Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 i...
00:11 31.01.2025
0
0
0
NAXÇIVAN :
31 Yanvar 2025, Cümə
Türkiyənin Azərbaycanla həmsərhəd İqdır vilayətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş “İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimatı olub.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə İqdırda fəaliyyət göstərən “Azərbaycan Evi”nin rəhbəri Serdar Ünsal, bu vilayətdəki Azərbaycan Dili, Tarixi və Mədəniyyətinə Dəstək və İnkişaf Cəmiyyətinin sədri Ziya Zakir Acar, İqdır Universitetinin prorektoru Receb Gülşen, vilayətin Səhiyyə idarəsinin başçısı Reşat Eyikudoğramaçı, sabiq bələdiyyə sədri Ali Ağrı, siyasi partiyalar, ictimai birliklərin nümayəndələri, sahibkarlar, jurnalistlər, kitabsevənlər iştirak ediblər.
Kitabın müəllifi Aysel Sadak İltaş çıxışında bildirib ki, Heydər Əliyevi şəxsən tanımaq şərəfinə nail olanların xatirələri əsasında dahi dövlət xadimi barədə kitab yazmaq qərarına gəlib. O vurğulayıb: “Kitabımda dahi siyasətçini şəxsən tanıyan tanışları, dostlarının xatirələri prizmasından Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü təqdim etməyə çalışmışam. Yüzlərlə görüş keçirmişəm. Heydər Əliyev hər bir insanın qəlbinə nüfuz etməyi, onları qiymətləndirməyi bacaran dahi şəxsiyyət, dövlət xadimi olub”.
Müəllif Heydər Əliyev haqqında kitabın nəsrinə göstərdiyi dəstəyə və ümumilikdə, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına verdiyi dəstəyə görə Türkiyə Böyük Millət Məclisinin İqdırdan olan deputatı Cantürk Alagözə minnətdarlığını bildirib.
“Azərbaycan Evi”nin rəhbəri S.Ünsal Azərbaycan dövlətçiliyinin memarı ilə görüşlə bağlı xatirələrini bölüşüb. “Heydər Əliyevlə görüşüm Naxçıvan üçün çətin bir dövrdə, jurnalist işlədiyim vaxta təsadüf etdi. Türkiyə mətbuatında dərc olunan silsilə müsahibələrlə yanaşı, ondan müsahibə almaq mənə də qismət oldu. Heydər Əliyev Türk dünyasının ən görkəmli liderlərindən biri, uzaqgörən, siyasətdən mükəmməl anlayışı olan bir insan idi. O, Türkiyə ilə Azərbaycanın qardaşlığını yüksək qiymətləndirirdi, doğma yurdunu regionun parlaq ulduzuna çevirdi”, - deyən natiq Azərbaycan dövlətçiliyinin xilaskarının məşhur “bir millət, iki dövlət” kəlamını xatırladıb.
İqdır bələdiyyəsinin sabiq sədri A.Ağrının sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri haqqında bütün fikirləri çatdırmaq üçün saatlarla danışmaq lazımdır. O vurğulayıb: “Biz yaxından tanış idik. Heydər Əliyev məni ziyarət etdi. Onun yeganə məqsədi doğma Azərbaycanı güclü dövlətə çevirmək idi. Ankara ilə Bakı arasında əməkdaşlığın bu gün çatdığı səviyyə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu kursun nəticəsidir”.
İqdırda Azərbaycan Dili, Tarixi və Mədəniyyətinə Dəstək və İnkişaf Cəmiyyətinin rəhbəri Ziya Zakir Acar da Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, Ümummilli Liderlə “Ümid” körpüsünün açılış mərasimində görüşdüyünü qeyd edib: “İqdır valiliyi tərəfindən hazırlanmış dərman yükünü Naxçıvana aparırdıq. Həmin gün Heydər Əliyevlə ilk söhbətimiz oldu. O, ölkə üçün ağır bir dövrdə yenidən hakimiyyət sükanının arxasına keçdi və Azərbaycanın güclü dövlətə çevrilməsini təmin etdi”. Acar Heydər Əliyevi “bütün həyatını doğma Azərbaycana həsr etmiş lider” adlandırdı.
“Yeşil Iğdır” qəzetinin baş redaktoru Cabbar Sıktaş, öz növbəsində, Heydər Əliyevlə bir neçə dəfə görüşdüyünü qeyd edib. O əlavə edib: “Heydər Əliyev çox güclü lider idi. Onun Ermənistanın təcavüzü ilə bağlı bəyanatlarını Türkiyə ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni etdik. Ümummilli Lider ölkəsi üçün hər şeyi etdi”.
Digər xəbərlər