NAXÇIVAN :

02 May 2026, Şənbə

Kembric, Bolonya, Leuven və Naxçıvan: universitetlərin şəhər inkişafında rolu

...

Müasir dünyada şəhərlərin rəqabət qabiliyyəti artıq yalnız onların coğrafi mövqeyi, zəngin təbii resursları və ya ənənəvi sənaye potensialı ilə müəyyən edilmir. Qloballaşma, texnoloji inkişaf və bilik iqtisadiyyatına keçid şəhərlərin inkişaf meyarlarını köklü şəkildə dəyişmişdir. Bu gün şəhərlər arasında rəqabət daha çox bilik istehsalı, innovasiya imkanları, yüksəkixtisaslı insan kapitalının cəlbedilməsi və saxlanılması, eləcə də yaradıcı mühitin formalaşdırılması üzərində qurulur. Məhz bu amillər şəhərlərin qlobal iqtisadi sistemdə tutduğu mövqeni və uzunmüddətli inkişaf perspektivlərini müəyyən edən əsas faktorlar kimi çıxış edir.

Universitetlər müasir şəhərlərdə artıq təkcə təhsil verən qurumlar kimi deyil, bilik istehsal edən, innovasiya yaradan və bu innovasiyaların real iqtisadi və sosial dəyərə çevrilməsini təmin edən kompleks mərkəzlər kimi fəaliyyət göstərirlər. Onlar elmi-tədqiqat layihələri, startap təşəbbüsləri, texnologiya transferi mexanizmləri və beynəlxalq əməkdaşlıqlar vasitəsilə şəhərlərin iqtisadi strukturunu şaxələndirir, yeni iş yerlərinin yaranmasına şərait yaradır və yerli iqtisadiyyata dinamika qazandırır. Eyni zamanda universitetlər şəhərlərin sosial və mədəni həyatına da əhəmiyyətli təsir göstərir, multikultural mühitin formalaşmasına, ictimai müzakirələrin və yaradıcı fəaliyyətlərin inkişafına zəmin yaradır.

Məhz bu səbəbdən dünyanın bir çox şəhərləri qlobal miqyasda məhz universitetləri ilə tanınır. Kembric, Bolonya, Leuven kimi şəhərlər universitetlərinin elmi nüfuzu, tarixi ənənələri və beynəlxalq təsiri sayəsində təkcə təhsil mərkəzləri deyil, eyni zamanda bilik, mədəniyyət və innovasiya şəhərləri kimi qəbul olunur. Bu şəhərlərin təcrübəsi göstərir ki, güclü universitet şəhərin brend dəyərini artırır, onu beynəlxalq tələbələr, tədqiqatçılar və investorlar üçün cəlbedici edir və nəticə etibarilə şəhərin qlobal rəqabət mühitində mövqeyini möhkəmləndirir.

Universitet-şəhər münasibətlərinin nəzəri çərçivəsi

Dünya təcrübəsi göstərir ki, universitetlərin şəhər inkişafına təsiri, əsasən, üç əsas istiqamətdə özünü büruzə verir. Birinci istiqamət iqtisadi təsirdir. Universitetlər innovasiya ekosisteminin əsas dayağı kimi çıxış edərək startapların yaranmasına, yeni biznes modellərinin formalaşmasına və yüksək əlavə dəyər yaradan sahələrin inkişafına təkan verir. Elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması, texnologiya transferi və universitet-biznes əməkdaşlığı şəhərlərdə məşğulluğun artmasına və iqtisadi strukturun şaxələndirilməsinə səbəb olur.

İkinci istiqamət sosial təsirlərlə bağlıdır. Universitetlərin mövcudluğu şəhərlərdə ümumi təhsil səviyyəsinin yüksəlməsinə, mədəni müxtəlifliyin artmasına və sosial mobilliyin güclənməsinə şərait yaradır. Müxtəlif ölkələrdən və sosial təbəqələrdən olan tələbələrin və akademik heyətin bir araya gəlməsi tolerantlıq və innovativ düşüncə tərzinin formalaşmasına xidmət edir. Bu proseslər şəhərin sosial kapitalını möhkəmləndirir və uzunmüddətli perspektivdə cəmiyyətin inkişafına müsbət təsir göstərir.

