikdən əsər-əlamət qalmaya bilər

...

Son günlər al-əlvan mənzərəsi ilə hər birimizin zövqünü oxşayan, istirahət ünvanı kimi seçilən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolun ətrafı narahatedici mənzərə ilə diqqət çəkir. Təbiətin füsunkarlığı və baharın rəngləri ilə seçilən bu ərazi indi bəzi məsuliyyətsiz insanların davranışı səbəbindən getdikcə zibillənir.
İstirahət üçün əraziyə gələn bəzi şəxslər yeməkdən və istirahətdən sonra tullantılarını toplamağı vacib saymırlar. Nəticədə, yaşıllıqların arasında plastik qablar, salfetlər, qida qalıqları və müxtəlif məişət tullantıları qalır. Bu isə həm ətraf mühiti çirkləndirir, həm də ictimai mədəniyyətə ciddi kölgə salır.
Daha narahatedici məqam odur ki, bu vəziyyət insanların mənəvi rahatlıq tapmaq üçün üz tutduğu müqəddəs bir ziyarət yolunda yaşanır. Belə bir məkana aparan yolun baxımsız və natəmiz hala salınması qəbuledilməzdir.
Əslində, təbiəti qorumaq üçün böyük imkanlara yox, sadəcə, məsuliyyətli davranışa ehtiyac var. Lakin görünür ki, bəzi insanlar ən sadə qaydalara belə əməl etmir, ümumi istifadədə olan əraziləri zibilləməkdən çəkinmirlər. Onlar istirahəti yalnız müəyyən bir məkana gedib-gəlməkdə görür, təbiətə və ətraf mühitə hörmətin isə istirahət mədəniyyətinin ayrılmaz hissəsi olduğunu unudurlar.
Əshabi-kəhf ziyarətgahına gedən yolun bugünkü vəziyyəti hər kəs üçün açıq xəbərdarlıqdır. Əgər bu laqeyd münasibət davam edərsə, sabah bu gözəllikdən əsər-əlamət qalmayacaq. Təbiətə hörmət etmək həm mədəniyyət, həm insanlıq borcu, həm də vicdan məsələsidir. Bu vicdanın səsi isə hər kəsin öz içində eşidilməlidir.


Elnurə CƏFƏROVA

Nəşr edilib : 06.05.2026 16:08