NAXÇIVAN :

05 Oktyabr 2026, Bazar ertəsi

Kəngərlidə şəhidlərə həsr olunmuş tədbir keçirilib

...

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov,  qazi kapitan Ülvi Abbaszadə, şəhid valideynləri çıxış edib. 
Çıxışlarda bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı 44 günlük Vətən müharibəsinin başlanğıcı olub.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək işğal altında olan ərazilərimizi azad edib və tarixi Zəfər qazanıb. Bu qələbənin əldə olunmasında Kəngərli rayonundan olan igid oğulların da böyük fədakarlıq və qəhrəmanlıq göstərdikləri vurğulanıb.
Çıxışlarda şəhidlərin Vətən uğrunda keçdiyi şərəfli döyüş yolundan, onların qəhrəmanlığından və şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs olunub.
Daha sonra I və II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinə həsr olunmuş videoçarx və Vətən müharibəsinin əsas məqamlarını, Azərbaycan Ordusunun şanlı yürüşünü və şəhidlərimizin qəhrəmanlıq yolunu əks etdirən sənədli xronika  nümayiş olunub.
Kəngərli rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən “Biz şəhidlərin bacısıyıq” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiya çərçivəsində Vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Bəxtiyar ƏLİYEV
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi

Nəşr edilib : 05.10.2026 17:49