Üçüncü istiqamət isə məkan və şəhərsalma təsirləri ilə əlaqədardır. Universitetlərin yerləşdiyi şəhərlərdə nəqliyyat infrastrukturunun inkişafı, yaşayış məhəllələrinin yenilənməsi, ictimai məkanların yaradılması və şəhər planlaşdırmasının modernləşdirilməsi müşahidə olunur. Universitet kampusları çox vaxt şəhərin mədəni və sosial cazibə mərkəzinə çevrilir və ətraf ərazilərin inkişafını stimullaşdırır. Bu baxımdan, universitetlər şəhərsalma proseslərinin də mühüm iştirakçısına çevrilir.

Məhz bu üç istiqamətin fərqli kombinasiyası aşağıda bəhs edəcəyimiz Kembric, Bolonya və Leuven kimi şəhər modellərini unikal edir. Hər bir şəhər universitet-şəhər münasibətlərini öz tarixi, iqtisadi və mədəni xüsusiyyətlərinə uyğun şəkildə formalaşdırmış və bunun nəticəsində fərqli, lakin uğurlu inkişaf modelləri ortaya qoymuşdur. Bu nümunələr göstərir ki, universitetlərin şəhər inkişafındakı rolu universaldır, lakin onun həyata keçirilmə forması hər bir şəhərin spesifik şəraitinə uyğunlaşdırılmalıdır.

Kembric: bilik iqtisadiyyatı və texnoloji klaster modeli

Kembric şəhəri müasir dövrdə universitet əsaslı texnoloji inkişafın ən uğurlu və klassik nümunələrindən biri hesab olunur. Şəhərin qlobal miqyasda tanınması və nüfuz qazanması təsadüfi deyildir. Bu proses birbaşa olaraq universitetin yüksək səviyyəli elmi-tədqiqat potensialı, güclü akademik ənənələri və innovasiyanı təşviq edən institusional mədəniyyəti ilə bağlıdır. Universitetin əsrlərboyu formalaşmış elmi mühiti Kembrici yalnız təhsil mərkəzi deyil, eyni zamanda bilik istehsalı və tətbiqi baxımından aparıcı mərkəzlərdən birinə çevirib.

Kembric universiteti ətrafında formalaşan elmi parklar, tədqiqat institutları və innovasiya mərkəzləri şəhərin iqtisadi strukturunun əsasını təşkil edir. Xüsusilə informasiya texnologiyaları, biotexnologiya, süni intellekt və mühəndislik sahələrində fəaliyyət göstərən çoxsaylı startap və yüksək texnologiya şirkətləri burada cəmləşmişdir. Bu mühit nəticəsində Kembric regionunda “bilik iqtisadiyyatı”na əsaslanan və yüksək əlavə dəyər yaradan texnoloji klaster formalaşmışdır. Universitetlə biznes sektoru arasında qurulan sıx əməkdaşlıq elmi ideyaların laboratoriya mühitindən real bazar məhsullarına çevrilməsini sürətləndirmişdir.

Kembric modeli aydın şəkildə göstərir ki, müasir universitetlər yalnız bilik istehsalı ilə kifayətlənməməli, həmin biliklərin iqtisadi və sosial dəyərə çevrilməsi üçün institusional mexanizmlər də formalaşdırmalıdır. Bu məqsədlə universitet çərçivəsində texnologiya transfer ofisləri yaradılmış, spin-off və startap şirkətlərin qurulması üçün hüquqi və maliyyə dəstəyi mexanizmləri inkişaf etdirilmişdir.

Bolonya: tarixi universitet və mədəni şəhər modeli

Bolonya universitet şəhəri anlayışının ən qədim, eyni zamanda ən simvolik nümunələrindən biri hesab olunur. Bolonya nümunəsində universitetin şəhər həyatındakı rolu, ilk növbədə, iqtisadi deyil, mədəni və intellektual xarakter daşıyır. Avropanın ən qədim universitetlərindən birinə ev sahibliyi edən bu şəhərdə akademik ənənələr yüzilliklər ərzində şəhərin sosial quruluşunu, mədəni həyatını və ictimai düşüncə tərzini formalaşdırmışdır.

