Prezident İlham Əliyev Dünya Azərbaycanlıların Həm...
21:20 30.12.2024
0
0
0
NAXÇIVAN :
30 Dekabr 2024, Bazar ertəsi
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Komitənin təşkilatçılığı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətin qayğısı əhatəsindədir” adlı konfrans keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, Uşaq Hüquqları haqqında Bəyənnamənin qəbul olunmasının 65 illiyi və Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul olunmasının 35 illiyi ilə əlaqədar “Valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətin qayğısı əhatəsindədir” adlı konfransın təşkil olunaraq keçirilməsi muxtar respublikamızda uşaq hüquqlarının daim yüksək səviyyədə qorunmasından xəbər verir. Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikada bütün kateqoriyadan olan uşaqların hüquqlarının qorunması, sağlam və təhlükəsiz mühitdə böyüməsi, təhsildə və sosial həyatda bərabər imkanlara malik olmaları üçün müxtəlif tədbirlər həyata keçirilir. Əlbəttə ki, dövlətimiz tərəfindən həyata keçirilən bütün tədbirlər gələcəyimiz olan uşaqların təhsilli, dünyagörüşlü, sağlam və vətənə layiq vətəndaş kimi yetişməsinə xidmət edir. Komitə sədri uşaqların sağlamlığı və təhsili üçün yaradılan şəraitdən danışarkən onu da əlavə edib ki, 2023-cü il ərzində rayon, şəhər icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu, 2024-cü il ərzində isə bələdiyyələr yanında gender komissiyaları yaradılıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən mütəmadi olaraq uşaq müəssisələrində və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları ünvanlarda monitorinqlər təşkil olunur. Muxtar respublikada valideyn himayəsindən məhrum uşaqlar olsa da, sevindirici haldır ki, atılmış uşaqlara rast gəlinmir. Bildirilib ki, qız övladlarının təhsili və milli-mənəvi dəyərlər əsasında tərbiyəsi vacib amildir və qızlarımızın erkən nikahdan qorunması işində uğurlu nəticələr əldə edilib. Ramilə Seyidova əlamətdar günlər münasibətilə uşaqları təbrik edib, onlara uğurlar arzulayıb.
Konfransda mövzu ətrafında çıxışlar zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Humanitar Siyasət Komitəsinin sədri Ülkər Bayramova, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun inspektoru, polis leytenantı Sura Əzizova, Babək Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi, Himayə və Qəyyumluq komissiyalarının sədri Səbinə Abbasova, Kəngərli Rayon İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Rəşad Həsənzadə muxtar respublikada uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən və həyata keçirilən dövlət siyasətindən danışıblar. Bildirilib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqların yüksəksəviyyəli təhsilə, idman və incəsənət bacarığına yiyələnmələri, asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Eyni zamanda yaradılan şəraitdən səmərəli istifadə olunaraq ürəkaçan nəticələr qazanıldığı bildirilib və uşaqlara uğurlar arzulanıb.
Çıxışların ardından valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 36 nəfər uşağa Komitənin hədiyyələri təqdim olunub. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, onların himayədar və qəyyumları göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.
Sonra Naxçıvan şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında rəqslər ifa olunub, şeirlər bədii qiraət edilib, mahnı və musiqi nömrələri səsləndirilib.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla yanaşı, onların himayədarı və qəyyumu olan şəxslərin, şəhər və rayon icra hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi, Himayə və Qəyyumluq komissiyalarının sədrlərinin iştirak etdiyi tədbir Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın yekun nitqi ilə başa çatıb.
Digər xəbərlər