NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Komitə sədrinin müavini: “Konfransın məqsədi dini radikalizmlə mübarizədə maarifləndirmə işini gücləndirməkdir”

...

Ölkədə dini maarifləndirmə sahəsində, eyni zamanda dövlət-din münasibətlərinin tənzimləməsi istiqamətində həyata keçirilən tədbirlər, tarixi-dini abidələrin bərpası, milli-mənəvi dəyərlərin təbliği, bir sözlə, tolerantlıq mühitinin formalaşdırılması dini radikalizmlə mübarizədə mühüm rol oynayır. Bu sahədə maarifləndirici tədbirlər respublikamızın bütün bölgələrini əhatə  edir. Növbəti belə tədbir də Naxçıvan Muxtar Respublikasında keçirilir. Konfransın formatı elə seçilib ki, burada rəsmi şəxslərlə yanaşı, ziyalılar, icma rəhbəri, din xadimləri, dinşünas alimlər, bu sahənin mütəxəssisləri iştirak edirlər.
 “Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans çərçivəsində jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Sədr müavini qeyd edib ki, konfransın əsas məqsədi  Azərbaycanda Ulu Öndərin əsasını qoyduğu  və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dini siyasətin detalarının mahiyyətini yerlərdə insanlara daha dəqiq, daha aydın şəkildə çatdırmaqdır. Eyni zamanda dini radikalizmlə, dini ayrı-seçkiliklə mübarizədə  maarifləndirmə işini gücləndirməkdir. Bu cür tədbirlər effektlidir. İştirakçıların əhatə dairəsi genişləndikcə bu effekt daha da artır. Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu mövzuda Naxçıvan Muxtar Respublikasında keçirdiyi ilk tədbirdir. Eyni mahiyyətdə tədbir dekabr ayında Mingəçevir, Xaçmaz və Masallıda da keçiriləcək.  
“Belə konfranslar davamlı olaraq reallaşdırılacaq. Bu gün qlobal çağrışlar nöqteyi-nəzərdən regionda baş verən proseslər təlqin edir ki, biz dünyəvilik prinsipini daha çox təbliğ etməli, maarifləndirmə işini, dinin sağlam qaynaqlar əsasında yayılması istiqamətində fəaliyyəti gücləndirməliyik” , – deyə Gündüz İsmayılov əlavə edib.

Nəşr edilib : 30.11.2024 15:06