Bolonyanın tarixi memarlığı, orta əsrlərdən qorunub saxlanmış şəhər planı və akademik məkanları universitetlə şəhərin nə dərəcədə sıx inteqrasiya olunduğunu açıq şəkildə nümayiş etdirir. Universitet binaları şəhərin mərkəzində yerləşir və şəhər mühiti ilə təbii şəkildə vəhdət təşkil edir. Bu məkan inteqrasiyası universitet həyatını şəhər sakinlərinin gündəlik yaşamının ayrılmaz hissəsinə çevirir və akademik mühiti qapalı kampus modelindən çıxararaq ictimai həyata daxil edir. Nəticədə, Bolonya “yaşayan universitet şəhəri” obrazını qazanmışdır.

Bolonya nümunəsində universitet minilliklər boyu şəhərin sosial və mədəni həyatını formalaşdıran əsas aktorlardan biri olmuşdur. Müxtəlif ölkələrdən gələn tələbə və alimlər şəhərdə mədəni müxtəlifliyin yaranmasına və qorunmasına töhfə vermiş, müxtəlif intellektual cərəyanların və elmi məktəblərin inkişafına zəmin yaratmışdır. İncəsənət, ədəbiyyat, hüquq və fəlsəfə sahələrində formalaşan zəngin akademik mühit Bolonyanı Avropa intellektual tarixində xüsusi mövqeyə malik şəhərə çevirmişdir.

Leuven: tədqiqat, sənaye və regional inteqrasiya

Leuven şəhəri universitetin regional innovasiya sisteminin mərkəzinə çevrildiyi ən uğurlu Avropa modellərindən biri kimi qiymətləndirilir. Bu şəhərdə universitet yalnız bilik istehsal edən akademik institut kimi deyil, regionun sosial-iqtisadi inkişafına istiqamət verən strateji aktor kimi çıxış edir. Leuven modeli universitet-tədqiqat-sənaye əlaqələrinin sistemli və institutlaşdırılmış formada qurulması ilə seçilir və bu baxımdan Avropa miqyasında nümunəvi təcrübə hesab olunur.

Leuven şəhərində universitetin tədqiqat fəaliyyəti birbaşa olaraq sənaye və biznes strukturları ilə əlaqələndirilmişdir. Aparılan elmi araşdırmalar akademik nəticələrlə məhdudlaşmır, əksinə, onların real iqtisadi və texnoloji tətbiqləri ön plana çəkilir. Universitet daxilində yaradılmış texnologiya transfer ofisləri, innovasiya mərkəzləri və spin-off mexanizmləri elmi nəticələrin bazar məhsullarına və xidmətlərə çevrilməsini sistemli şəkildə təmin edir. Bu institutlaşma universitetin tədqiqat potensialını regionun inkişaf ehtiyacları ilə uzlaşdırmağa imkan verir.

Leuven modelinin mühüm xüsusiyyətlərindən biri universitet-sənaye əməkdaşlığının yalnız iri şirkətlərlə deyil, eyni zamanda kiçik və orta sahibkarlıq subyektləri ilə də qurulmasıdır. Yerli və regional şirkətlər universitetin elmi bilik və tədqiqat infrastrukturlarından faydalanaraq məhsullarını təkmilləşdirir, yeni texnologiyalar tətbiq edir və rəqabət qabiliyyətlərini artırırlar. Universitet isə bu əməkdaşlıq sayəsində real problemlərə əsaslanan tədqiqat mövzuları əldə edir və elmi fəaliyyətini cəmiyyətin ehtiyacları ilə daha sıx əlaqələndirir.

Bu qarşılıqlı əməkdaşlıq regionda yeni iş yerlərinin yaranmasına, yüksək ixtisaslı kadrların məşğulluğunun artmasına və innovasiya yönümlü iqtisadi mühitin formalaşmasına səbəb olmuşdur. Xüsusilə gənc mütəxəssislər və məzunlar üçün Leuven şəhəri cəlbedici yaşayış və işləmə məkanına çevrilmişdir. Universitetin güclü tədqiqat bazası və sənaye ilə əlaqələri gənclərin paytaxtlara və ya xarici ölkələrə miqrasiyasını azaldır, onların region daxilində karyera qurmasına şərait yaradır.

Leuven təcrübəsi, eyni zamanda göstərir ki, universitet-şəhər münasibətləri yalnız şəhər sərhədləri ilə məhdudlaşmır. Universitetin təsir dairəsi daha geniş regional miqyası əhatə edir və ətraf şəhər və bölgələrin inkişafına da təkan verir. Regional innovasiya şəbəkələrinin formalaşdırılması, birgə tədqiqat layihələri və bilik mübadiləsi Leuven universitetini bütöv region üçün strateji inkişaf mərkəzinə çevirir.

