NAXÇIVAN :

26 Sentyabr 2026, Şənbə

İnsan kapitalının inkişafının Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətin təmin edilməsində rolu - panel sessiya

...

Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya təşkil edilib.
"Şərq qapısı" xəbər verir ki, forumun strateji tərəfdaşı olan “TEHA Group”un Beynəlxalq əlaqələr üzrə koordinatoru Filippo Malinvernonun moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev insan kapitalının inkişafı, əmək bazarının gələcək bacarıqlara uyğunlaşdırılması və müasir iqtisadiyyatın tələblərinə cavab verən kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Paneldə Azərbaycanın Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, “PAŞA Holding” şirkətinin baş icraçı direktoru Cəlal Qasımov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, “SABAH.HUB”ın baş icraçı direktoru Rəhim Bayramlı və “Şişecam” şirkətinin baş icraçı direktoru Can Yücel iştirak ediblər.
İnsan kapitalının inkişafının Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətinin və iqtisadi şaxələndirməsinin təmin edilməsində rolu, gələcəyin bacarıqları, rəqəmsal imkanlar və müasir liderlik yanaşmaları müzakirə edilib. Həmçinin, universitetlər, biznes və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, istedadların cəlb edilməsi və inkişaf etdirilməsi, məşğulluq imkanlarının artırılması, innovasiya və sahibkarlığın dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı,– “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.

Nəşr edilib : 26.09.2026 14:37