“İnternetdən səmərəli istifadə zamanın tələbidir” ...
16:56 08.04.2025
0
0
0
NAXÇIVAN :
08 Aprel 2025, Çərşənbə axşamı
Hər bir insan vətəndaşı olduğu ölkə qarşısında müəyyən vəzifə və mənəvi məsuliyyət daşıyır. Bu isə vətəndaşlıq borcu və ya vətəndaşların konstitusion vəzifələri ilə bağlıdır. Cəmiyyətdə hər bir şəxsin davranışı və fəaliyyəti isə onun əməllərində ifadə olunur. Elə əməllər ki bunlar nə cəmiyyətə, nə də şəxsiyyətin mənafeyinə zərər vurmasın. Yəni hüquqa uyğun davranış hesab edilsin. Hüquqa uyğun davranış isə dövlətin hüquq normalarında nəzərdə tutulan ictimai və şəxsi mənafelərin ödənilməsinə yönəlmiş sosial faydalı hərəkətdir.
Azərbaycan Respublikası Konstitusiyasının 4-cü fəsli vətəndaşların əsas vəzifələrinə həsr olunub. Əsas Qanunumuzda qeyd edilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız Azərbaycan Respublikasının Konstitusiyası ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Hər bir şəxs həm dövlət qarşısında, həm də cəmiyyət qarşısında müəyyən öhdəliklər daşıyır. Cəmiyyətin mütəşəkkilliyi isə ümumi maraqlarla şəxsi maraqların harmoniyasından yaranır. Belə maraqların ahəngdarlığı ictimai həyatın sabitliyini və inkişafını təmin edir. Çünki hər birimiz yaşadığımız cəmiyyətin bir üzvü kimi müəyyən öhdəliklər daşıyırıq. Şəxsi hüquq və vəzifələr bir-biri ilə sıx bağlı olan və hüquq münasibətlərinin məzmununu müəyyən edən ən vacib ünsürlərdən biridir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır”. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk isə qeyd edirdi ki, “Vətənini ən çox sevən vəzifəsini ən yaxşı yerinə yetirəndir”.
Vətən millətin və xalqın yer üzərindəki ünvanıdır. Vətənə sədaqət isə müqəddəsdir. Ulu Öndər Heydər Əliyev qeyd edirdi: “Gərək nəbzin Vətənin nəbzi ilə vursun”. Bu müqəddəslik isə həm mənəvi borc, həm də konstitusion vəzifədir. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər. Vətənə sədaqət vəzifəsindən və kimliyindən asılı olmayaraq, hər bir vətəndaşın müqəddəs borcudur. Əxlaqi baxımdan isə Vətənə sədaqət hər bir şəxsdə vətənpərvərlik hisslərinin olması ilə müəyyən edilir. Vətənə sədaqət vətənpərvərlikdən başlayır. Vətənə sədaqət təkcə vətəndaşların “Sədaqət andı” ilə məhdudlaşmır. Ümummilli Liderimiz deyirdi: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.
Konstitusiyada təsbit olunmuş digər bir vəzifə isə dövlət rəmzlərinə hörmətdir. Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir. Dövlər rəmzləri hər bir dövlətin varlığını təcəssüm etdirən əsas amildir. Ulu Öndər qeyd edirdi: “Xalqımız üçün qürur hissini yaradan, iftixar hissini verən odur ki, o artıq azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var”. Bəli, xalqın imzası onun dövlət rəmzlərində ifadəsidir.
Konstitusiyada qeyd olunur ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətənin müdafiəsində iştirak etmək və hərbi xidmət hər bir vətəndaşın hüquqi vəzifəsi olmaqla yanaşı, həm də onun müqəddəs borcudur. Ulu Öndər qeyd edirdi: “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. Hər bir Vətən övladı bilir ki, Vətən ancaq üzərində gəzdiyimiz, yaşadığımız torpaq parçası deyil. Vətən uğrunda nə qədər qurbanlar verilib. Özünün bayrağı, müstəqilliyi, suverenliyi, dövlət himni, sərhədləri olan torpağa Vətən deyilir. “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”, – deyirdi Ulu Öndər.