Naxçıvan və Naxçıvan Dövlət Universiteti: mövcud  potensial və çağırışlar

Naxçıvan şəhəri özünəməxsus inzibati statusu ilə Azərbaycan şəhərləri arasında xüsusi mövqe tutur. Bu status şəhərin inkişaf perspektivlərinə yalnız fiziki infrastrukturun genişləndirilməsi və iqtisadi aktivliyin artırılması prizmasından yanaşmağı kifayət qədər əsaslandırmır. Müasir şəhər inkişafı yanaşmalarına uyğun olaraq Naxçıvanın gələcək inkişaf modeli insan kapitalının keyfiyyətli formalaşdırılması, bilik istehsalının təşviqi və sosial potensialın sistemli şəkildə gücləndirilməsi üzərində qurulmalıdır. Məhz bu amillər şəhərin uzunmüddətli və dayanıqlı inkişafını təmin edən əsas strateji resurslar kimi çıxış edir. Bu baxımdan, ali təhsil və elmi-tədqiqat infrastrukturu Naxçıvanın inkişaf strategiyasında mərkəzi yer tutmalı, şəhərin regional bilik və innovasiya mərkəzinə çevrilməsinin əsas dayaq nöqtəsi kimi dəyərləndirilməlidir.

Bu baxımdan, Naxçıvan Dövlət Universiteti regionun ən mühüm intellektual və sosial institutudur. Universitet Naxçıvanın təhsil sisteminin mərkəzində dayanmaqla yanaşı, şəhərin elmi, mədəni və ictimai həyatında da aparıcı rol oynayır. Universitetin fəaliyyəti nəticəsində yetişən mütəxəssislər dövlət idarəçiliyi, təhsil, səhiyyə, iqtisadiyyat və sosial xidmət sahələrində ölkəmizin inkişaf proseslərinə birbaşa töhfə verirlər.

Universitetin şəhər həyatındakı rolu təkcə kadr hazırlığı ilə məhdudlaşmır. Naxçıvan Dövlət Universiteti mədəni tədbirlərin təşkili, elmi konfranslar və sosial layihələr vasitəsilə şəhərin intellektual mühitini zənginləşdirir. Universitetin tələbə və akademik heyəti şəhərin sosial dinamizminə canlılıq gətirir, gənclərin ictimai fəallığını artırır və mədəni müxtəlifliyin qorunmasına şərait yaradır. Bu xüsusiyyətlər Naxçıvanın yalnız inzibati mərkəz deyil, eyni zamanda bilik və mədəniyyət məkanı kimi formalaşmasına imkan yaradır.

Bununla yanaşı, universitetin mövcud potensialı şəhərin inkişafında daha geniş miqyasda istifadə oluna bilər. Universitetin beynəlxalq əlaqələri və tərəfdaşlıqları Naxçıvanın qlobal akademik şəbəkələrə inteqrasiyası üçün mühüm imkanlar yaradır. Birgə təhsil proqramları, mübadilə layihələri və beynəlxalq tədqiqat təşəbbüsləri şəhərin tanınmasına, intellektual mühitin beynəlxalqlaşmasına və yeni ideyaların regiona cəlb edilməsinə xidmət edə bilər. Eyni zamanda tətbiqi tədqiqatların inkişafı universitetin yerli iqtisadiyyat və sosial sahələrlə əlaqələrini gücləndirərək elmi nəticələrin real faydaya çevrilməsinə şərait yarada bilər.

Lakin bu potensialın reallaşdırılması bir sıra çağırışlarla üzləşir. Naxçıvanın coğrafi izolyasiyası, məhdud yerli bazar və investisiya imkanları universitet əsaslı inkişaf modelinin tətbiqini daha kompleks edir. Universitetin elmi-tədqiqat fəaliyyətinin şəhərin iqtisadi və sosial ehtiyacları ilə tam uzlaşdırılması üçün institusional mexanizmlərin gücləndirilməsinə ehtiyac vardır. Texnologiya transferi, universitet-biznes əməkdaşlığı və tətbiqi tədqiqatların stimullaşdırılması istiqamətində daha sistemli yanaşmalar tələb olunur.

