"Euronews": Türkdilli ölkələr saxta xəbərlərlə müb...
22:40 07.12.2025
0
0
0
NAXÇIVAN :
07 Dekabr 2025, Bazar
Bakıda Azərbaycan və İordaniya arasında keçirilmiş Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası İordaniya mediasının diqqət mərkəzində olub.
"Şərq qapısı" xəbər verir ki, İordaniyanın “Petra” dövlət informasiya agentliyi, ən çox oxunan “əl-Rəy”, “əl-Ənbat”, “The Jordan Times” və “Jordan News” qəzetləri, ölkənin aparıcı “əl-Məmləkə” və “Roya News” televiziya kanalları, o cümlədən böyük oxucu auditoriyasına malik “Ammon News”, “Saraya News” və “JordanZad” informasiya agentliklərinin internet səhifələrində Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyanın 4-cü iclası barədə çoxsaylı məqalələr dərc edilib.
Məqalələrdə Komissiyanın iclası çərçivəsində ticarət həcminin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye, enerji, turizm, logistika və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsi kimi məsələlərin əsas müzakirə mövzuları olduğu vurğulanıb. Həmçinin tərəflərin elm, təhsil, mədəniyyət, səhiyyə və media sahələrini əhatə edən 2025-2027-ci illər üzrə İcraedici Proqramı daxil olmaqla bir sıra saziş və anlaşma memorandumlarını imzaladığı qeyd olunub.
İordaniya mediası nazirlər Sahil Babayev və Yarub Qudahın çıxışlarına xüsusi diqqət ayıraraq, tərəflərin siyasi iradəsinin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini qeyd edib. Materiallarda görüşlərin Azərbaycanın regionda artan iqtisadi rolunu, Cənubi Qafqazda yaranan yeni nəqliyyat imkanlarını və İordaniyanın bu proseslərdə fəal iştirak etmək niyyətini bir daha təsdiqlədiyi vurğulanıb.
Bundan əlavə, məqalələrdə iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, birgə layihələrin artırılması və sərmayədarların maraqlarının dəstəklənməsi ilə bağlı razılaşdırılmış mexanizmlərin qarşıdakı dövrdə real nəticələr verəcəyinə dair gözləntilər ifadə olunub. İordaniya mətbuatı bu iclası ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.
Krallığın aparıcı KİV-ləri Hökumətlərarası Komissiyanın işi çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlərə də xüsusi yer ayırıb. Xəbərlərdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah ilə görüşü geniş işıqlandırılıb. Bildirilib ki, görüş zamanı tərəflər iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması, regional nəqliyyat və logistika imkanlarından birgə faydalanma, o cümlədən rəqəmsal iqtisadiyyat, enerji və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Digər xəbərlər