Vətən azadlıqdır. Torpağın Vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır. Xalq yalnız öz Vətənini qorumaqla gələcəyinə təminat verə bilər. Vətənə olan sevgimiz bizi ucaldır. Vətənin müdafiəsi bizim üçün inanc, iman olmalıdır. 44 günlük Vətən müharibəsində isə xalqımız Ali Baş Komandanın rəhbərliyi altında müqəddəs Vətən torpaqlarını işğaldan azad etdi. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə “Zəfər Günü” kimi yazıldı. Uğrunda minlərlə şəhid verdiyimiz bu torpağın mənəvi dəyəri çox yüksəkdir. Vətən bizə əcdadlarımızın ən dəyərli əmanətidir. Şair Məmməd Arazın poetik dili ilə desək: “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”.
“Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir”, – deyirdi Ulu Öndər. Tarix və mədəniyyət abidələrini qorumaq isə hər bir şəxsin borcudur. Çünki tariximizin hər səhifəsi bizim üçün əzizdir. Tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və ondan səmərəli istifadə edilməsi ilə bağlı münasibətlər isə müfaviq qanunvericilik aktları ilə tənzimlənir. Lakin tarix və mədəniyyət abidələrini qorumaq təkcə qanunvericilik aktları ilə yox, həm də vətəndaşlıq borcu naminə olmalıdır. Çünki Ümummilli Liderin qeyd etdiyi kimi: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”.
Ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq vəzifəsi həm hüquqi, həm də əxlaqi dəyərlərlə ölçülür. Hər bir şəxs öz həyat fəaliyyəti prosesində bu və ya digər formada təbiətlə, ətraf mühitlə təmasda olur. Buna görə də hər kəs istər məişətdə, istərsə də istirahət zamanı qanunvericiliklə müəyyən edilmiş vəzifəsini yerinə yetirməlidir. Ətraf mühiti qorumaq vəzifəsi əmək fəaliyyəti nəticəsində təbiətdən istifadə edən və ətraf mühitə təsir edə biləcək hər bir şəxsin üzərinə düşür. Təbiəti qorumaq üçün məcburiyyətdən öncə təbiətə sevgi lazımdır. Bəli, təbiət düşünür və düşündürür. Ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq cəmiyyətin hər bir üzvünün mənəvi borcudur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, xüsusən də Bakıda və Abşeron yarımadasında yaşıllıq zolaqlarının genişləndirilməsi üçün verdiyi tapşırıqlar, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, ölkənin su təchizatı, inkişafı və dirçəlişi istiqamətində gördüyü tədbirlər Onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün də uğurla davam etdirilir. 15 dekabr 2023-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə cənab Prezident bildirmişdir: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz “yaşıl enerji” ilə bağlıdır. “Yaşıl enerji” növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.
Konstitusiyada müəyyən edilmiş vəzifələr hər birimiz üçün vətəndaşlıq borcudur. Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Yəni hüquqi vəzifələr hüquq və azadlıqların məhdudlaşdırılmasını tələb edir. Bu məhdudlaşdırmalar isə başqa şəxslərin hüquq və azadlıqlarını lazımi şəkildə qəbul etmək və ona hörmətlə yanaşmaqda ifadə olunur.
Hər bir şəxs isə cəmiyyət qarşısında öz məsuliyyətini dərk edərək vətəndaşı olduğu dövlətin əbədiliyi, mənsub olduğu xalqın tərəqqisi naminə öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir. Çünki bu əminliyi və inamı müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər vermişdir: “Mən inanıram, əminəm ki, biz müstəqilliyin geniş yoluna çıxacağıq və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaq və bizim müstəqilliyimizi, milli azadlığımızı heç kəs heç bir yolla sarsıda bilməyəcəkdir”.
Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi,
baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi
Məqalə “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: “Konstitusiya və Suverenlik
İli”nin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.
Digər xəbərlər