Əsas məsələ Naxçıvan Dövlət Universitetinin potensialının şəhərin ümumi inkişaf strategiyası ilə əlaqələndirilməsidir. Universitet şəhər üçün yalnız təhsil verən qurum deyil, strateji tərəfdaş kimi qəbul edilməlidir. Şəhərsalma, sosial inkişaf, mədəniyyət və iqtisadiyyat sahələrində qəbul edilən qərarlarda universitetin elmi ekspertizası və insan kapitalı nəzərə alındıqda daha dayanıqlı və balanslı inkişaf modeli formalaşa bilər. Bu yanaşma Naxçıvanı tədricən “universitet şəhəri” konsepsiyasına yaxınlaşdırar və onun regional miqyasda bilik əsaslı inkişaf mərkəzinə çevrilməsi üçün möhkəm zəmin yaradar.

Universitetlərlə tanınan şəhərlər təsadüfi şəkildə formalaşmır. Dünya təcrübəsi göstərir ki, universitetlərin şəhər inkişafındakı rolu yalnız təhsil sahəsi ilə məhdudlaşmır, əksinə, iqtisadi strukturun yenilənməsində, mədəni mühitin formalaşmasında və şəhərin qlobal miqyasda tanınmasında həlledici amilə çevrilir. Yuxarıda sadaladığımız Kembric, Bolonya və Leuven nümunələri də sübut edir ki, universitetlər şəhərlərin inkişaf trayektoriyasını dəyişə, onları bilik və innovasiya mərkəzinə çevirə və beynəlxalq arenada fərqləndirə bilər.

Bu nümunələrin hər biri fərqli tarixi, iqtisadi və sosial kontekstdə formalaşsa da, onları birləşdirən əsas cəhət universitetlə şəhər arasında qurulan sistemli və davamlı tərəfdaşlıqdır. Universitetlər bu şəhərlərdə ya texnoloji inkişafın lokomotivi, ya mədəni və elmi düşüncənin əsas dayaq nöqtəsi, ya da regional innovasiya sisteminin mərkəzi kimi çıxış edir. Bu yanaşmaların hər biri göstərir ki, universitetlər düzgün strategiya çərçivəsində şəhərin uzunmüddətli inkişafında aparıcı rol oynaya bilər.

Naxçıvan üçün də bu baxımdan mühüm imkanlar mövcuddur. Şəhərin inzibati statusu, tarixi-mədəni irsi və regional mərkəz funksiyası universitet əsaslı inkişaf modeli üçün əlverişli zəmin yaradır. Naxçıvan Dövlət Universitetinin mövcud akademik potensialının, insan kapitalının və beynəlxalq əlaqələrinin şəhərin ümumi inkişaf strategiyasına sistemli şəkildə inteqrasiya olunması Naxçıvanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoya bilər. Bu inteqrasiya universitetin yalnız kadr hazırlayan qurum deyil, eyni zamanda şəhərin mədəni, sosial və iqtisadi təşəbbüslərində fəal iştirak edən strateji tərəfdaş kimi çıxış etməsini nəzərdə tutur.

Bununla belə bu prosesin uğuru mərhələlilik, realist yanaşma və yerli xüsusiyyətlərin nəzərə alınması ilə birbaşa bağlıdır. Dünya modellərinin mexaniki şəkildə tətbiqi deyil, onların Naxçıvanın real imkanlarına uyğunlaşdırılmış elementlərindən istifadə daha məqsədəuyğundur. Universitet–şəhər əməkdaşlığının tədricən gücləndirilməsi, tətbiqi tədqiqatların təşviqi, mədəni və sosial layihələrin genişləndirilməsi Naxçıvanın bilik əsaslı inkişaf modelinə keçidini sürətləndirə bilər.

Nəticə etibarilə, Naxçıvan Dövlət Universitetinin potensialının şəhərin inkişaf siyasətinin ayrılmaz hissəsinə çevrilməsi Naxçıvanı təkcə regional idarəetmə mərkəzi deyil, eyni zamanda bilik, mədəniyyət və innovasiya yönümlü şəhər kimi formalaşdıra bilər. Bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atıldığı təqdirdə Naxçıvan gələcəkdə universiteti ilə tanınan şəhərlər sırasında layiqli yer tuta və regional miqyasda nümunəvi inkişaf modeli təqdim edə bilər.

Əziz QASIMOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

Naxçıvan Dövlət Universitetinin müəllimi

Nəşr edilib : 23.01.2026 15:29